Norveç, Danimarka, Finlandiya, İslandiya, İsveç və Farer adalarının futbol assosiasiyaları Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantinoya etimadı itirdiklərini bəyan edib.
NTV xəbər verir ki, bu barədə Norveç Futbol Assosiasiyasının saytında məlumat yerləşdirilib.
Şimali Avropanın altı ölkəsinin nümayəndələri Helsinkidə görüşüblər və danışıqların yekunlarına əsasən birgə bəyanat qəbul ediblər. Bəyanatda onlar FIFA rəhbərinə qarşı çıxış ediblər. Assosiasiyalar həmçinin Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) və Avropa milli federasiyaları tərəfindən irəli sürülən təşəbbüslərə dəstəklərini təsdiqləyib.
Onlar FIFA-nın təşkilatın idarə olunmasını və ya turnirlərin keçirilməsini bir daha özəl strukturlara verməyəcəyinə dair hüquqi cəhətdən məcburi zəmanətlərin təqdim olunmasını tələb ediblər.
Bəyanatda həmçinin FIFA-dan təşkilatın idarəetmə sisteminin hərtərəfli müstəqil yoxlanışını təşkil etməsi tələb olunub. Şimal ölkələri nümayəndələrinin fikrincə, idarəetmə sisteminin 2016-cı il islahatlarında nəzərdə tutulan müstəqilliyə, şəffaflığa, hesabatlılığa və səmərəli qarşılıqlı nəzarət və tarazlıq sisteminə zəmanət verib-vermədiyini müəyyən etmək lazımdır.
Ölkələrin bəyanatı futbol ictimaiyyətində FIFA-nın dünya çempionatının keçirilməsi hüquqlarını satmaq planlarına qarşı yaranan geniş narazılıq fonunda səslənib. Sonradan İnfantino bu ideyadan imtina edib.
