İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin Ukrayna, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Xarici iqtisadiyyatın təşviqi və maliyyələşdirilməsi alt departamentinin rəhbəri Gerlind Hekmanla görüşüb.
Nazirlikdən NTV-yə bildirilib ki, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu vurğulanıb.
Bu baxımdan əlaqələrin şaxələndirilməsi, tərəflər arasında işbirliyinin gücləndirilməsi və yeni birgə layihələrin reallaşdırılması üçün imkanlardan səmərəli istifadənin vacibliyi qeyd olunub.
Görüşdə enerji sahəsində səmərəli tərəfdaşlıq, o cümlədən sənaye və texnologiya sahələrində əməkdaşlığın dəstəklənməsi istiqamətində atılacaq addımlar, bu sahədə müzakirəsi davam etdirilən təşəbbüslərin əlaqələndirilməsi barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-Almaniya Biznes Şurası, həmçinin Almaniya-Azərbaycan Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclaslarının keçirilməsi və gündəlikdə duran digər məsələlər müzakirə edilib.
