Xəstəliklərdən qorunmaq üçün nə etməliyik?

Xəstəliklərdən qorunmaq üçün nə etməliyik?

Son günlər əhali arasında xəstəliklər və yaxud virus infeksiyaları getdikcə artmaqdadır. Əksərən bu xəstəlik qızdırma, öskürək, baş, boğaz, göz və qulaq ağrısı ilə müşahidə olunur. Uzunmüddətli halsızlıq gətirən bu xəstəlik əhalini ciddi şəkildə narahat edir. Bu xəstəlik hava-damcı yolu ilə, təmasla və yaxud necə yayılır? Bəs bu xəstəliyin səbəbi nədir, çarəsi nədir və nə etməliyik bu kimi hallarda? Bu suallara aydınlıq gətirmək üçün həkim, infeksion xəstəliklər və kliniki mikrobiologiya uzmanı Dilrubə Qaraşova ilə həmsöhbət olduq. Həkim bildirdi ki, havaların soyuması ilə əlaqədar xüsusilə payız və qış aylarında mövsümi xəstəliklər qrupu ilə rastlaşırıq. Son günlərdə muxtar respublika ərazisində havanın temperaturunun kəskin düşməsi əsasəndə gecələr -6; -7 dərəcə şaxta olması xəstəliklərin sayında artımı tətikləyən amillərdəndir. Xüsusilə müayinəyə gələn xəstələrin şikayəti daha çox qribal infeksiya dediyimiz yuxarı tənəffüs yollarının infeksiyası ilə bağlı olur. Bu xəstələrdə yüksək qızdırma, başağrısı, göz ağrısı, göz almalarında ağrılar, oynaq ağrıları, əzələ ağrıları müşahidə olunur. Xəstə özünü döyülmüş kimi hiss edir, əzgin olur, hər tərəfi ağrıyır. Bu cür şikayətlərlə müraciət edən xəstələrin əksəriyyəti eyni ailədən olur.

Bu xəstəlikləri yaradan səbəblər nələrdir?

İlkin analiz mərhələsində biz fikirləşirik ki, bu virus mənşəli bir infeksiyadır. Çünki virus mənşəli infeksiyaların yayılması daha asan olur. Xüsusilə eyni evdə yaşayanlar arasında, yaxud eyni iş ortamında və yaxud da məktəbdə eyni sinif otağında oxuyan uşaqlar arasında daha çox baş verir. Yaxın məsafədə hava-damcı kontaktı ilə, eyni zamanda xəstə şəxsin sekresiyaları ağız, burun suyunun ətraf masaların və əşyaların üzərinə toplanması, sağlam şəxslərin əlləri ilə toxunaraq onu əlini ağzına, burnuna götürməsi ilə bu xəstəlik yoluxa bilir. Xəstəlik daha çox qapalı mühitlərdə yayılır. Xüsusən soyuq havalarda otaqların az havalandırılması, ictimai nəqliyyatda, avtobusda, metroda təmiz hava ilə təmasın azalması xəstəliyin yoluxmasını sürətləndirir.

Bəs necə qorunaq bu xəstəliklərdən?

İlk növbədə, əgər kimsə xəstəlik əlamətləri hiss edirsə, (qızdırma, baş ağrısı, öskürək, asqırma) bu tərz şikayətləri varsa, cərrahi maska dediyimiz üç qatlı maskadan istifadə etməlidir. Məsafəyə diqqət etmək, bir metrdən uzaq məsafədə oturmaq lazımdır. İctimai nəqliyyatdan istifadə etdikdən sonra və yaxud da məktəbdən, işdən evə gələndən sonra əllər yuyulmamış üzə, ağıza və gözə təmas edilməməlidir. Bundan başqa çalışmalıyıq düzgün qidalanaq daha çox ev şəraitində hazırlanmış isti və sulu yeməklərdən istifadə edək. Əgər həkimə getməyəcək qədər yaxşı hiss ediriksə, o zaman evdə özümüz türkəçarə dediyimiz mürəbbəli çay, şorbalar və çox az miqdarda bitki çayı istifadə etmək olar. Bitki çayları dərman vasitəsi sayıldığından yan təsiri ola bilər deyə az miqdarda istifadə olunması məsləhət görülür. Solmazçiçək, boymadərən, çobanyastığı, yarpız və başqa bitki çaylarından evdə dəmləyərək 1 fincan içmək olar.

Əgər evdə xəstə varsa, mütləq otağın havasını 2-3 saatdan bir dəyişmək lazımdır. Məktəblərdə, bağçalarda və iş otaqlarında buna xüsusi diqqət yetirmək lazımdır.

Qızdırması, asqırması və öskürməsi olan xəstə uşaqları mümkün qədər məktəbə, bağçaya göndərməmək lazımdır ki, başqa uşaqlara yoluxmasın.

Bu xəstəliklərdən sağalma müddəti neçə gün çəkir və hansı dərman vasitələri tövsiyə olunur?

Virusun inkubasiya müddəti xəstəliyin meydana çıxacağı müddətdir. Sonradan prodromal dövr başlayır. Bu xəstəlik virusun növünə görə dəyişir. Virus mənşəli xəstəliklərin müalicəsində antivirus dərmanlarından istifadə olunur. Bu da sadəcə bəlli qrup ağırlaşmış və yaxud xəstəxana şəraitində yatan xəstələrə şamil olunur. Əsasən virus mənşəli xəstəliklər və yaxud tənəffüs yolları xəstəlikləri, sadəcə, qızdırma salıcı bol maye ilə sağala bilir. Əgər xəstə ağırlaşıbsa, həkimə müraciət etməli və həkim təyinatına uyğun dərman qəbul edilməlidir. Əks halda, bu cür xəstələrə dərman adı demək düzgün deyil. Məsələn, paraqrip virusları var. Zökəm və soyuqdəymə dediyimiz xəstəliklərin səbəbi bu viruslardır. Bu virus zamanı xəstə 2-3 günə toparlanır. Məsələn, influenza virusu zamanı 4-5 gün müddətində qızdırma davam edə bilər. Yəni xəstəlik xəstəni xəstələndirən virusun növünə görə dəyişir sabit olmur.

Antibiotiklər nə zaman istifadə olunur?

Amma bunu qeyd etmək istəyirəmki virus mənşəli xəstəliklərin müalicəsində antibiotiklərdən istifadə olunmur. Antibiotiklər, sadəcə, bakterial xəstəliklərin müalicəsində həkim təyinatı ilə istifadə olunur. Yuxarı tənəffüs yolları xəstəliklərinin 80% törədicisi viruslardır. Onların müalicəsi zamanı antibiotik istifadə edilmir. Antibiotiklərin faydalı olduğu kimi zərərli cəhətləridə vardır. Lazımsız yerə antibiotiklərin istifadə olunması bağırsaq mikroflorasını məhv edərək yanaşı xəstəliklərin yaranmasına səbəb olur. Bəzi xəstələr xüsusilə yaşlılar, xroniki xəstəliyi olanlar, azyaşlı uşaqlar və yeni doğulmuşlarda bəzən virus infeksiyasından sonra ikinci bakterial ağırlaşma olur. Bu zaman antibiotik müalicəsi təyin edilir. Əgər həkim antibiotik müalicəsi təyin edibsə, bunu təyin olunmuş dozada və təyin olunmuş miqdarda istifadə etmək lazımdır. Dozasında istifadə olunmamış antibiotik bakteriaların dirəncinə səbəb olur.

Həkim tövsiyəsidə onu göstərir ki, xəstəlik zamanı mütləq əməl etməli olduğumuz qaydalar var. Evdə, məktəbdə, işdə və ictimai nəqliyyatda. Əvvəl özümüzü qoruyaq ki, daşıyıcı biz olmayaq. Mövsümi xəstəliklər zamanı gigiyenik qaydalara nə qədər çox əməl olunsa, o qədər az insan xəstələnər.

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM