Vətən torpaqlarının qorunmasında igidlik göstərib Milli Qəhrəman adını qazanan oğullardan biri də, Səfiyar Behbudovdur. O, 1967-ci il iyun ayının 18-də Bərdə rayonunun Mollalı kəndində anadan olub. Orta təhsilini Bərdə şəhər orta məktəbində başa vuran Səfiyar bir il sonra hərbi xidmətə çağrılıb. Gənc əsgərin orduda qüsursuz xidmətinə görə komandanlıq tərəfindən valideynlərinə minnətdarlıq məktubu göndərilib. Xidmətini başa vuran Səfiyar zabitlik kursu keçərək kiçik leytenant rütbəsinə yüksəlib. Ölkəmizin müstəqillik qazanmaq ərəfəsində azadlıq hərəkatına qoşulan gənc zabit Bərdədə "Soy" adlı Demokratik Gənclər Təşkilatı yaradaraq, rayon gənclərini öz ətrafında toplayıb. Xocalı soyqırımından sonra Səfiyar Bərdə özünümüdafiə batalyonuna daxil olaraq bölmə komandiri təyin edilib. Tərtər bölgəsində döyüşlərdə iştirak edən qəhrəman apardığı bir neçə uğurlu əməliyyatdan sonra Ağdam istiqamətində gedən döyüşlərə göndərilib. 1992-ci il mart ayının 11-də düşmən Əsgəran yaxınlığındakı postu mühasirəyə alıb. Hadisədən xəbər tutan Səfiyar Behbudov həmin bölgəyə gələrək döyüşçülərimizi mühasirədən xilas edərək, düşmənə ağır zərbələr endirib. Həmin gecə Əsgarana doğru irəliləyən qəhrəman Qaraqaya deyilən yerdə düşmənin böyük qüvvəsi ilə qarşılaşıb. Geri çəkilməyən vətənin igid oğlu döyüşə davam edərək son nəfəsinəcən vuruşub. Cəsur komandir ağır yaralandıqdan sonra düşmən tərəfindən əsir götürülüb. 10 gün düşmən əlində qalıb, olmazın işgəncələr görən vətənin igid oğlu ölkəsinə olan sədaqətini qoruyaraq düşmənə heç bir sirr verməyib. Qəhrəmanımız son vəziyyətdə yandırılaraq öldürülüb. Gənc komandirin yanmış cəsədi 1992-ci il mart ayının 21-də çətinlikə düşməndən alınıb, doğulduğu Mollalı kənd qəbiristanlığında dəfn edilib.
Ölkəmizin ərazi bütövlüyünün qorunmasında xidmətlər göstərib son damla qanına kimi vətən üçün vuruşan Səfiyar Behbudov Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Qəhrəmanın adı əbədiləşdirilərək Bərdə şəhər 6 saylı orta məktəbə verilib.
“Bir gün gələcək mən bayrağımla yüksək ada yüksələcəm...”
Aşur Cəmiyev 1989-cu il iyun ayının 18-də Şahbuz rayonunun Külüs kəndində anadan olub. Ailəsinin Naxçıvan şəhərinə köçməsi səbəbindən orta təhsilini burada alan Aşur uşaqlığından qəlbində böyütdüyü vətən, bayraq sevgisi valideynlərinin də diqqətindən yayınmayıb. İsrarla valideynlərinə bayraq aldıran qəhrəmanımız günlük dərslərinə masasında qarşısına qoyduğu bayrağına baxaraq çalışıb. Sanki o, zamandan hiss edirmiş kimi: “Bir gün gələcək mən bu bayrağımla ən yüksək ada, yüksək zirvəyə ucalacam...”, - deyib.
Aşur 8-ci sinifdən yolunu Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə salıb. Burada dərslərinə məsuliyyətlə yanaşan qəhrəmanımız tezliklə müəllim və kursant yoldaşlarının rəğbətini qazanıb. Burada təhsilini başa vuran vətənin igid oğlu MTN-nin Heydər Əliyev adına Akademiyasına qəbul olub. Hərbi sirləri dərindən öyrənib, vətənə xidmət borcunu ilk olaraq Lənkəran sərhəd dəstəsində edən Aşur Cəmiyev qısa zaman ərzində ölkəmizin cənub sərhədlərinin təhlükəsizliyinin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlarda iştirak edib. Xidməti dövründə vəzifə borcunu layiqli yerinə yetirən qəhrəmanımız “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Sərhəd Mühafizəsinin 95 illiyi” və “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley medalları ilə təltif olunub.
2020-ci il 27 sentyabrda Ermənistanın başlatdığı növbəti təxribata Azərbaycan Silahlı Qüvvələrinin Ali baş Komandanı İlham Əliyevin əks-hücum əmrini verməsi bir çox vətənin igid oğlunun qəlbindəki arzusuna çatdırdı. Bu oğullardan biri idi Aşur Cəmiyev. Onun vətən müharibəsinə qatılmaq istəyi komandanlıq tərəfindən geri çevrilsə də, qəhrəmanımız öz arzusundan dönmür. “Şəhidlikdən uca zirvə yoxdur”,- deyib haqq savaşına qatılan vətənin igid oğlu təcrübəsi və döyüş taktikası ilə ilk vaxtlardan düşmənə aman verməyib, ön xətlərdəki istehkamları uğurla yarıb. Onun bir neçə silahdan istifadə etmə bacarığı iştirak etdiyi əməliyyatları uğurla sonlandırıb. Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə bitsin deyə şücaətlər göstərən Aşur qələbə sevincini yaşamaq üçün çox tələsirdi. Onun bir arzusu var idi, Zəngilana, Qubadlıya və Şuşaya bayraq sancmaq. Bu arzusu onu Qubadlı rayonunun işğaldan azad olunmasına qədər apara bildi. Qəhrəmanımız bu istəyinə Xudafərində, Zəngilanda bayraq sancaraq çatdı. Növbəti döyüşlərdə də igidlik göstərən Aşur oktyabrın 6-sı yaralanıb. Yaralandığını heçkimə bildirməyən qəhrəmanımız Vətən yarasını öz yarasından üstün bilib. Döyüşə davam edən vətənin igid oğlu 15 gün sonra Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşdə şəahadətə yüksəlib və Naxçıvan şəhərində dəfn olunub. Ailəli olan qəhrəmanımızın üç övladı vətənə əmanət qalıb.
Şəhid kapitan Aşur Bəybala oğlu Cəmiyev vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medallarına layiq görülüb.
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru
