satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

Azərbaycan 2027-ci ildə keçiriləcək 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək.

Dövlət Turizm Agentliyindən  NTV-yə  bildirilib ki, Forumun 2027-ci il iyununda Qəbələdə keçirilməsi nəzərdə tutulur.

Qeyd olunan beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın zəngin qastronomiya irsinin beynəlxalq səviyyədə tanıdılması və qastronomiya turizminin inkişafı baxımından əhəmiyyət daşıyır. Forum çərçivəsində Azərbaycanın milli mətbəxi, ənənəvi qastronomiya irsi və yerli məhsulları beynəlxalq turizm və qastronomiya mütəxəssislərinə təqdim ediləcək.

BMT Turizm-in təşkilatçılığı ilə 2015-ci ildən keçirilən Ümumdünya Qastronomiya Turizmi Forumu turizm və qastronomiya sahəsində fəaliyyət göstərən mütəxəssisləri, akademikləri, istehsalçıları, sahibkarları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirir.

Forumun əsas məqsədi qastronomiya turizmi sahəsində bilik və təcrübə mübadiləsini təşviq etmək, uğurlu təcrübələri müəyyənləşdirmək və qastronomiya turizminin destinasiyaların inkişafındakı rolunu gücləndirməkdir. Forum yerli qastronomiya ənənələrinin və mədəni irsin qorunması, yerli məhsulların tanıdılması, eləcə də turizm vasitəsilə iqtisadi inkişafın dəstəklənməsi məsələlərinin müzakirəsi üçün beynəlxalq platforma rolunu oynayır.

Tədbirin Azərbaycanda təşkili ölkənin qastronomiya potensialının beynəlxalq auditoriyaya təqdim olunmasına, turizm sahəsində investisiya və təhsil istiqamətlərində əməkdaşlıq imkanlarının genişləndirilməsinə, həmçinin beynəlxalq turizm sənayesi nümayəndələri ilə işgüzar əlaqələrin inkişafına töhfə verəcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM