Sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində qəbul olunmuş qanunvericilik dəyişikliklərinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında vergi, gömrük və sosial sığorta güzəştləri tətbiq olunur.
NTV xəbər verir ki, bu çərçivədə 2026-cı ilin yanvar–may aylarında 12 sahibkarlıq subyektinə ümumilikdə 67 təsdiqedici sənəd təqdim edilib. Həmin sənədlərdən 5-i texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı, 62-si isə xammal və materialların idxalı üçün verilib.
Bu sənədlər əsasında Rusiya, Çin və Türkiyədən ümumi dəyəri 1,5 milyon manat olan texnika, texnoloji avadanlıqlar və qurğular, həmçinin Türkiyə, Rusiya, İran, İraq, Gürcüstan, Avstriya, Almaniya, Koreya kimi ölkələrdən ümumi dəyəri 5,2 milyon manat olan xammal və materiallar rüsumsuz idxal edilib.
Nəticədə cari ilin ilk 5 ayında idxal olunan xammal, material və texnoloji avadanlıqlara görə sahibkarlar əlavə dəyər vergisi və gömrük rüsumları üzrə ümumilikdə 1,8 milyon manat məbləğində güzəşt əldə ediblər.
