Naxçıvan idmançıları ötən ay beynəlxalq yarışlarda 8 qızıl, 12 gümüş və 8 bürünc qazanıblar

Naxçıvan idmançıları ötən ay beynəlxalq yarışlarda 8 qızıl, 12 gümüş və 8 bürünc qazanıblar

Ölkəmizdə gənc nəslin hərtərəfli inkişafı, sağlamlığı, azərbaycançılıq ideologiyası ilə böyüməsi dövlətimizin strateji istiqamətlərindən biri kimi bu gün də öz aktuallığnı qorumaqdadır. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurla həyata keçirilən gənclər və idman siyasəti nəticəsində ölkə gəncliyi daim inkişaf edir, gənclərimiz elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə böyük uğurlar əldə edirlər. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan muxtar Respublikasında da dövlətin dəstəyi ilə gənclər və idman sahəsində mühüm işlər görülür, dövlət siyasətindən irəli gələn məsələlərlə bağlı ardıcıl tədbirlər həyata keçirilir.

Oktyabr ayında Naxçıvanın gənclik mühiti və idman həyatında maraqlı hadisələr yaşanılıb, gənclərimizin timsalında yeni nailiyyətlər əldə olunub. Öncə qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən hesabat ayında 36 müxtəlif konseptli tədbir keçirilib və bu tədbirlərdə 1400-dən çox iştirakçı sayı qeydə alınıb. İdmançılarımız tərəfindən beynəlxalq yarışlarda 8 qızıl, 12 gümüş və 8 bürünc, ölkə birinciliklərində 2 gümüş medal olmaqla, ümumilikdə 30 medal qazanılıb.

Uğur qazanmış, perspektiv vəd edən idmançılar, məşqçi işinin qiymətləndirilməsi məsələsi diqqətdən kənarda qalmır. Ənənəyə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov bu ilin sentyabr ayında ölkə və beynəlxalq miqyaslı idman yarışlarda uğurlu nəticələrə nail olmuş idmaçılarla görüşüb, onları təltif edib. Bundan başqa, nazir müavini Naxçıvan şəhərində Aytən Budaqovanın məşqçisi olduğu bədii gimnastika bölməsində məşq prosesini izləyib, gimnastlarla görüşərək gələcək planlarla bağlı fikirlərini diqqətə çatdırıb. Naxçıvan şəhərində Müstəqilliyin Bərpası Günü münasibətilə U-15 və U18 yeniyetmələr arasında cüdo, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında stolüstü tennis, COP29 və "Yaşıl Dünya naminə həmrəylik ili" ilə əlaqədar olaraq isə qız tələbələr arasında badminton üzrə muxtar respublika birincilikləri keçirilib. Azərbaycan Cüdo Federasiyasını təmsil edən heyətin iştirakı ilə 70-ə yaxın cüdoçu rəsmi kəmər imtahanı verib. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə idman tədbirləri çərçivəsində şahmat, boks və futzal yarışları keçirilib. Dövlət qurumlarının əməkdaşları arasında maraqlı idman mübarizəsinin yaşanıldığı və böyük azarkeş dəstəyi ilə müşahidə olunan futzal üzrə muxtar respublika turnirində pley-off, o cümlədən final və üçüncülük görüşləri reallaşıb. Gənclər və İdman Nazirliyinin əməkdaşları ilə təhsil işçiləri arasında şahmat birinciliyi təşkil olunub. Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının məşqçisi, Beynəlxalq Gimnastika Federasiyasının bu növ üzrə atletlərin nümayəndəsi Siyana Vasileva tərəfindən keçilən seminarda Naxçıvandan bədii gimnastika məşqçisi Humay Qafarova da iştirak edib.

İdmançılarımız ötən ay Bəhreynin paytaxtı Manama, Monteneqronun paytaxtı Podqoritsa, Türkiyənin İstanbul, İğdır şəhərlərində, paytaxt Bakı və regionlarda keçirilən beynəlxalq idman tədbirlərində iştirak edib, bir sıra uğurlara imza atıblar. Ən yaxşı nəticələrə nail olan idmançıların siyahısı isə belədir:

Aydan Hüseynli - Bədii gimnastika üzrə 3-cü beynəlxalq “Ocaq kuboku”nda halqa ilə çıxışda I yer (Naxçıvan idmanında bədii gimnastika üzrə ilk beynəlxalq turnir qalibiyyəti).

Haqverdi Həsənov - Məktəblilərin beynəlxalq Gimnaziadasının boks yarışlarda 63 kq çəki dərəcəsində I yer.

Ləman Bağırova, Məhəmməd Məmmədov, Yusif Əsədli, Davud Məmmədzadə, İsmayıl Şükürlü, Sadiq Rzayev - Türkiyənin İğdır şəhərində “İnkişaf düşərgəsi və dostluq yarışması” layihəsi çərçivəsində cüdo üzrə beynəlxalq yoldaşlıq görüşündə I yer.

Bununla yanaşı, Türkiyənin İstanbul şəhərində keçirilən kikboks üzrə döyüş gecəsində Nəsimi Hüseynov və Polad İsmayılov K1 versiyası üzrə qalib olublar. Naxçıvan boks məktəbinin yetirməsi Sərxan Əliyev isə Bakıda ilk dəfə keçirilən “İBA Çempionlar Gecə”sində qaliblər sırasında olub. Şərur Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Həsən Əliyev 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə cəlb olunaraq Podqoritsadakı təlim-məşq toplanışında iştirak edib. Bakıda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş karate turnirində “Naxçıvan” komandası 9-u qızıl, 6-sı gümüş, 9-u bürünc olmaqla ümumilikdə 24 medal sayı ilə ümumi sıralamada üçüncü yerin sahibi olub. Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Araz-Naxçıvan" müvafiq turlarda "Sabah" və “Zirə” ilə 1:1 hesablı bərabərliyə nail olub, “Neftçi” və “Şamaxını”isə 1:0 hesablı nəticələrlə məğlub edib.

Gənclərlə iş sahəsində yaşanılan hadisələrə gəlincə, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov bir qrup gənclə birlikdə şəhid Emin Sadiqovun anası – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülşad Rüstəmova ilə görüşüb, öz səmimi təbriklərini ifadə ediblər. Nazir müavini həmçinin Qərbi Azərbaycandan olan gənclərin Naxçıvan forumu çərçivəsində həmin gənclərlə görüşərək, onlarla öz fikirlərini bölüşüb. "Qərbi Azərbaycana dönüş prosesində gənclərin fəallığının artırılması" qrant layihəsi çərçivəsində "Nə? Harada? Nə zaman?" İntellektual Oyunu təşkil olunub. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Vətən naminə” hərbi-idman oyunu, Müstəqilliyin Bərpası Günü münasibətilə gənclər üçün muzey ekskursiyası da gənclərin vətəpərvərlik ruhunun yüksəldilməsi məqsədinə xidmət edib. COP29 və "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar tədbirlər davam etdirilib. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında könüllü gənclər və məktəblilər üçün müxtəlif təlimlər, intellektual yarışlar, əyləncəli idman oyunları, hiking yürüşü və təmizlik aksiyasının təşkil olunduğu ekodüşərgə, Naxçıvan Biznes Mərkəzində isə “Ekoloji tarazlığın qorunmasında gənclərin rolu” adlı infosessiya keçirilib. Naxçıvan şəhərində reallaşan "Greenfest" festivalı çərçivəsində təşkilatçı qurumlardan biri kimi Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları və könüllü gənclərimiz tərəfində müxtəlif fəaliyyətlər icra olunub. Belə ki, panel müzakirələr sırasında “Daha güclü milli iqlim öhdəlikləri üçün: Gənclərin rolu” mövzusu da müzakirəyə çıxarılıb, festivalın qonaqları, xüsusən də uşaq və gənclər üçün əyləncəli idman oyunları, intellektual yarışmalar təşkil edilib, könüllü gənclərimiz tərəfindən fləşmob nümayiş olunub. Bundan başqa, tələbə gənclərimizin festivala təqdim etdiyi ekoloji startap layihələri maraqla qarşılanıb, uğurlu layihələrin müəllifləri mükafatlandırılıb. “Yaşıl Azərbaycan gənclərin gözü ilə” suni intellekt həlləri ilə onlayn dizayn müsabiqəsində ilk mərhələ tamamlanıb, “Mütaliədən qalma!” adlı onlayn kitab müsabiqəsinə start verilib, muxtar respublikanın 100 illik yubileyi münasibətilə yeniyetmələrin “Muxtariyyət kuboku” uğrunda “Xəmsə” Milli İntellektual Oyunu üzrə muxtar respublika birinciliyi olub. Babək rayonunda isə yeniyetmələrin və onların valideynlərinin iştirakı ilə ailə dəyərləri, erkən nikahın fəsadları, evlilik öncəsi zəruri tibbi prosedurlar və sağlamlıq məsələlərinin müzakirə olunduğu “Sağlam ailə, sağlam gələcək” adlı seminar keçirilib. Gənclərin şəxsi inkişafına xidmət edən addımlar davam etdirilib və könüllümüz Rüstəm Hüseynovun ölkə nümayəndə heyətinin tərkibində Azərbaycan və Türkiyə Gənclər və İdman Nazirlikləri arasında həyata keçirilən “Gənclər mübadiləsi” proqramında iştirakı təmin olunub.

Naxçıvan Muxtar Respublikası

Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Xəbər lenti
Vəfa simvolu - FOTOLAR

11:54 13.12.2024

Paşinyan Moskvaya gedib

10:06 13.12.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM