Akademik Zərifə Əliyeva. Bu ad Azərbaycanda böyük fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür gün yoldaşının sədaqəti, nurlu həkimliyin müqəddəsliyi onun taleyində əbədiləşib. Zərifə xanım Azərbaycan qadınlarının vüqar, iftixar və fərəh səmasında, eləcə də tibb elmimizin zirvəsində parlayan bir əbədiyyət günəşidir. İnsan dünyaya bir dəfə gəlir, gəlir ki, şərəfli və dəyərli bir ömür yaşasın. Vətənə, torpağa məhəbbəti, təmiz mənəviyyatı, xalqa sədaqətli xidməti ilə yaddaşlarda qalsın. Bu cür nümunəvi insanların yaşadıqları illər bitib tükənmir, əməlləri, xeyirxah işləri daim anılır. Tarix elə məhz bu cür insanların sayəsində yaranır. Onların həyat yolu gələcək nəsillərə örnək, nümunə olur.
Azərbaycanın görkəmli oftalmoloq – alimi, akademik Zərifə xanım Əliyeva da məhz belə bir ömür yaşayıb. Zərifə xanım Əliyeva qədim Naxçıvan diyarında, adlı-sanlı, tanınmış ziyalıların vətənində-Şahtaxtı kəndində görkəmli alim və siyasi xadim Əziz Əliyevin ocağında dünyaya göz açmışdı. 1918-20-ci illərdə ermənilərin azərbaycanlılara qarşı soyqırımı bu ailəyə də zərbə vurmuşdu. Ağır işgəncələrdən, ermənilərin törətdikləri davamlı qırğınlardan sonra Əziz Əliyevin ailəsi əvvəlcə Arazın o tayına – cənubi Azərbaycanın Ərəblər kəndinə köçür. Burada az bir müddət qaldıqdan sonra isə Naxçıvanın Şahtaxtı kəndində məskunlaşır. Beləliklə, görkəmli dövlət xadimi Əziz Əliyev öz həkimlik fəaliyyətinə məhz bu kənddə başlayır. Erməni vandalizminin və təcavüzünün ağrı-acılarını öz taleyində yaşayan Əziz Əliyev sonrakı illərdə parlaq zəkası və qabiliyyəti ilə işlədiyi sahələrdə böyük nüfuz qazanıb, tapşırılan bütün işlərin öhdəsindən bacarıqla gələrək tez bir zamanda dövlət orqanlarında yüksək vəzifələrə layiq görülüb. Harada işləməsindən, hansı sahəyə rəhbərlik etməsindən asılı olmayaraq Əziz Əliyev öz ölkəsinə, xalqına və sənətinə sədaqət nümunəsi göstərib. Siyasi xadim kimi də o, hər zaman dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda əlindən gələni əsirgəməyib.
Taleyin hökmü ilə uşaqlıq və ilk gənclik illəri Şahtaxtı kəndində keçən Zərifə xanım bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən faydalanmışdı. Zəngin və davamlı maarifçi ənənələri olan ziyalı ailəsinin özünəməxsus tərbiyə üsulları onu hələ uşaq yaşlarından, məktəb illərindən elmə, işıqlı ideallara doğru istiqamətləndirmişdi. Onun cəmiyyət üçün layiqli insan kimi yetişməsində, peşə seçiminin düzgün müəyyənləşməsində böyüyüb boya-başa çatdığı ziyalı mühitinin müstəsna rolu olub. Orta məktəb illərindən tibb sahəsinə sonsuz maraq göstərərək insanların gözünə nur vermək kimi müqəddəs bir yol seçməsində atası Əziz Əliyevin xüsusi rolu olmuşdur.
O, 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirmiş, elə həmin il Azərbaycan Dövlət Tibb İstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdu. Ali təhsil almaq məqamında Zərifə Əliyevanın həkimlik sənətini seçməsi atası tibb elmləri doktoru, professor Əziz Əliyevin yolunu davam etdirmək arzusundan doğmuşdursa göz həkimliyinin ixtisas kimi qəbul olunması onun xeyirxahlığından, işıqlı insan olmasından irəli gəlmişdi. Tələbəlik həyatının ilk günlərindən özünəməxsus fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü, iti məntiqli təfəkkürü, təvazökarlığı və sadəliyi, insanpərvərliyi və vətənpərvərliyi ilə tələbələr arasında hörmət qazanmış, professor-müəllim heyətinin diqqətini cəlb etmişdi.
Tələbəlik illərində fundamental tibbi biliklərə dərindən yiyələnən Zərifə xanım Əliyevanın qəlbində insanların gözlərinə nur bəxş etmək amalı baş qaldırmış və o öz gələcək həyatını tibbin oftalmologiya sahəsinə həsr etməyi qarşısına məqsəd qoymuşdu. Görünür son dərəcə zəriflik və incəlik, həssaslıq və nəciblik tələb edən göz həkimliyi Zərifə xanımın təbiətindəki nadir xüsusiyyətlərə daha yaxın idi. Onun timsalında bir daha sübuta yetirildi ki, peşəsini ürəkdən sevən həkim həqiqətən xariqələr yaratmaq iqtidarındadır. Zərifə xanım Əliyeva həm həkimliyin, həm alimliyin, həm də pedaqoqluğun ali zirvəsinə yüksəlmişdi. O, ötən əsrin 50-ci illərində öz xeyirxah sənəti ilə əsl vətəndaş mövqeyində dayanaraq xalqımızın bəlasına çevrilmiş traxoma xəstəliyinin qarşısını almaq üçün ciddi və məqsədyönlü müalicə profilaktika tədbirlərinin həyata keçirməsi istiqamətində mübarizəyə başlamışdı.
Zərifə xanımın başlıca məqsədi nəyin bahasına olursa olsun tezliklə Azərbaycanda traxoma xəstəliyini törədən səbəbləri aşkar edib aradan qaldırmaq, onun optimal müalicə üsullarını tapmaq, müvafiq profilaktik tədbirləri vaxtında həyata keçirməkdən ibarət idi. İnsanları korluq əzabından qurtarmaq zərurətindən doğan bu şəfqətli tədbirlərin həyata keçirilməsi ağır zəhmət və uzun müddətli vaxt tələb edirdi. Zərifə xanım Azərbaycanın bütün rayonlarını gəzərək traxoma ocaqlarını aşkar etmiş, özünün tərtib etdiyi müalicə üsullarını həyata keçirmişdi. Elmi-tədqiqat mövzusu kimi də Zərifə xanım Əliyevanın göz xəstəliklərinin müasir müalicə üsullarına müraciət etməsi insanlara və onları əhatə edən mühitə daha çox işıq gətirmək qayəsinin ifadəsidir. Zərifə xanım Əliyeva 1960-cı ildə traxomanın digər terapiya üsulları ilə birlikdə “Sintomisinlə müalicə” mövzusunda namizədlik disertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsi almışdı. Elmi fəaliyyətini real həyatla üzvi sürətdə əlaqələndirən Zərifə xanım Əliyeva özünün namizədlik dissertasiyası ilə həm elmi yeni ideyalı metodlarla zənginləşdirmiş, həm də 100-lərlə insanın gözünə işıq, nur bəxş etmişdi. Hələ XX əsrin 50-ci illərində Zərifə xanım tərəfindən tibb elmi üçün kəşf edilmiş, elmi cəhətdən əsaslandırılmış müalicə üsulları aradan illər keçməsinə baxmayaraq indi də yaşayır və insanlara nur bəxş edir. Zərifə xanım Əliyeva ciddi elmi tədqiqat işləri, mürəkkəb cərrahi əməliyyatları ilə yanaşı, elmi pedaqoji fəaliyyətini də uğurla davam etdirmişdi. Görkəmli alim 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstititunun göz xəstəlikləri kafedrasına dəvət olunmuşdu. Həmin kafedranın müdiri vəzifəsində çalışan Zərifə xanım bu institutda dosentlikdən elmin ən yüksək zirvəsi hesab edilən akademikliyə qədər yüksəlmişdi.
1977-ci ildə Bakıda professor Zərifə Əliyevanın təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar cəmiyyəti idarə heyətinin plenumu keçirilmişdi. Bu plenum alimin daha bir keyfiyyətini qabarıq şəkildə üzə çıxarmış, tədbirin gözlənildiyindən də yüksək səviyyədə keçirilməsi Zərifə xanım Əliyevanın təşkilatçılıq bacarığının təzahürünə çevrilmişdi. Bakıda ilk dəfə olaraq belə bir ittifaqmiqyaslı plenumun keçirilməsi Azərbaycanda oftalmologiya elminin yeni bir inkişaf mərhələsinə qədəm qoymasına güclü təkan vermişdi. Zərifə xanım oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi tədqiqat işlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının akademik Averbax mükafatına layiq görülmüşdü.
Zərifə xanım Əliyeva oftalmologiyanın yeni istiqamətlərində tədqiqatlar aparmışdı. Bununla bağlı görülən müalicə profilaktika tədbirlərinə, illərini həsr etmiş bir çox işlərə imza atmşdı. Onun “Herpetik göz xəstəliyi”, “Ağır virus konyuktivləri” əsərləri məhz bu qəbildəndir. Zərifə xanım Əliyevanın qələmə aldığı “Terapevtik oftalmologiya”, “Oftalmologiyanın müasir problemləri”, “İridodiaqnostikanın əsasları” kitabı bu gün də oftalmoloqların ən çox müraciət etdikləri, oxuyub faydalandıqları əsərlərdəndir. Gənc həkimlərə düzgün yol göstərən, istiqamət verən, onların bir şəxsiyyət kimi formalaşmasında mühim əhəmiyyət kəsb edən bu əsərlər heç zaman aktuallığını itirməyəcək.
Zərifə xanım Əliyevanın Azərbaycanın Kimya sənayesi müəssisələrində işçilərdə görmə orqanı vəziyyəti mövzusundakı doktorluq dissertasiyası tibb elminin cəmiyyətlə əlaqəsi baxımından müvəffəqiyyətli iş hesab etmək olar. O, sadəcə görmə orqanlarındakı xəstəlikləri deyil, istehsalatda baş verən ictimai və tibbi prosesləri vəhdətdə öyrənməli olmuş, Azərbaycanda ilk dəfə olaraq kimya sənayəsi müəsisələrində tibbi laboratoriyalar yaratmışdı.
Görkəmli alim uzun illər respublikanın 10-dan artıq iri sənaye müəsissəsində böyük miqyaslı elmi təqdiqat işləri aparmış, zərərli maddələrin təkcə görmə orqanlarına deyil, eyni zamanda digər orqanlara təsirini öyrənmiş, məqalələr yazmışdır. Aparılan səmərəli elmi-təqdiqat işləri, tədbiq edilən düşünülmüş üsullar həm kimya texnologiyası işçilərində göz xəstəliklərinin qarşısını almış, həm də istehsalat mühitindən zəhərli maddələri təmizləməyə şərait yaratmışdı.
Akademik Zərifə xanım Əliyeva həmçinin 160-dan çox elmi əsərin, 12 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, bir neçə dərs vəsaitinin müəllifidir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdi. O, onlarla elmlər doktorunun və elmlər namizədinin rəhbəri olmuş və böyük bir elmi məktəb yaratmışdır.
Akademik Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərinə görə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüşdü. O, Əziz Əliyevin ocağında ona verilən sədaqətlilik missiyasını Heydər Əliyev kimi görkəmli dövlət xadiminə sədaqətli həyat yoldaşı olmaqla bir daha sübut edib. Zərifə xanım Əliyeva ulu öndərimizin Azərbaycanın inkişafı sahəsindəki qətiyyətli mübarizəsinə etibarlı dayaq olub. Zərifə xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən ulu öndərimiz deyirdi: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi təqdiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atmışdır. İkincisi isə Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəliklərdən xilas etsin, sağlamlaşdırsın”.
Bu gün Zərifə Əliyevanın oğlu-Prezident İlham Əliyevlə nəinki təkcə Azərbaycan xalqı, həmçinin geniş bir coğrafiyada yayılan bütün türk xalqları fəxr edir. Bu fəxarət hisslərində onu dünyaya gətirib boya-başa çatdırmış, layiqli övlad kimi tərbiyə etmiş Zərifə anaya olan dərin minnətdarlıq duyğularını xüsusi vurğulamalıyıq. Xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident İlham Əliyev anası Zərifə xanım Əliyevanı dərin ehtiramla xatırlayaraq deyib: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük lider, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olub”.
Özünün çoxcəhətli səmərəli fəaliyyəti Azərbaycan elmində, ictimai mədəni mühitdə tutduğu yerə görə Zərifə xanımın xatirəsi xalqımız tərəfindən daim uca tutulur. Azərbaycanın ayrı-ayrı şəhər, qəsəbə və kəndlərində görkəmli alimin adını daşıyan parklar salınıb. Təhsil, səhiyyə, elm və mədəniyyət ocaqları yaradılıb. Bütün bunlar isə onun parlaq xatirəsinə dərin ehtiramın ifadəsidir. Zərifə xanımın adını daşıyan Şahtaxtı kənd orta məktəbi, məktəbdəki müzey, Naxçıvan şəhərində Zərifə Əliyeva küçəsi, Naxçıvan şəhər poliklinikası, görkəmli alimin doğulduğu torpaqda adının əbədiləşdirildiyi ünvanlar sırasında yer alır. Onun xatirəsinə ucaldılan büst və abidələr görkəmli alimə və əsl insana olan ehtiramın və məhəbbətin tükənməz təzahürüdür.
Prezident İlham Əliyevin akademik Zərifə Əliyevanın 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamda bir məqam xüsusi qeyd olunur: “Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır”.
Akademik Zərifə Əliyevanın ideyaları bu gün də yaşayır, tibb elminin inkişafına xidmət edir, işıq saçır, nur paylayır. Görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmış, Azərbaycanın milli dövlətçilik tarixinin müəllifi, ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı, xalqımızın əziz, dəyərli övladı və rəhbəri, dövlətimizi uğurla dünyada tanıdan hörmətli Prezidentimizin əziz anası, gözlərə nur paylayan alim, şəxsiyyət! Eyni zamanda, Azərbaycan qadınının adına, ünvanına şərəf, qürur gətirmiş, qadınlıq, zəriflik, möhtəşəmlik mücəssəməsi-akademik Zərifə xanım Əliyeva xalqımızın qəlbində daim yaşayacaq.
Təhminə Babayeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
