“Bitcoin” birja ticarət fondları 2022-ci ilin iyun ayından bəri ən pis aylıq göstərici nümayiş etdirməyə hazırlaşır.
NTV xəbər verir ki, investorlar iyun ayı ərzində ABŞ-də ticarət edilən ümumilikdə 13 birja ticarət fondundan 4,1 milyard dollardan çox pul çıxarıblar. Bu da iki il əvvəl - 2024-cü ilin yanvar ayında həmin fondların ticarətə başlamalarından indiyədək ən yüksək xalis vəsait çıxışı deməkdir.
Ən böyük aktivlərin idarə edilməsi həcminə malik “BlackRock” fondu olan IBIT-dən ay ərzində 3 milyard dollar çıxarılıb. Bu, eyni zamanda, “Bitcoin”in 2022-ci ilin iyun ayından bəri ən pis aylıq göstərici göstərməsi deməkdir.
Dünyanın əsas kriptovalyutası bu ay 18 faizdən çox dəyər itirib və qiyməti 60 min 100 dollar civarındadır. Hazırkı qiymət ötən ilin oktyabr ayında qeydə alınan maksimum göstəricidən təxminən 50 faiz aşağıdır. 60 min dollar “Bitcoin” üçün psixoloji hədd hesab olunur.
Ekspertlərin fikrincə, bu proseslər ənənəvi investorların hələ də ehtiyatlı mövqe tutduğunu göstərir. Bu satış hərəkətliliyi amerikalı milyarder Maykl Seylorun “Strategy” şirkətinin 50 milyard dollarlıq “Bitcoin” portfelinin təxminən 2,5 milyard dollarını satması ilə başlayıb. Şirkətlərin qarşıdan gələn konvertasiya edilə bilən istiqraz ödəmə müddətlərini və dividend öhdəliklərini yerinə yetirmək üçün “Bitcoin” portfelinin bir hissəsini satmağa məcbur ola biləcəyi ilə bağlı narahatlığı artmaqdadır.
Xatırladaq ki, “Bitcoin”in qiyməti 2025-ci il ərzində 6 faizdən çox ucuzlaşıb.
