Son beş ildə Azərbaycanın ən sürətlə inkişaf edən ticarət və nəqliyyat əlaqələri Mərkəzi Asiya ölkələri ilə olub.
NTV xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən dialoq sessiyasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan Mərkəzi Asiyanın enerji və mineral ehtiyatlarla zəngin ölkələri üçün Qərbə çıxan təbii ixrac marşrutu rolunu oynayır.
“Azərbaycan təkcə yük daşımalarının deyil, həm də ideya və innovasiyaların mübadiləsi üçün regional platformaya çevrilməyi hədəfləyir. Son beş ildə ticarət və nəqliyyat əlaqələrinin ən sürətlə inkişaf etdiyi region Mərkəzi Asiyadır. Bu istiqamətdə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə inanırıq”, – deyə nazir bildirib.
O əlavə edib ki, Azərbaycan İslam İnkişaf Bankının yaratdığı platformalar vasitəsilə üzv ölkələrlə iqtisadi əlaqələrin daha da dərinləşdirilməsində maraqlıdır: “Ölkənin coğrafi mövqeyi yalnız nəqliyyat dəhlizləri üçün deyil, həm də süni intellekt, məlumat mərkəzləri və rəqəmsal bağlantılar kimi yeni iqtisadi istiqamətlər üzrə regional əməkdaşlığın inkişafı üçün mühüm üstünlüklər yaradır”.
