Fransalı basketbolçu Viktor Vembanyama Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatı çərçivəsində “Dallas Maveriks”ə qarşı keçirilən oyunda yüksək məhsuldarlıq nümayiş etdirərək karyerasının iki şəxsi rekordunu yeniləyib.
NTV xəbər verir ki, “San-Antonio Spörs”un 112:111 hesabı ilə qalib gəldiyi görüşdə 22 yaşlı mərkəz oyunçusu 52 xal toplayıb, 24 ribaund edib, 8 blok-şot və 2 top oğurluğuna imza atıb.
Bu nəticə ilə Vembanyama həm bir oyunda topladığı xal, həm də etdiyi ribaund sayına görə şəxsi rekordunu təzələyib. O, həmçinin “San-Antonio Spörs” tarixində bir qarşılaşmada 50-dən çox xal toplayan və 20-dən çox ribaund edən ilk basketbolçu olub.
Qeyd edək ki, fransalı oyunçunun əvvəlki ribaund rekordu 23 olub. O, bu göstəriciyə 2025-ci il yanvarın 4-də “Denver Naqqets”lə qarşılaşmada (110:113) nail olub.
