İraqın Baş nazirinin təhlükəsizlik məsələləri üzrə müşaviri çərşənbə günü elan edib ki, ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyası başa çatıb və bu, koalisiya üzvü olan dövlətlərlə ikitərəfli münasibətlərə keçidi ifadə edir.
NTV xəbər verir ki, İraqın rəsmi xəbər agentliyi INA tərəfindən yayılan açıqlamada Qasım əl-Araji bu addımı mühüm mərhələ adlandırıb və onun 2021-ci ilin iyulunda başlayan danışıqlar zamanı əldə olunan razılaşmaların nəticəsi olduğunu bildirib.
ABŞ qüvvələri bu ayın sonuna qədər İraqdakı qalan mövqelərindən çıxarılma prosesini tamamlayıb.
O qeyd edib ki, yeni mərhələ İraqın suverenliyinin möhkəmləndirilməsinə yönəlmiş həmin ölkələrlə ikitərəfli münasibətləri əhatə edəcək.
Baş naziri müşaviri İŞİD terror qruplaşması üzərində qazanılan qələbəni iraqlıların fədakarlığı və silahlı qüvvələrin müxtəlif bölmə və birləşmələrinin şücaəti, həmçinin beynəlxalq koalisiyanın, qardaş və dost ölkələrin dəstəyi ilə əlaqələndirib. O vurğulayıb ki, koalisiyanın missiyasının başa çatması tərəfdaşlığın sonu demək deyil, əksinə, üzv dövlətlərlə ikitərəfli münasibətlərə keçid anlamına gəlir.
Onun sözlərinə görə, təhlükəsizlik və kəşfiyyat sahəsində əməkdaşlıq, eləcə də məlumat və təcrübə mübadiləsi istiqamətində səylər qarşılıqlı hörmət və ortaq maraqlar əsasında davam etdiriləcək.
Bağdad və Vaşinqton 2024-cü ilin sentyabrında koalisiyanın İraqdakı hərbi missiyasına 2026-cı ilin sentyabr ayının sonuna qədər uzanan bir qrafik çərçivəsində son qoyulması və İraqla üzv dövlətlər arasında ikitərəfli təhlükəsizlik münasibətlərinə keçid edilməsi barədə razılığa gəliblər.
Koalisiya 2014-cü ildə İŞİD-in İraq və Suriyanın geniş ərazilərini ələ keçirməsindən sonra ABŞ-nin rəhbərliyi altında yaradılıb. İraq 2017-ci ilin dekabrında İŞİD tərəfindən ələ keçirilmiş ərazilər üzərində tam nəzarəti bərpa etdiyini elan edib.
