Hər bir xalqın kimliyi onun tarixində, yaddaşında və mədəni irsində yaşayır. Azərbaycanın zəngin tarixə və qədim mədəniyyətə malik mədəniyyət daşıyıcılarından biri olan Ordubad rayonu bu baxımdan xüsusi seçilir. Ümummil Lider Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad, memarlıq abidələrini səssiz daş divarlarında əks etdirən və tarixi minilliklərə söykənən qədim yaşayış məskənlərindəndir.
Şəhərin adı ilk dəfə orta əsrlərə aid mənbələrdə çəkilir. Ordubad, ticarət yollarının üzərində yerləşməsi səbəbindən, həm iqtisadi, həm də mədəni baxımdan mühüm bir mərkəzə çevrilmişdir. Burada qorunub saxlanılan memarlıq abidələri, tarixi məscidlər, hamamlar, karvansaralar, mədrəsələr, körpülər, qədim yaşayış evləri, eləcə də sənətkarlıq nümunələri şəhərin zəngin irsinin nişanələridir. Ordubad həmçinin Azərbaycan mədəniyyətində və ədəbiyyatında iz qoymuş görkəmli şəxsiyyətlərin, alimlərin, şairlərin və ictimai xadimlərin vətənidir.
Ərazidə Daş dövründən başlayaraq Son Orta əsrlərə qədərki dövrə aid abidələr geniş yayılmışdır. Tivi və Nəsirvaz kəndlərində Qaranquş yaylağında Tunc və İlk Dəmir dövrünə aid edilən üzərində ov, rəqs səhnələri və müxtəlif işarələr olan qaya parçaları aşkar edilmişdir ki, bu da əcdadlarımızın yaşayış tərzi, adət-ənənələri haqqında məlumat verir. Rayonun Orta əsrlər dövründə olan şəhər həyatını, müdafiə sistemini, su təchizatını, memarlığını tətqiq etmək üçün arxeoloji abidələri, ərazidə yerləşən xarabagilan şəhəri özündə əks etdirir. Bu abidələr təkcə Ordubadın deyil,ümumilikdə Azırbaycanın tarixinin zənginliyini və müxtəlifliyini əks etdirir.
Rayonun inzibati mərkəzi sayılan Ordubad şəhəri də tarix boyu mühüm mədəniyyət mərkəzi olmuşdur. XVII-XVIII əsrlərdə burada müxtəlif məscidlər, mədrəsələr tikilmiş, özünəməxsus formada məhəllələr inşa edilmiş, su təchizatının yaxşılaşdırılması üçün kəhrizlər qazılmışdır. Bunlara misal olaraq buzxananı, Qeysəriyyə komplekslərini, Anbaras, Kürdatal, Üçtürləngi, Mingis və Sərşəhər məhəllələlərini, üç meydan ətrafında örtülübazar kompleksini, Cümə, Anbaras, Sərşəhər, Dilbər, Təkeşiyi məscidlərini göstərmək olar.
Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üzrə sosial-iqtisadi inkişaf proqramı çərçivəsində Ordubad rayonunun tarixi və mədəni irsinin qorunması və bərpası prioritet istiqamətlərdən biri elan olunub. Bu sahədə həyata keçirililən tədbirlər sırasında ən mühüm addımlardan biri də Preziden İlham Əliyevin 21 fevral 2024-cü il tarixli sərəncamı ilə “Ordubad Dövlət Tarix - Mədəniyyət Qoruğu” nun yaradılmasıdır.
Bu sərəncam tarixi abidələrinin qorunması, onların yenidən qurulması, tarixi əhəmiyyətini saxlamaqla yeni üslubda təmir edilməsi, ölkənin mədəni sərvətlərinin mühafizəsi və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm addımdır. Qoruğun yaradılmasının əsas məqsədləri bunlardır.
- Tarixi və mədəni abidələrin mühafizəsi – Qoruq statusu, abidələrin qorunmasını dövlət səviyyəsində hüquqi və inzibati mexanizmlərlə təmin edir.
- Elmi-tədqiqat və restavrasiya işləri üçün şəraitin yaradılması – Qoruq ərazisində arxeoloji qazıntılar, elmi araşdırmalar və restavrasiya işləri daha sistemli şəkildə aparıla bilər.
- Turizmin inkişafı – Tarixi ərazilər qoruq statusu aldıqda, yerli və beynəlxalq turistlər üçün maraq dairəsi genişlənir. Bu isə regionun sosial-iqtisadi inkişafına təkan verir.
- Mədəni maarifləndirmə və təbliğat – Gənc nəslin tarix və mədəniyyətlə tanışlığı, bu irsin təbliği və milli kimliyin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
- Şəhərsalma və tikinti fəaliyyətinə nəzarət – Qoruq ərazisində hər hansı yeni tikinti, dəyişiklik və abadlaşdırma işləri dövlətin nəzarətinə tabe olur və abidələrin toxunulmazlığı təmin edilir.
Ordubadın dövlət tarix-mədəniyyət qoruğu elan olunması Azərbaycan mədəniyyətinə və tarixi irsinə göstərilən dəyərin təzahürüdür. Bu qərar, Ordubadın memarlıq və mədəni sərvətlərinin qorunması, tədqiqi və gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır. Gələcəkdə bu status sayəsində şəhər həm elmi, həm turizm, həm də maarifləndirici sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyacaq.
18 mart 2025-ci ildə Ordubad şəhərində yerləşən XVII əsrə aid Cümə məscidinin təmir-bərpadan sonra istifadəyə verilməsi də bu tədbirlərin davamı kimi səciyyələndirilir. Bərpa zamanı memarlıq üslubuna uyğun şəkildə təmir işləri aparılarılmış, minarə və günbəz işlənmiş, ətraf ərazilər abadlaşdırılmış və məscidin funksionallığı bərpa edilmişdir. Hazırda digər abidələrin də uyğun şəkildə yenidən qurulması və qorunması istiqamətində işlər planlı şəkildə davam etdirilir.
Ramil Nəbiyev
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
