Latviya Prezidenti Edqars Rinkeviçs noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirakını təsdiqləyib.
Naxçıvan televiziyası xəbər verir ki, bunu "Report"a açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya deyib.
“Latviya Prezidenti Edqars Rinkeviçs COP29-da iştirakını təsdiqləyib. O, buraya nümayəndə heyəti ilə gəlir. Prezident rəsmi açılış və bütün əsas COP tədbirləri üçün burada olacaq”, - səfir bildirib.
Onun sözlərinə görə, ümumilikdə Latviya iqlim konfransında geniş şəkildə təmsil olunacaq. O cümlədən, kənd təsərrüfatı nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı nəzərdə tutulub. Digər nazirlərin və biznes-nümayəndə heyətlərinin də iştirakı mümkündür.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-22 tarixlərində Bakıda keçiriləcək.