satellite   Azerspace-1: 11135 H 30000

Ordubad təsvirləri xarici ölkə qrafika sənətində (XIX-XX əsr)

Ordubad təsvirləri xarici ölkə qrafika sənətində (XIX-XX əsr)

Azərbaycan xalqı maddi və mənəvi xüsusiyyətləri özündə cəmləşdirən zəngin mədəniyyətə, qədim tarixə malikdir. Tarixən Azərbaycan xalqının yaratdığı maddi-mədəniyyət nümunələri xarici ölkə səyyahları, tacirləri və sənət adamları tərəfindən çox maraqla qarşılanıb. Eləcə də Azərbaycanın ayrılmaz bir hissəsi olan Naxçıvanın tarixi, təbiəti və mədəniyyəti xarici ölkə tədqiqatçılarında, elm adamlarında, səyyahlarında maraq doğurub və tədqiqinə başlanılıb, eyni zamanda onlar səyahət müddəti bu qədim torpağın diqqət çəkən tarixi-memarlıq abidələrini, mədəniyyət nümunələrini təsvir etməyə çalışmışlar. XIX-XX əsrdə tədqiqatçıların, səyyahların, rəssamların Naxçıvana etdiyi çoxsaylı səfərləri zamanı onlar həm də Naxçıvanın müxtəlif bölgələrində etüdlər etmiş, müxtəlif qrafik rəsmlər çəkmişdilər. Onlar digər bölgələr kimi qədim yaşayış məskəni olmuş, qədim tarixdən, mədəniyyətdən xəbər verən, Qapıcıq zirvəsindən, qayalar üzərindən səs salan Gəmiqaya təsvirlərinin yer aldığı qədim Ordubadın tarixi yerlərinə də səyahət etmişlər. Xarici ölkə rəssamları öz qravüralarında, akvarellə çəkdiyi əsərlərində naturadan və ya fotoşəkillər əsasında bu tarixin qədim izlərini, təbiət lövhələrini əks etdirmişdilər. Ordubad təbiətini, əhalisini, məişətini, etnoqrafiyasını əks etdirən qrafik nümunələr – Gotorbenin “Ordubadın böyük mədrəsəsinin interyeri”, Bocherin “Malik İbrahim oğlunun ibadətgahı”, Slomunun “Ordubadın köhnə məhəlləsi”, D. Lancelotun “Əylisin görünüşü”, “Ordubaddan bir görünüş”, İ.P.Şeblikinin “Ordubadın bir guşəsi”, “Vənənd kəndində qoç abidələri”, “Pir Eyvazı”, “Ordubadda küçə”, “Cümə məscidi” əsərləri bu zəmindəndir.

            Eduard Şarton tərəfindən səyahət gündəliyi əsasında yazılmış “Le Tour de Monde” –“Dünya səyahəti” kitabının 1891-ci ilə aid nəşrində isə Naxçıvan torpağına aid maraqlı rəsimlərə rast gəlinir. Burada Naxçıvanın qədim bölgəsi olan Ordubadda aid tarixi yerlərin, mədəniyyət nümunələrinin, təbiət mənzərələrinin realist təsviri maraq doğurur. Kitabda verilən təsvirlərdən ikisi tarixi-memarlıq nümunəsinin – Ordubad mədrəsəsi  və Malik İbrahim pirinin təsviridir. Digər əsərlər isə Ordubadın müxtəlif bölgələrinin ümumi görünüşü, təbiət təsviridir.

Şəkil 1.Gotorbe. Ordubadın böyük mədrəsəsinin interyeri

   “Dünya səyahəti” kitabında yer alan təsvirlərdən olan Gotorbenin “Ordubadın böyük mədrəsəsinin interyeri” əsəri memarlıq quruluşunun realist təsviri baxımından maraqlıdır. Ordubad mədrəsəsi – Ordubad şəhərinin mərkəzində yerləşən XVIII əsrə aid tarixi mədrəsə binasıdır.  1714-cü ilə, Səfəvi hökmdarı Şah Sultan Hüseynin hakimiyyəti dövrünə aid olunan Ordubad mədrəsəsi zəmanəmizədək salamat vəziyyətdə gəlib çatmış yeganə klassik mədrəsə nümunəsidir”. Digər İslam ölkələrində də olduğu kimi Ordubadda Cümə məscidinin yaxınlığında yerləşən mədrəsə binası maraqlı memarlıq quruluşuna malik olmuşdur. “Mədrəsə bir sıra binalardan ibarətdir. Bunlar böyük düzbucaqlı həyətin ortasındakı  hovuzun  ətrafında yerləşir”. Rəsm əsərində mədrəsənin dördbucaqlı formasında olan daxili quruluşa, kiçik otaqların baştağlarla ayrılmış eyvanları, həyətin ortasında yerləşən hövuz, təsvir olunmuş insan fiqurları və s. əsərin maraqlı kompozisiyasına dəlalət edir. Gotorbenin “Ordubadın böyük mədrəsəsinin interyeri” əsəri foto əsasında işlənmişdir. Kitabda yazıldığı kimi mədrəsə ilə tanışlıq zamanı orada təhsil alan tələbələrin gələn qonaqları maraqla izləmələri foto əsasında çəkilən rəsmdə də əks olunub.

                                                   Şəkil 2.Bocher. “Malik İbrahim oğlunun ibadətgahı” (qravür)

  Ordubad tarixinə, mədəniyyətinə aid digər bir əsər isə “Malik İbrahim oğlunun ibadətgahı” əsəridir. Qravür əsər Bocher tərəfindən çəkilmişdir. Tünd rəngli dağların fonunda açıq tonların təzadlı görünüşü əsərə maraqlı bir görünüş qazandırmışdır. Əsərdə məzarlar arasından ibadətgaha gedən yol, kənarda dayanmış insanlar kompozisiyaya daha bitkin şəkil qazandırmışdır. “Le Tour de Monde” –“Dünya səyahəti” kitabında tarixi abidə belə təsvir olunmuşdur: “... yuxarıda məzarılığın əhatəsində ibadətgah yerləşir, Müqəddəs Malik İbrahim oğlunun ibadətgahı. Bu məzar gətirilən qurbanlar, Məkkədən, Həcc ziyarətindən və Kərbəla, müqəddəs torpaqlardan gətirilən daşlar, o cümlədən çoxsaylı təsbehlərlə örtülmüşdür”. Xalq arasında deyilənlərə görə bu qəbir Kərbəlada şəhid olmuş imam Hüseynin qisas hərəkatının rəhbəri olmuş İbrahim Əjdərin oğlu Malik İbrahimin qəbridir. “Dini ədəbiyyatdan məlumdur ki, İbrahim Əjdər həlak olduqdan sonra övladları təqib olunmuş, bu səbəbdən də didərgin düşmüş, bəziləri Azərbaycana gələrək orada məskən salmış, oğlanlarından Malik Ordubadda, Malik Əjdər isə Laçın rayonunun Cicimli kəndində dəfn edilmişdir. Cicimli kənd qəbiristanlığında erməni işğalınadək salamat qalan və XI-XII əsrlərə aid edilən Malik Əjdər türbəsi bölgənin məşhur ziyarətgahlarından biri idi”. Adlarını çəkdiyimiz bu abidələr özlərində tarixi əks etdirsələr də realist rəssamlar həmin abidələrin təsvirlərini yaratmaqla bir növ onları əbədiləşdirilməsinə, tarixi boyu yaşamasına, təbliğ olunmasına şərait yaratmış olur.

                                   

 Şəkil 3. Slomun. “Ordubadın köhnə məhəlləsi”

D. Lancelotun “Əylisin görünüşü” adlı qrafik əsərində dağların fonunda ümumi kənd mənzərəsinin realist təsviri verilmişdir. “Əylisin qədim sakinləri buranı “Ağ Ulus” adlandırmışlar. “Ağ” sözü bu gün də dilimizdə qalan rəng mənasında  izah oluna bilər, “Ulus” sözünün isə hələ qədim türk mənbələrində şəhər mənasında işlənməsi hamıya məlumdur”.

                                                                                   Şəkil 4. D. Lancelot. “Əylisin görünüşü”    

 

 

     

                                                        Şəkil 5. D. Lancelot..“Ordubaddan bir görünüş”

“Ağ ulu su” adı kimi də mənalandırılan bu şəhəri “Dünya səyahəti” kitabında bol sulu, abad şəhər olmasından da bəhs olunur. Əsərdə müasir evləri ilə diqqət çəkən kənd mənzərəsi çayın kənarında təsvir olunmuşdur. Kitabda bu şəhər haqqında belə qeyd olunur: “Əylis şəhəri müasirdir. O, XVII əsrdə farslarla türklər arasında gedən döyüşlərdə altında viran qaldı”. D. Lancelotun Ordubada aid digər bir əsəri “Ordubaddan bir görünüş” adlı əsərində mərkəzdə çinar təsviri verilmişdir. “Ordubadın çinarları möhtəşəmdir. Onlardan biri, bölgədə məşhur olan geniş bir meydanın ortasında yüksəlir. Onun gövdəsinin ətrafı 13 metr ölçüdədir. İçi boşdur və yarpaqlı budaqlarının kölgə saldığı bir ayaqqabıçı dükanını ehtiva edir”. Yaxud, kitabın 260 səhifəsində yazıldığı kimi “Ordubad, min bulaq və nəhəng çinarlar şəhəri!”.

      XX əsr xarici rəssamların yaradıcılığında Ordubad təsvirləri İvan Şeblikin əsərlərində rast gəlinir. Rəssam tarix-memarlıq abidələrinin tədqiqatı məqsədilə 1928-ci ildə Bakıya dəvət olunur. Eyni zamanda bəzi bölgələrdə aparılan arxeoloji qazıntılarda, bərpa işlərində yaxından iştirak edir və şəxsi müşahidələri əsasında onların rəsmlərini, eskizlərini yaradır.

     Qara rəngli qrafik təsvirlərindən başqa qrafikanın akvarel texnikası ilə çəkilmiş əsərləri də maraqlıdır. Ümumiyyətlə İvan Şeblikin Ordubada aid  “Ordubadın bir guşəsi”, “Vənənd kəndində qoç abidələri”, “Pir Eyvazı”, “Ordubadda küçə”, “Ordubadda Cümə məscidi”, “Ordubad” əsərlərini müxtəlif texnikalarla işləmişdir. “Rəssam “Pir Eyvazı” əsərini 1934-cü ildə yaratmışdır. Əsərdə təsvir edilən Eyvaz türbəsi – Ordubad rayonunda yerləşən tarix-memarlıq abidəsidir”. Bu türbə şəhərin cənub hissəsində qəbiristanlığın yanında yerləşirdi. Rəvayətə görə, Eyvaz Bektaşi sufi təriqətinin şeyxlərindən biri olmuş və XVI əsrdə yaşamışdır. Təəssüf ki, abidə Sovet hakimiyyəti illərində dağıdılmışdır. Məhz buna görə də Şeblıkinin həmin rəsmi qorunub saxlanılmamış bu orta əsrlər memorial qurluşunun öyrənilməsi nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edir”.

                         

                                                            Şəkil 9.İ.Şeblıkin. Ordubadda Cümə məscidi           

 

 

                                                                       Şəkil 10. İ.Şeblıkin. Ordubad

   İstər İvan Şeblikin əsərlərində, yaxud ondan əvvəlki xarici ölklə rəssamları yaradıcılıqlarında yer almış Naxçıvanın və onun qədim şəhərlərindən olan Ordubadın qədim tarixi yerlərinin, tarixi-memarlıq abidələrinin, mədəniyyət nümunələrinin təsvir olunduğu bu əsərlər realist üslubda yaradılmışdır. Naxçıvannın tarixi-mədəni abidələrinə həsr olunmuş realist üslublu hər bir əsər, çəkilmiş rəsmlər, eskizlər bədii-estetik xüsusiyyətləri ilə yaddaqalandır. Çəkilmiş rəsm nümunələri də özlüyündə tarixi sənəd rolunu oynamaqla, Naxçıvanın qədim bölgələrinin orta əsr abidələrinin tədqiqi və eləcə də təbliği üçün böyük əhəmiyyətə malikdir. Eyni zamanda tarixi-mədəniyyət abidələri bu təsvirlərlə əbədiləşdirmiş, tarixi boyu yaşamasına, təbliğ olunmasına imkan yaratmışdır.

Çəkilən rəsmlərdə də əks olunduğu kimi Ordubad qədim tarixə, qədim mədəniyyətə malik şəhərdir. Əbəs yerə deyil ki, Ümumilli lider Heydər Əliyev bu qədim diyarı Azərbaycanın incisi hesab edirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunduğu bu qədim torpaq haqqında da sərəncam imzalamışdır. Belə ki, 21 fevral 2024-cü ildə imzalanmış “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında sərəncam qədim tarixə, mədəniyyətə göstərilən qayğı və diqqətin təcəssümü idi.

 

 Həbibə Rəşad qızı Allahverdiyeva

 Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

 Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı,

 Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının müdiri

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM