Cəmi 44 ilə - şair, ədəbiyyatşünas, mətnşünas, tərcüməçi, tədqiqatçı, siyasi xadim, publisist, türkoloq, Azərbaycan dilçiliyinin banilərindən biri, ortaq türk əlifbası və ortaq türk dili ideyasının təbliğatçısı, 37-ci il repressiya qurbanı olan professor Bəkir Çobanzadə…
Bütün həyatı kimi Çobanzadə soyadının da maraqlı tarixçəsi var. 1893-cü il may ayının 15-də Krımda, Tavrida vilayətinin Simferopol qəzasının Qarasubazar şəhərində anadan olan Bəkir 14 yaşınadək çobanlıq edir. Uşaqkən bir molladan ərəb dilini öyrənən Bəkir tezliklə Quranı və Şərq klassiklərinin əsərlərini oxuyur. Kənddə orta məktəbdə ibtidai təhsil alan Bəkir müəllimi, şair Həsən Səbrini savadı ilə heyrətə gətirir. Ondan ad, soyadsoruşulanda adını deyir, ancaq soyadına cavab vermir. Yoldaşları onun çoban olduğunu deyirlər. Müəllimi də soyad olaraq Bəkirə “Çobanzadə” soyadını yazır. Məktəbi bitirdikdən sonra Müsəlman Xeyriyyə Cəmiyyəti onu İstanbula oxumağa göndərir. 1908-1918-ci illərdə təhsil alan Bəkir Çobanzadə İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini də mükəmməl öyrənir. Təhsilini başa vuran Bəkir Budapeştə gedərək Universitetdə doktorluq dissertasiyasını müdafiə edir. 1920-ci ildə 27 yaşında filologiya elmləri doktoru elmi dərəcəsini alır. İki il sonra isə Çobanzadə professor adına layiq görülür. Bu illər ərzində mətbuatla sıx əlaqədə olan professor Türkiyə, Krım, Orta Asiya və Rusiya mətbuatlarındamüxtəlif imzalarla ictimai-siyasi və elmi məqalələrini dərc etdirir. İsveçrəyə və İtaliyaya bir müddət səfərlər edən Bəkir Çobanzadə sonra yenidən İstanbula oradan da Krıma qayıdır. Burada siyasi fəaliyyətlə məşğul olan professor 1917-ci ildə yaradılan və qarşısına Krım-tatar Milli Demokratik Respublikası yaratmaq ideyasını qoyan Xalq Partiyasının ideoloqu, sədri olur. Krımda yaşadığı müddətdə o, xalqının müstəqilliyi, gənclərin savadlı gələcəyi uğrunda çalışır. Sonra daxili çəkişmələr və fikir ayrılığı münasibətlərinə görə partiyadan ayrılır. Qısa zamanda müxtəlif məsul vəzifələrdə işləyən Bəkir Çobanzadə Krım Universitetinin yaradılmasına xüsusi xidmət göstərir. Sonra universitetin rektoru olan proffesor yeni əlifbanın həyata keçirilməsini təmin etmək üçün xüsusi bir komissiya yaradılmasını və bu işlərin vahid bir mərkəzdən idarə olunmasını təklif edir. O, həmçinin, Azərbaycanın paytaxtı Bakını belə bir mərkəz kimi qiymətləndirirdi. Bu təklifdən sonra taleyini Azərbaycana bağlayan Bəkir Çobanzadə 1924-cü ilin sentyabrında Yeni Türk Əlifba Komitəsinə rəhbərlik etmək üçün Bakıya dəvət edilir. O, Bakıya gələn kimi gərgin elmi, pedaqoji və ictimai fəaliyyətə başlayır.Burada bir sıra vəzifələrdə - Yeni Türk Əlifbası Komitəsinin elmi rəhbəri, BDU-nun Türk dili və Ədəbiyyatı kafedrasının müdiri, Şərq fakültəsinin dekanı, Maarif Nazirliyi nəzdində Terminologiya Komitəsinin rəhbəri və sair elmi və ictimai işlərdə çalışır. O, burada işlədiyi 13 il müddətində dilçiliyimizin, ədəbiyyatşünaslığımızın, habelə dil və ədəbiyyatın tədrisi metodikası elminin inkişafına qiymətli töhfələr verir və adı çəkilən sahələrə aid 15 kitab və 100-dən artıq elmi məqalə qələmə alır. Onun ən əsas təqdirəlayiq xidməti isə Azərbaycanda dilçilik elminin gələcək inkişafını təmin edəcək yüksək ixtisaslı milli mütəxəssislərin hazırlanmasında xüsusi rolunun olmasıdır. Elm və millət fədaisi adını alan Professor yaşadığı dövrdə siyasi rejimin təhlükəli məqamlarına, ağır ittihamlarına baxmayaraq, türk dillərini hərtərəfli tədqiq edərək,onların fonetik, leksik, morfoloji və sintaktik quruluşuna, dialektologiya, terminologiya, metodika, əlifba, qrafika və sair məsələlərinə dair çoxsaylı sanballı əsərlər yazıb.Bəkir Çobanzadə türk xalqlarının birliyinin, onların bir-birini başa düşməsinin, həmçinin, əlaqələrinin genişlənməsinin əsas və ya birinci səbəbini onların ortaq əlifba, ortaq imla və ortaq elmi dildən - terminologiyadan istifadə etməsində görürdü.
Azərbaycanda Yeni Əlifba Komitəsinin sədri olan Bəkir Çobanzadə, Yeni Türk Əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilərək Orta Asiyada, Tatarıstanda, Bolqarıstanda və Krımda latın əlifbasına keçidlə əlaqədar ciddi iş aparılır. Onun fəaliyyəti təkcə Azərbaycandakı işlərindən ibarət deyildi. Lakin o, bunların hamısını tənzimləyib yerinə yetirə bilir. Məsələn, 1930-cu ildə onu Fərqanədə yaradılan Ali Pedaqoji İnstitutda Özbək dili və ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə dəvət edirlər. 1935-ci ildə o, Daşkənd və Buxara universitetlərində türk dillərinin problemləri adlı xüsusi kurs keçir.
Çobanzadə Moskvada Şərq Xalqları İnstitutunun həqiqi üzvü, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri, SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin müdiri, SSRİ EA Azərbaycan filialının həqiqi üzvü, Paris Dilçilik Cəmiyyətinin üzvü olub. Avropanın bir sıra elm xadimləri onun tədqiqatlarına istinad ediblər. Çobanzadə Azərbaycan dilçiliyinin əsasını qoyan alimlərdən biridir. Onun türk xalqlarının bədii ədəbiyyatının, müasir ədəbi prosesin nəzəri problemlərinin tədqiq edilməsində və dil tarixinin yaradılmasında təqdirəlayiq xidmətləri olub. O, bir sıra monoqrafik əsərlərlə yanaşı, 1932-ci ildə “Türk dilinin metodikası”, “Elmi qramerin əsasları” kitablarını digər müəlliflərlə birlikdə tərtib edib. Elmi məqalələri və bədii əsərləri mütəmadi olaraq mətbuatda çap olub.
Repressiya dalğasına 1930-cu ildən düşən professor 7 il bununla mübarizə aparıb. Verilən məlumatlara görə buna səbəb Bəkir Çobanzadənin Ruhulla Axundovla dostluq münasibəti göstərilir.
Görkəmli şəxsiyyət Bəkir Çobanzadə 1937-ci ilin yanvar ayında Kislovodskda, dincəldiyi sanatoriyada həbs edilərək, Bakıya gətirilir. O, heç bir əlaqəsi olmadığı mövzular ilə ittiham edilir. 1937-ci il oktyabr ayının 12-də SSRİ Ali Məhkəməsi hərbi kollegiyası səyyar sessiyasının bağlı məhkəmə iclası keçirilir və Bəkir Çobanzadəyə güllələnmə cəzası ilə məhkum olunur.
Bəkir Çobanzadənin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək adının daim yaşadılması üçün Bakının Nizami rayonunda yerləşən küçələrindən birinə verilib.
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru