Qanunları olmayan müharibə

Qanunları olmayan müharibə

Xocalıya ədalət!

Sülhün, barışın və əmin-amanlığın əksi olan müharibə, dövlətlər, tayfalar, siyasi qruplaşmalar və sairə arasında mütəşəkkil silahlı qarşıdurma, hərbi əməliyyatlar forması almış münaqişədir. Ərəb mənşəli olan “müharibə” sözü savaş, dava, hərb, vuruşmaq və döyüşmək mənasını ifadə edir.

Dəhşətli müharibələr bəşəriyyət tərəfindən nə qədər pislənilsə də, tarixdə elə bir ilə rast gəlmək olmaz ki, həmin il yaşadığımız dünya müharibəsiz ötüşsün. Dünyada sayı bilinməyən müharibələrdən bəziləri insanlıq tarixi üçün dəhşətlərlə xatırlanır. Çünki bu müharibələrin nəticələri milyonlarla insanın taleyini və dövlətlərin gələcəyini dəyişib, tarixə unudulmaz hadisələr olaraq yazılıb. Bu müharibələr zamanı həm də milyonlarla insan həlak olub.           

Aparılan müharibələr isə özlüyündə zaman-zaman müəyyən müharibə adətləri, müharibə qanunları müəyyən edib. Müharibənin də öz qanunları var! Hər birimiz bu sözü son otuz ildə daha çox eşitmişik.

Bəs, milyonlarla insanın həyatına son qoyan bu müharibələrin qanunları və adətləri nədən ibarətdir?

Müharibə dövründə belə döyüşən tərəflərin hərəkətlərinə, məsələn, müharibə əsirləri ilə rəftar, mülki əhalinin hədəf seçilməsi və yaralılara tibbi yardım göstərilməsi ilə bağlı məhdudiyyətlər qoyan müəyyən qanunlar mövcuddur. Yəni sizinlə vuruşanlarla vuruşun!

Bir sözlə, müharibə qanunları və adətləri, müharibə aparılması ilə əlaqədar olaraq dövlətlər arasında münasibətləri tənzimləyən beynəlxalq hüquq normaları və prinsiplərinin məcmusudur. Bu qanun və adətlər isə ən qədim dövrlərdən təşəkkül tapmışdır.

Beynəlxalq humanitar hüququn ən ciddi pozuntuları müharibə cinayətləri hesab edilir. Müharibə cinayətləri fərdi şəxslərin cinayət məsuliyyətinə cəlb edilə biləcəyi cinayət növləridir. XIX yüzillikdə isə müharibə aparmaq qaydaları haqqında beynəlxalq aktlar qəbul edilmişdir. Həmin qaydalar müharibə qanunları və adətləri haqqında 1899-cu il və 1907-ci il Haaqa Konvensiyalarında nəzərdə tutulmuşdur.

“Müharibə qanunları” əsasən Cenevrə Konvensiyaları kimi tanınan beynəlxalq humanitar qanunla tənzimlənir. Müharibədə boğucu, zəhərləyici və digər qazların, habelə bakterioloji silahların tətbiqinin qadağan olunması haqqında 1925-ci il Cenevrə protokolunda qeyd olunmuşdur. 12 avqust 1949-cu il tarixdə Cenevrədə müasir beynəlxalq humanitar hüququn əsasını qoyan Cenevrə Konvensiyaları qəbul edilmiş,  müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyasında və digər beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulmuşdur. Belə qanun və adətləri pozma ağır beynəlxalq hərbi cinayət hesab olunur.

Müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyalarının qəbulu 60-dan çox ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən diplomatik konfransda baş tutub. Müharibə üsullarını tənzimləyən Cenevrə Konvensiyaları dəqiq müəyyən edir ki, döyüşən tərəflərə nəyə icazə verilir, nəyə icazə verilmir. 

Konvensiya 12 avqust 1949-cu il tarixli bir-biri ilə əlaqəli dörd beynəlxalq müqaviləyə istinad edir. Bunlar isə “Daimi Ordularda yaralıların və xəstələrin taleyinin yaxşılaşdırılmasına dair” Konvensiya (1-ci Cenevrə Konvensiyası), “Dənizdə Silahlı Qüvvələrin yaralı, xəstə və gəmi qəzasına uğramış üzvlərinin taleyinin yaxşılaşdırılması haqqında” Konvensiya (2-ci Cenevrə Konvensiyası), “Hərbi əsirlərlə rəftar haqqında” Konvensiya (3-cü Cenevrə Konvensiyası) və “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” Konvensiya (4-cü Cenevrə Konvensiyası) aiddir.

Qeyd olunan ilk üç Konvensiya döyüşçülərlə bağlı olduğu halda, Dördüncü Cenevrə Konvensiyası müharibə zonasında mülki şəxslərin humanitar müdafiəsini nəzərdə tutur və buna görə də bir ilk idi. Hazırda sonuncu saziş və digər üç sənəd də daxil olmaqla, 1949-cu il Cenevrə Konvensiyalarının çoxlu iştirakçısı var. Cenevrə hüququ döyüşdə artıq iştirak etməyən hərbçilərin və döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərin, yəni mülki əhalinin mühafizəsinə yönəlir.

Cinayət qanunvericiliyimizə əsasən müharibə qanunlarını və adətlərini pozma, əsirləri, beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxsləri əsir götürmüş tərəfin silahlı qüvvələrində xidmət etməyə, habelə düşmən dövlətin vətəndaşlarını öz ölkələrinə qarşı yönəlmiş hərbi əməliyyatlarda iştirak etməyə məcbur etmədir. 

Nəzərdə tutulmuş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə və ya onların üzərində tibbi, bioloji və başqa tədqiqatlar aparma, o cümlədən daxili orqanları köçürmə üçün çıxarma və ya öz qoşunlarını və ya obyektləri hərbi əməliyyatlardan qorumaq məqsədilə onlardan sipər kimi istifadə etmə, yaxud belə şəxsləri girov kimi saxlama və ya mülki əhalini məcburi işlərə cəlb etmə və ya digər məqsədlər üçün qanuni yerləşdiyi yerlərdən məcburi köçürmədir. 

Həmçinin silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normaları Birləşmiş Millətlər Təşkilatının 1949-cu il 12 avqust tarixli "Döyüşən orduda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" Konvensiyası və bu Konvensiyanın əlavə protokolları, "Hərbi əsirlərlə rəftar haqqında" Konvensiyası və bu Konvensiyanın əlavə protokolları, "Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında" Konvensiyası və bu Konvensiyanın əlavə protokolları, BMT-nin 1954-ci il 14 may tarixli "Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında" Konvensiyası  ilə tənzimlənir. Azərbaycan Respublikası da bu Konvensiyalara qoşulub.

Müharibə təbliği, sülhə və dinc yanaşı yaşamağa qarşı yönəldilən təhlükəli vasitədir. Beynəlxalq-hüquqi aktlarda qadağan olunan müharibə təbliğatı sülh və insanlıq əleyhinə yönəldilə ən təhlükəli vasitələrdən biri hesab olunur.        

Sülh, barış  bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli vasitə olmaqla yanaşı, həm də Birləşmiş Millətlər Təşkilatının ali vəzifəsidir. BMT-nin Bəyannaməsində deyilir ki, "Sülh danışıqlarımızın aparıcı qüvvəsidir. Sülh, həm də sülhməramlı fəaliyyət və preventiv diplomatiyadan tutmuş insan haqları və inkişafın genişləndirilməsinə  qədər dünyanın hər yerində gördüyümüz bütün işləri birləşdirən bir məfhumdur". Sülh hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biridir. Azərbaycan Respublikası da bu anlayışı hər zaman üstün tutmuşdur.

Bu kimi bəşəri cinayətlərin cəzalandırılması Azərbaycan Respublikasının cinayət qanunvericiliyində da təsbit olunub. Azərbaycan Respublikasnın Cinayət Məcəlləsinin 7-ci bölməsi sülh və insanlıq əleyhinə olan cinayətlərə həsr olunmuşdur. Təəssüf ki, qeyd olunan cinayətlərin əksəriyyəti xalqımıza qarşı törədilmişdir. 

Sülh əleyhinə olan cinayətlərin təməlində təcəvüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparmadı. Bu cinayətin ictimai təhlükəliliyi ondadır ki, onun qəsdi özgə ərazisini zəbt etməyə yönəldiyi üçün dövlətlərin dinc yanaşı yaşamasına zərbə vurur. Bu cinayətin bilavasitə obyekti xalqlar arasında sülh, dövlətlərin əməkdaşlığı və dinc yaşamasıdır. 

Beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə və ya beynəlxalq təşkilatın əməkdaşına, habelə həmin şəxslərin xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücum etmə müharibəyə təhrikçilik və ya beynəlxalq münasibətlərin gərginləşməsi məqsədi ilə törədilir.

Soyqırım, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmədir. Mənfur qonşularımız tərəfindən xalqımıza qarşı soyqırım siyasətinin yaşı ilə iki əsrdən çoxdur. Soyqırımın törədilməsinə təhrik etmə, nəzərdə tutulmuş hər hansı bir əməlin törədilməsinə bilavasitə və açıq təhrik etmədir.

Əhalini məhv etmə, soyqırım əlamətləri olmadan əhalini bütövlükdə və ya qismən məhv etmədir. Nəzərdə tutulan əməl istər sülh, istərsə də müharibə zamanı hər hansı mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistematik hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş əməllər insanlıq əleyhinə cinayətlər hesab edilir. Əhalini deportasiya etmə və ya məcburi köçürmə, beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadıqda, əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salmadır. Xalqımız Ermənistanın deportasiya siyasəti ilə dəfələrlə qarşılaşaraq öz dədə-baba yurdundan didərgin düşmüşlər.

Beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə, şəxsləri beynəlxalq hüquq normalarına zidd olaraq həbs etmə və ya başqa cür azadlıqdan məhrum etmədir.

İşgəncə, tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermədir.

Muzdluluq, muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmədir. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə, muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakıdir. Biz bunu mənfur qonşularımız tərəfindən bütün dövrlərdə bizə qarşı törədilən cinayətlərdə şahidi olmuşuq.

Nəzərdə tutulmuş istər beynəlxalq, istərsə də daxili silahlı münaqişə zamanı hərbi əməliyyatların planlaşdırılması, hazırlanması, başlanması və ya aparılması ilə əlaqədar olaraq törədilmiş əməllər müharibə cinayətləri hesab olunur. 

Müharibə qanunlarını və adətlərini pozma, əsirləri, beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxsləri əsir götürmüş tərəfin silahlı qüvvələrində xidmət etməyə, habelə düşmən dövlətin vətəndaşlarını öz ölkələrinə qarşı yönəlmiş hərbi əməliyyatlarda iştirak etməyə məcbur etmədir. Nəzərdə tutulmuş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə və ya onların üzərində tibbi, bioloji və başqa tədqiqatlar aparma, o cümlədən daxili orqanları köçürmə üçün çıxarma və ya öz qoşunlarını və ya obyektləri hərbi əməliyyatlardan qorumaq məqsədilə onlardan sipər kimi istifadə etmə, yaxud belə şəxsləri girov kimi saxlama və ya mülki əhalini məcburi işlərə cəlb etmə və ya digər məqsədlər üçün qanuni yerləşdiyi yerlərdən məcburi köçürmədir.

Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, yəni mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etmə, ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurma, hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətmə, müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə, dini, təhsil və mədəni sərvəti qəsdən böyük həcmdə dağıtma və ya mənimsəmə, yaxud mədəni sərvətə münasibətdə oğurluq, soyğunçuluq, qanunsuz mənimsəmə və ya vandalizm aktları törətmə, mədəni sərvəti işğal edilmiş ərazidən qanunsuz çıxarma, yaxud həmin ərazidə olan mədəni sərvətə mülkiyyət hüququnu başqasına vermə və ya ona xitam vermə, işğal edilmiş ərazidə hər hansı arxeoloji qazıntı aparma, mədəni sərvətin mədəni, tarixi və ya elmi xarakterini gizlətmək və ya məhv etmək məqsədi ilə onu modifikasiya etmə və ya ondan istifadə növünü dəyişdirmə, mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etmə, əmlaklarını məhv etmə, hərbi əməliyyatlarda birbaşa iştirakını təqsirkar üçün aşkar surətdə dayandırmış, həmçinin silahı olmayan, yaxud yaralanma və ya başqa səbəbdən müqavimət göstərə bilməyən şəxsə hücum etmə, işğal olunmuş ərazilərdə öz mülki əhalisinin bir hissəsini yerləşdirmə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmədir. 

Sülh və insanlıq əleyhinə olan cinayətlərin demək olar ki, əksər hissəsi mənfur qonşumuz tərəfidən xalqımıza qarşı törədilmişdir. Bəli, hər kəs həyatda özünə mərd düşmən arzulayır. Təəssüf ki, bizim taleyimizə namərd düşmən düşdü. Rəzil və alçaq düşmən. Böyük rus şairi Puşkinin sözləri ilə desək, oğru və qul düşmən.                 

Son 200 ildə Azərbaycan xalqına qarşı ermənilər və onların havadarları tərəfindən məqsədyönlü siyasət həyata keçirilməklə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyi əleyhinə təcavüz cinayətləri, qədim və tarixi torpaqlarımızda bütövlükdə XX və XXI əsrlərdə yerli əhaliyə qarşı soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə və terror cinayətləri törədilmişdir. Ən acı həqiqət isə bundan ibarətdir ki, bütün bu beynəlxalq hüquqazidd əməllər Ermənistan dövləti tərəfindən 30 il davam etdirildi, törədilən cinayətlər cəzasız qaldı. 

Xalqımıza qarşı törədilən cinayətlər ilk növbədə beynəlxalq hüquq elmi müstəvisində araşdırılmalı, baş verən cinayətlər üzrə ədalətli məsuliyyət tədbirləri tətbiq olunmalı, bir sözlə baş verən cinayətlərə görə siyasi vəya hüquqi formada məsuliyyət labüd olmalıdır. Ulu Öndərin kəlamı ilə desək, “Ədalət iki halda pozulur, cinayət baş verib, cəza verilməyəndə və cinayət olmayan halda cəza verildikdə”. 

2020-ci il 27 sentyabr tarixdən başlayaraq Ermənistana qarşı aparılan əks-hücum əməliyyatları zamanı beynəlxalq hümanitar hüququn yuxarıda sadaladığımız bütün tələbləri təcavüzkar Ermənistan tərəfindən pozulub.

Bu bir tarixi həqiqətdir ki, terror, soyqırım törətmə, başqalarının torpağı işğal etmə, mədəni xalqların mədəniyyətini, incəsənətini, süfrəsindən oğurlamaq ermənilər üçün həyat tərzidir. Və biz belə bir mənfur və şərəfsiz düşmənlə vuruşduq. Bütün bunlar Ermənistan üçün heç bir hüququn, o cümlədən beynəlxalq humanitar hüququn keçərsiz olduğunu göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd etdiyi kimi: "Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atır. Sivillərə qarşı, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb".

Ötən əsrin 80-ci illərinin sonları - 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi Ermənistan tərəfindən aparılan təcavüzkar müharibəyə qarşı mən də döyüşmüşəm. 

Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.

Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.

Böyük Atatürkün "Yurdda sülh, cahanda sülh” deyiminin başqa bir mənası olan "Məcbur olmadıqda müharibə cinayətdir” cümləsi səmimi olduğu qədər həm də doğru ifadədir. Amma mövzu doğma Vətənimizə qarşı yadelli işğallar olarsa, həmin an şərtlər dəyişər!

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, ölkəmizin milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır.

Azərbaycan Respublikasının Hərbi doktrinasına əsasən, Ermənistanın Azərbaycan Respublikası ərazisinin bir hissəsini işğal altında saxlaması və problemin siyasi yolla tənzimlənməsi çərçivəsində işğal etdiyi əraziləri azad etməkdən imtina etməsi səbəbindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə hərbi güc daxil olmaqla bütün lazımi vasitələrdən istifadə etmək hüququnu Azərbaycan Respublikası özündə saxlayır. Azərbaycan Respublikası xalqın və ölkənin milli maraqlarını təmin etməyə qadir müstəqil, demokratik, hüquqi, dünyəvi, unitar dövlət olaraq, öz inkişafı naminə milli təhlükəsizlik siyasətini müəyyən edir və həyata keçirir.

Müqəddəs Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və Müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar.

Ancaq, Azərabycan əsgəri erməni sivil vətəndaşlarına heç bir qeyri-qanuni hərəkət göstərmədi, əksinə bəzən onlara humanitar mövqeyini nümayiş etdirdi. İnancımız və vicdanımızla bu müharibədə dünyaya insanlıq dərsi keçdik. Kilsə oğruları olan ermənilərdən fərqli olaraq, nə dini abidələrə, nə də dini ocaqlara toxunduq. Nə əsir düşənlərə, nə yaşlıya, nə qadına, nə də köməksiz insanlara silah tuşladıq. Müharibə bölgəsində qalmış yaşlı erməniləri belə özlərinə təhvil verdik. Ermənilərdən fərqli olaraq biz köməksiz insanların iztirablarından zövq almadıq. Azərbaycan əsgəri təkcə torpaqlarını işğaldan azad etmədi, həm də minlərlə körpənin, qocanın, qadının qisasını aldı, pozulan hüquqlarımızı bərpa etdi. Biz Xocalı kimi soyqırımı yaşamağımıza  baxmayaraq qisas hissimizi yalnız döyüş meydanına saxladıq. Xocalıdakı körpələrin, Bərdəyə, Gəncəyə atılan raketlərin, orda vəhşicəsinə ölən körpələrin qisasını erməni ordusunu darmadağın edərək aldıq.

Müharibədən bir məqamı xatırlayaq. Ermənilər Şuşada körpə uşağı qoyub qaçmışdılar. O uşağı tapan Azərbaycan əsgəri ona mərmi yox şirniyyat yedirtdi. Düşmən körpəsi olsa belə onu bağrına basdı. Beləcə dünya birliyi bir daha anladı ki, Azərbaycan xalqı sülhün, ədalətin və insanlığın əsgəridir. Müharibə zamanı biz bütün hərbi qanunlara da əməl etdik, döyüşün ən qızğın vaxtlarında humanitar atəşkəsin olmasını irəli sürdük ki, ermənilər itkilərini döyüş meydanlarından çıxartsın. Ancaq, mənfur düşmən öz ölüsünə belə sahib çıxmadı, əksinə işğal altında olan evlərimizi yandırdı, təbiəti məhv etdi, ərazilərdə minaların sayını artırdı. Bu da ermənilərin hətta ekoloji hüquqları belə pozduğunu bir daha göstərdi.

30 ilə yaxın davam etmiş münaqişəsinə dair bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun açıq şəkildə təsdiq edilməsinə baxmayaraq, beynəlxalq hüquq normalarının siyasi konyunktura və subyektiv maraqlar qarşısında acizliyinin şahidi olmuşuq. Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrini Ermənistan tərəfi könüllü olaraq icra etməkdən boyun qaçırsa da, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən Müharibəsində öz şücaəti ilə bu qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi. İşğal olunmuş torpaqların azad edilməsi həm də vətəndaşların konstitusiya hüquqlarının bərpa edilməsini təmin etdi.  Və otuz ildə pozulan hüquqlarımızı 44 gündə ədalətlə bərpa etdik. Apardığımız lokal xarakterli antiterror əməliyyatı nəticəsində isə ərazi bütövlüyümüz tam bərpa olundu. Azərbaycan Respublikasının Konstitusitası bu gün bütöv Azərbaycan ərazisində ali hüquqi qüvvəyə malikdir!

Bəli, Ermənistan dövlətinin və ya ayrı-ayri şəxslərin törətdiyi müharibə cinayətlərinin beynəlxalq hüquq çərçivəsində bir-bir hesabı soruşulacaq. Azərbaycanın ərazi bütövlüyü pozulduğu zaman Ermənistan dövlət əmlakına, şəxsi əmlaklara ciddi zərər vurmaqla yanaşı, Azərbaycanın tarixi-mədəni abidələrinin məhvində, qətllərdə, terrorda da cinayət məsuliyyəti daşıyır. Çünki, Ermənistan 30 ildə bizə qarşı qanunları olmayan müharibə aparırdı. Və məğlub oldu. Ədalət isə zəfər çaldı!

 

Faiq Səfərov

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

şöbə rəisi, baş ədliyyə müşaviri,

Azərbaycan Respublikasının Müharibə veteranı

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM