Cari ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində müxtəlif bölmələrin cəlb olunması ilə taktiki-xüsusi təlimlər keçirilib.
Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, "Həyəcan" siqnalı ilə qaldırılan bölmələr təlim rayonlarına çıxarılaraq qarşıya qoyulan tapşırıqları dəqiqləşdirib, döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətləri icra ediblər.
Şərti düşmənin döyüş mövqeləri və strateji obyektləri müxtəlif çaplı artilleriya qurğularından sərrast atəşlə məhv edilib.
Həmçinin, düşmənin təxribat-diversiya fəaliyyətinin qarşısının alınması məqsədilə çətin relyefli, dağlıq və meşəlik ərazilərdə döyüş tapşırıqları icra olunub.
"Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki-xüsusi təlimlərdə bölmələr yüksək peşəkarlıq nümayiş etdirib", - məlumatda vurğulanıb.