Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən silsilə idman tədbirləri keçirilir. Bu münasibətlə təşkil olunmuş şahmat üzrə muxtar respublika birinciliyi mayın 8-də başa çatıb.
Naxçıvan Şahmat Mərkəzində keçirilən yarışda iki günlük mübarizənin ardından mükafatçılar bəlli olub. Qadınlar və kişilər kateqoriyaları üzrə ilk üç yerin sahiblərinə diplom və medallar, həvəsləndirici yer sahiblərinə isə fəxri fərman təqdim olunub.
Ümumilikdə 60 şahmatçının iştirak etdiyi və İsveçrə sistemi üzrə 7 turdan ibarət yarışda qadınlar arasında Nigar Qənbərli (4 xal), kişilərdə isə Hüseyn Qənbərli (6,5 xal) birinci yerə sahib çıxıblar. Nağı Əsgərli (6 xal) və Zümrüd Ələkbərli (4 xal) ikinci olublar. Rüstəm Hüseynovla (6 xal) Xanım Rzayeva (3,5 xal) )yarışı üçüncü sırada tamamlayıblar.
