Müasirləşən ucqar dağ məktəbi - Nüsnüs kənd tam orta məktəbi

Müasirləşən ucqar dağ məktəbi - Nüsnüs kənd tam orta məktəbi

Hər bir dövlətin bütün istiqamətlərdə yüksək səviyyədə inkişafı onun təhsilinin inkişafından birbaşa asılıdır. Təhsilin inkişafı isə yaradılan tədris şəraitindən, qəbul edilən qərarlardan və həyata keçirilən təhsil islahatları ilə bağlıdır. Muxtar respublikada təhsil quruculuğu sahəsində işlər uğurla aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə  muxtar respublikanın şəhər və rayon məktəbləri ilə yanaşı, ən ucqar sərhəd kəndlərində belə müasir tipli məktəb binaları inşa edilir, əsaslı təmir olunur və ya yenidən qurularaq şagirdlərin istifadəsinə verilir. Bu isə muxtar respublikada təhsilin keyfiyyətinin yüksəlməsinə, müəllimlərin səmərəli fəaliyyətinə geniş imkanlar açır.

Ordubad rayonunda da təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması diqqətdə saxlanılır. Belə məktəblərdən biri də Nüsnüs kənd tam orta məktəbidir.

Nüsnüs kənd tam orta məktəbi Naxçıvan şəhərindən 87 km uzaqlıqda, dağ ətəyində yerləşir. 1980-ci ildə istifadəyə verilən məktəb binası digər məktəblərlə müqayisədə köhnə, şagirdlərin təhsil almaları üçün əlverişsiz şəraitdə idi. Köhnə tikilidə xidməti otaqlar nəzərdə tutulmamış, laboratoriyalar, idman zalı istifadəyə yararsız halda idi. Məktəb qış fəslində maye yanacaqla qızdırıldığından tədris prosesi çətin olurdu.

Müasirləşən məktəblər sırasında yer alan 414 yerlik yeni məktəb binasında 271 şagirdin təlim-tərbiyəsi ilə 39 müəllim məşğul olur. Üç mərtəbəli, müasir standartlara cavab verən binada 26 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, iki şahmat sinfi, iki kompüter, müəllim və psixoloq otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı, bufet vardır. Təhsil ocağında quraşdırılan 41 kompüter və 4 elektron lövhə fasiləsiz internetlə təmin olunub. Məktəbdə şagirdlərin təhsilləri ilə yanaşı onların fiziki hazırlığı da diqqətdə saxlanıb, idman zalında voleybol, basketbol, tennis, güləş və idmanın digər növləri üçün hər cür şərait yaradılıb, həyətdə açıq idman qurğuları quraşdırılıbdır.

Məktəbin  məzunları hər il ali məktəblərə qəbul imtahanlarında iştirak edərək uğur qazanırlar. Son 5 ildə məktəbi 49 şagird bitirib, onlardan 24-ü ali məktəblərə, 7-si isə orta ixtisas təhsili müəssisələrinə qəbul olublar. Məzunlardan 8-i 500-700 arası bal toplayıb, 1-i Qızıl nişana, eyni zamanda Prezident təqaüdünə layiq görülübdür. Təkcə ötən tədris ilində şagirdlərdən 1-i Respublika fənn olimpiadalarının, 2-si isə muxtar respublika fənn olimpiadalarının qalibi olubdur.

Bilirik ki, son zamanların ən üstün təlim metodu olan STEAM təlim metodunun artıq muxtar respublikada da tətbiqinə başlanılıb. Ordubadda fəaliyyət göstərən təhsil müəssisələri arasında ilk olaraq Nüsnüs kənd tam orta məktəbində STEAM kabinəsi yaradılıb ki, hazırda da  həmin məktəbdə STEAM təlim metodu şagirdlərə tədris olunur. Yeni yaradılan STEAM kabinəsi bütün lazımi avadanlıqlarla tam təchiz olunaraq şagird və müəllimlərin istifadəsinə verilibdir.

Hazırda isə Ordubad şəhər 1 nömrəli, Pəzməri, Dırnıs, Vələver kənd tam orta məktəbləri və Ordubad rayon məktəbdənkənar tərbiyə müəssisələrinin yenidənqurulması, həmçinin rayon məktəbdənkənar tərbiyə müəssisələrində yeni innovativ dərnəklərin yaradılması istiqamətində işlər davam edir.

Bütün bu nailiyyətlər heç də asanlıqla əldə olunmur. Bu gün muxtar respublikada təhsillə bağlı imzalanan sərəncamlar, qəbul edilən dövlət proqramları, həyata keçirilən uğurlu layihələr bu sahədə əldə olunan uğurların çoxalmasına səbəb olur.

Beləcə muxtar respublikamızda yeniləşən, müasirləşən 200-dən çox məktəblər sırasında Nüsnüs kənd tam orta məktəbi də öz yerini tutub. Yeni məktəb binası pedaqoji kollektivə həm böyük motivasiya verir, həm də məsuliyyətini artırır. Artıq şagirdlər ən müasir təhsil şəraitinə malik məktəbdə elmin sirlərinə yiyələnirlər. Yaradılan şərait şagirdlərin daha yaxşı təhsil almaları ilə yanaşı, həm də müəllimləri səylə çalışmağa ruhlandırır. Məktəbin yeni binası isə öz memarlıq üslubu və müasir tədris imkanları ilə yenilənən Naxçıvanda, yenilənən məktəblər sırasında tarixə yazıldı.

Bu gün məktəb xalqın dövlətin gələcəyi üçün böyük məsuliyyət daşıyan bir ümmandır. Çünki burada sabahımıza etibar olunacaq nəsil yetişdirilir. Ona görə də məktəbə qayğı, elə xalqın və dövlətin gələcəyinə qayğıdır.

Ülviyyə Hacıyeva

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM