satellite   Azerspace-1: 11135 H 30000

Düşüncə cinayətkarı 117 yaşında

Düşüncə cinayətkarı 117 yaşında

 Bayırda çiskin çiləyən yağış sanki Xəzərin sinəsində göz yaşına dönür. O damlalar pəncərəmi döyəclədikcə, içimdə bir pıçıltı böyüyür: Bu gün Müşfiqin doğum günüdür. Doğulduğu gün sevinc dolu bir nəfəs idisə, 117 il sonra bu gün, yalnız həsrət qoxulu bir xatirədir.

Qapı sanki zamana açılır. Nəmli taxta cırıltısı ilə xəyallardan qopuram. İçəri qədim bir fəsil kimi gözlərində payızın sarısı, saçında qışın ağı ilə yaşlı bir qadın daxil olur. Bu qadının daxilində əsrlərdir danışılmayan bir hekayə yatır. Dilbərdir. Onun sükutu, Müşfiqin şeirlərindəki son misralar kimidir.

Əlindəki şəkli titrəyən barmaqları ilə mənə uzadır. Ağ fonda qara taleli bir üz. 1109 nömrəli həbsxana rəsmi. Səsim boğazımda hıçqırıq salır. Bu rəqəmlər sadəcə bir məhbus nömrəsi deyil vaxtilə bir xalqın boynuna keçirilən zəncirdir. Müşfiqin azad sözü, azad məhəbbəti, azad sabah arzusu bu zəncirdə boğulub.

Dilbər pıçıldayır: Qaranlıqda qürub etdi qəlbimdəki ümid. Gözlərim qapıda asılı qaldı. Gedənlər bilir gedən qalandan necə getdi, bir gecənin içində “yoldaş” dan dönüb, “vətəndaş” olub getdi Müşfiqim!

Öz dibinə işıq salmayan şam kimi, göz yaşlarım da yanağımı yox qəlbimi isladır indi.  Gecə qaranlığa qərq olanları gündüz kim axtarar?

Dərdini ömrünün qaranlıq macərasında gizlədən, səsi hıçqırıq, nəfəsi buz kəsmiş, hər ahı bir duman olub, öz yolunu kəsən Müşfiqim! Həyat ondan küsənləri incidər, ömrünü kəsər. Yarım ömürlər ilə öz ömür yazısından bir çiçək belə dərə bilməyən Müşfiqim çəkdiyin papirosların xəfif dalğaları qocaltmış taleyini indi maviliklərdə boğur. Kirpiyimdən çıxan tikanlar səni necə də, tikanlar üstündə yuxuya aparıb?! Oyan daha bugün qabarıb xəzər, qalxıb tərlan ləpələr, qanadlarını açaraq bu tarixə acıyır. İndi yarımçıq şeirinin dağınıq sətrləri arasına boylanarkən sındırılmış qələminin kağızda yeri qaldığına şahidlik edir Xəzər!

Müşfiq sənin adın bir yandan eşq, bir yandan inqilabdır. Bir əlinlə şeir yazdın, bir əlinlə azadlıq. Sözün işıq idi, amma o işıqla ən qaranlıq zindanları işıqlandırdın. Dostların da sənin kimi “düşüncə cinayətkarı” elan edilərək əbədi səssizliyə məhkum oldular. Fəqət yaxşı bilirdilər ki, zülmətin içindən doğan bir şairin işığı sönmür.

Sənin dalğalara tapşırılan səsin hələ də Nargin adasında eşidilir. Xəzərin çırpınan ləpələrində bir fəryad var: Oyan, Müşfiq! Qələminlə yazılan hər misra, azadlığın göyə qalxan duaları kimi bu xalqın alnına yazıldı. Çünki sən təkcə sevən bir şair deyildin, sən inanan bir ümid idin.

Bu gün, 117 il sonra səni anmaq, səni anlamaqdır. Dilin lal olduğu yerdə, səssiz hekayələrin altında gizlədilən bir hekayə var: Müşfiqin hekayəsi. Yarım qalmış bir hekayə.

Dilbərin gözlərində sən hələ də varsan. Kölgəyə çevrilmiş əllərini sığallayan bir ruh kimi dolaşırsan Xəzərin sahilində. Hər dalğa səninlə danışır. Bəli, sən yaşayırsan, Müşfiqim. Çünki sən səssizliyin özündən danışan, susqunluğun dilində qışqıran, məzara sığmayan, zamanla yarışan bir həqiqətsən.

Dünyaya çalğısız bir əyləncə kimi gəlib, tüstüsüz ocaq, yelkənsiz gəmi kimi Xəzərə qucaq açaraq ruhsuz cəsədinlə başlamadan bitən həyat qissən yaşıl ruhlu təzə yarpaq kimi mənə mehman olan Dilbərin baxışları ilə bunu deyir: Müşfiqim! Hərşeydin, hərşeysən, hərşey olmusan!!!

Bugün, sənin doğum günündə səni göz yaşlarımızla yuyur, şeirlərini nəfəsimizə çəkirik. 117 yaşın mübarək, Müşfiq! İndi sən susmusan. Fəqət hər kəs səndən danışır... Qürurla, sevgi ilə, göz yaşı ilə.

Günün mübarək düşüncə cinayətkarı!

 

Fariz Əhmədov

Naxçıvan televizyasının baş redaktoru

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM