İran Futbol Federasiyası dünya çempionatı zamanı tətbiq olunan səyahət məhdudiyyətləri ilə bağlı FIFA-ya rəsmi şikayət ünvanlayıb.
NTV xəbər verir ki, mövcud qaydalara əsasən, İran millisinə ABŞ ərazisinə oyundan yalnız bir gün əvvəl daxil olmağa və qarşılaşma başa çatan gün ölkəni tərk etməyə icazə verilir.
Federasiya bu məhdudiyyətlərin iştirakçı komandalar üçün bərabər şərait prinsipinə zidd olduğunu və komandanın hazırlıq prosesinə mənfi təsir göstərdiyini bildirib. İran tərəfi oyunlardan 48 saat əvvəl ev sahibi şəhərlərə gəlmək üçün etdiyi müraciətlərin bir neçə dəfə rədd edildiyini də açıqlayıb.
Hazırda İran millisi bazasını Meksikanın Tixuana şəhərində qurub. ABŞ Daxili Təhlükəsizlik Departamentinin nümayəndəsi isə komandanın bu şərtlərlə əvvəlcədən razılaşdığını bəyan edib.
Qeyd edək ki, İran yığmasını qrup mərhələsində ABŞ-də Belçika və Misir millilərinə qarşı daha iki oyun gözləyir.
