“AZCON Holding” şirkətlərindən olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş “Zəngilan” tankerinin istismara verilməsinin iki ili tamam olur. Tanker Prezident İlham Əliyevin iştirakı ilə 2024-cü il iyulun 2-də istismara verilib.
ASCO-dan NTV-yə bildirilib ki, istismarda olduğu iki il ərzində “Zəngilan” tankeri Alaca–Kianlı–Səngəçal marşrutu üzrə 83 səfər həyata keçirib. Bu səfərlər çərçivəsində gəmi ilə ümumilikdə 566 min 831 ton yük daşınıb.
Yeni nəsil tankerin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. Saatda 10 düyün sürətlə hərəkət edə bilən gəmi 15 nəfərlik heyət tərəfindən idarə olunur. Ümumilikdə 6 yük çəninə malik olan tankerin dedveyti 7875 tondur.
Həm neft, həm də kimyəvi məhsulların daşınması üçün nəzərdə tutulmuş “Zəngilan” tankerinin texniki göstəriciləri, xüsusilə suya oturumu maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımağa imkan yaradır.
