Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın da daxil olduğu Asiya-Sakit okean regionu ölkələrində fidusiar qiymətləndirmələrin aparılması və dövlət maliyyəsinin idarə edilməsi sistemlərinin gücləndirilməsi üzrə regional proqramın həyata keçirilməsi üçün 500 min ABŞ dolları məbləğində texniki yardımı təsdiqləyib.
NTV ADB-yə istinadən xəbər verir ki, proqram 43 ölkəni əhatə edəcək və 2026-2028-ci illərdə həyata keçiriləcək.
Təşəbbüsün əsas məqsədi banka üzv ölkələrdə dövlət maliyyəsinin idarə edilməsi və dövlət satınalmaları sistemlərinin səmərəliliyini artırmaqdır. Layihə çərçivəsində kompleks fidusiar diaqnostikanın aparılması, milli sistemlərin təkmilləşdirilməsi üzrə praktiki tövsiyələrin hazırlanması, prioritet islahatların həyata keçirilməsinə dəstək, həmçinin müvafiq dövlət orqanlarının potensialının inkişaf etdirilməsi nəzərdə tutulur.
Bundan başqa, proqramla analitik materialların hazırlanması, region ölkələri arasında qabaqcıl təcrübə mübadiləsi, eləcə də beynəlxalq satınalma sistemlərinin qiymətləndirilməsi metodologiyasından (MAPS) istifadə etməklə dövlət satınalmalarının qiymətləndirilməsi alətlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.
Bildirilib ki, proqramın həyata keçirilməsi zərurəti dövlət maliyyəsi və satınalmaların idarə edilməsi sistemlərində hələ də qalan çatışmazlıqlarla bağlıdır. Bu çatışmazlıqlar layihələrin icrasının səmərəliliyini azaldır, tranzaksiya xərclərini artırır və bank tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsi zamanı milli sistemlərdən istifadə imkanlarını məhdudlaşdırır.
