Milli Məclisə vəkillərin hüquqi müdafiəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi tövsiyə olunub.
NTV xəbər verir ki, bu barədə Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun iclasında qərar qəbul olunub.
Belə ki, Şəki Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Konstitusiyasının 61 və 71-ci maddələri, habelə hüquqi müəyyənlik prinsipi baxımından Cinayət Məcəlləsinin 288.2-ci maddəsində nəzərdə tutulan "müdafiəçi" ifadəsinin mülki mühakimə icraatında iştirak edən vəkili də əhatə edib-etməməsi məsələsinə münasibətdə şərh olunmasına dair konstitusiya işinə baxılıb.
Məhkəmənin qərarına əsasən, "müdafiəçi" ifadəsi Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada cinayət mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini həyata keçirən, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərən vəkili ehtiva edir.
Hüquqi yardım göstərən digər vəkillərin, o cümlədən mülki mühakimə icraatında iştirak edən vəkilin peşə fəaliyyəti ilə əlaqədar hədə-qorxu və hüquqazidd təsirlərdən cinayət-hüquqi müdafiəsinə dair xüsusi təminatların müəyyən edilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilib.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
