NTV xəbər verir ki, bu gün dünya musiqi mədəniyyətinə parlaq iz salmış, görkəmli Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, akademik Qara Qarayevin anım günüdür. Fitri istedadı, zəngin musiqi düşüncəsi və bənzərsiz yaradıcılığı ilə Azərbaycan və dünya musiqisinə dəyərli töhfələr vermiş Qara Qarayev milli ruhla bəşəri ideyaları birləşdirən nadir sənətkar idi. Onun əsərləri bu gün də insanların mənəvi dünyasını qidalandırır, düşüncəsinə, zövqünə yeni üfüqlər açır.
Qara Əbülfəz oğlu Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində anadan olub. Həkim-pediatr Əbülfəz Qarayevin ailəsində dünyaya gələn dahi sənətkar musiqi ilə erkən yaşlarından dərindən maraqlanmağa başlayıb. O, Bakı konservatoriyasında oxuduğu dövrdə Üzeyir Hacıbəylinin yetirməsinə çevrilib, muğamın, aşıq sənətinin, xalq musiqisinin sirlərinə dərindən yiyələnib.
Daha sonra təhsilini Moskvada davam etdirən Qara Qarayev dünya bəstəkarlıq sənətinin nəhənglərindən olan Dmitri Şostakoviçin kompozisiya sinfini 1946-cı ildə uğurla başa vurub. Bu məktəb onun musiqi dünyagörüşünü zənginləşdirməklə yanaşı, ona müasir kompozisiya texnikaları ilə klassik forma arasında körpü qurmaq imkanı verib.
Qara Qarayevin yaradıcılığında musiqi yalnız estetik ifadə vasitəsi deyil, həm də böyük mənəvi missiya daşıyır. Cövdət Hacıyevlə birgə yazdığı “Vətən” operası ona SSRİ Dövlət mükafatını qazandırdı. “Leyli və Məcnun” simfonik poeması ilə Azərbaycan Dövlət mükafatına layiq görüldü.
Bəstəkarın irqçiliyə qarşı çıxan monumental əsərlərindən biri də Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletidir. O, eyni zamanda incə lirizmin, bədii zərifliyin bəstəkarıdır. Anri Barbüsün əsəri əsasında yaratdığı “Zəriflik” monooperası, Puşkinin misralarına bəstələdiyi “Mən sizi sevirdim”, “Gürcüstan təpələrində” romansları, “Könül mahnısı”, “Səadət mahnısı” kimi kantataları onun poetik ruhunu əks etdirir.
Azərbaycan musiqisinə yeni nəfəs gətirən sənətkar müzikl janrında da ilk addımları atmış, E. Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” əsərini yaratmışdır.
Bəstəkar kino sənətini də musiqi yaradıcılığının ayrılmaz sahəsi kimi görürdü. “Leyli və Məcnun”, “Tarixin ibrət dərsi”, “Uzaq sahillərdə”, “Bir məhəlləli iki oğlan”, “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest” kimi filmlərə bəstələdiyi musiqilər Azərbaycan kinosuna öz möhürünü vurub.
Qara Qarayev daima Azərbaycan musiqisinin dünya musiqi səhnəsində layiqli yer tutması uğrunda çalışdı. Bu incə ruhlu marifçi böyük pedaqoqlarında yetişməsinə vəsilə oldu.
O, 1982-ci il mayın 13-də Moskva şəhərində vəfat etdikdən sonra Vətənə gətirilərək Bakıda Fəxri xiyabanda dəfn olunub. İndi o öz doğma torpağında əbədi yuxuya getsə də, həzin bəstələri bir ömür qulağımızdan heç zaman kəsilməyəcək.
