2 Fevral - Azərbaycan Gəncləri Günüdür

2 Fevral - Azərbaycan Gəncləri Günüdür

Gənclərimiz Ulu Öndər Heydər Əliyev tərəfindən bu günün təsis edilməsini böyük qürur hissi və ruh yüksəkliyi ilə qeyd edirlər.

Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. O zamandan bəri həmin gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda yüksək səviyyədə qeyd edilməyə başlanılıb. Azərbaycan gənclərə verilən dəstəyə görə bir çox ölkələrdən irəlidə gedir. Gənclərin işləri üzrə nazirlərin 1998-ci il avqustun 8-12-də keçirilən ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib. Ulu Öndər Heydər Əliyevin 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” fərmanla Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, həmçinin Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılmışdır. Eləcə də 2002 – ci ilin aprelin 9-da Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ilə gənclərin hərtərəfli inkişafı, cəmiyyətdə onların fəal iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılmışdır. Bu qanun Azərbaycan Respublikasında gənclər siyasətinin hüquqi əsaslarını, prinsiplərini, məqsədlərini və istiqamətlərini müəyyən edərək bu sahədə yaranan münasibətləri tənzimləyir. Fərman, sərəncam və qanunlar, eləcə də Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə olaraq formalaşmasına, sosial problemlərinin həllinə, onların mənəvi-ideoloji cəhətdən formalaşmasına mühüm təsir göstərib. Ümummilli lider Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini göstərməkdədir. Ümummilli lider Heydər Əliyev gənclərə xitabən demişdir: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”

   Prezident İlham Əliyevin Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirməsi nəticəsində gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün geniş imkanlar yaradılmışdır.

  Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratmışdı. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil müəssisələrində təhsil almışdı. Həmçinin 2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası da uğurla icra olunmaqdadır. Həyata keçirilən gənclər siyasəti ilə Ölkəmizdə vətənpərvər, bilikli və mənəvi-ideoloji cəhətdən yüksək keyfiyyətlərə malik olan gənc nəsil yetişibdir ki, bunun nəticəsində onlar 44 günlük Vətən müharibəsində döyüş meydanında şücaət və qəhrəmanlıqlarını göstərdilər. Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı, xalqımızın birliyi və əzmi sayəsində 30 ildən artıq düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edildi. Eləcə də Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğu¬na son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi.

Azərbaycan gənclərinin vətənpərvərliyi, yüksək mənəvi keyfiyyətlərə malik olması, ölkə həyatında fəallığı, Vətənə bağlılığı gənclərimizin Dövlətimizin hər tərəfli inkişafında fəal iştirak edəcəklərinə inam hissi yaradır.

Mövlan Məmmədov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

 

 

 

 

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM