Cari ildə Ukraynaya humanitar yardım göstərilməsi davam etdirilib, indiyə qədər verilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımların ümumi məbləği 70 milyon manata (təxminən 40 milyon ABŞ dollarından artıq) çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.
Bildirilib ki, Azərbaycan 2024-cü ildə Bosniya və Herseqovina, Çili, Kolumbiya, Kuba, Qrenada, Sent Vinsent və Qrenadin, Antiqua və Barbuda, Vyetnam, Yəmən, İordaniya, Əlcəzair, Argentina, Braziliya, Albaniya, Zimbabve, Tacikistan, Qambiya və Uqandaya yardımlar edib.
Bu il ərzində Azərbaycan qlobal miqyasda yardım və humanitar dəstək fəaliyyətini aktiv şəkildə davam etdirib:
"Xarici dövlət və beynəlxalq təşkilatların yardım müraciətlərinə baxılıb, Azərbaycanın digər dövlət qurumları ilə əlaqələndirilərək müvafiq yardımların çatdırılması təşkil edilib. 2024-cü ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş İƏT, QH və SIDS qrupuna daxil olan dövlətlərin, eləcə də xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşları üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramına əcnəbi tələbələrin ilk qəbulu prosesi həyata keçirilib və 2024/25-ci tədris ili üzrə 35 ölkədən 100 tələbəyə ölkəmizdə təhsil almaq imkanı yaradılıb".
Diqqətə çatdırılıb ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə dəstək məqsədilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına, BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fonduna, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, Beynəlxalq Qızıl Xaç Komitəsinə, həmçinin ICESCO-ya, İƏT-ə və BMT-nin Cenevrə bölməsinin Kitabxanası və Arxivinə maliyyə töhfələri verilib. Azərbaycanın COP29-a sədrliyi çərçivəsində İEOÖ və SIDS ölkələrinə dəstək göstərilib, 27-30 may tarixlərində Antiqua və Barbudada BMT-nin SIDS üzrə 4-cü Beynəlxalq Konfransının keçirilməsi, eləcə də 26-28 avqust tarixlərində Malavidə LDC qrupunun iqlim dəyişmələri üzrə strategiya və nazirlər iclasının təşkili üçün maliyyə yardımları təmin edilib.
"SIDS-də iqlim fəaliyyəti ilə bağlı həyata keçiriləcək layihələrin dəstəklənməsi üçün 27 avqust tarixində Tonqada Azərbaycan ilə BMT arasında 5 illik müddət ərzində 10 milyon ABŞ dolları həcmində yardımı nəzərdə tutan Birgə Bəyannamə imzalanıb. Cari ildə Afrika İttifaqı ölkələri üçün Afrika Qitəsi Azad Ticarət Zonası haqqında Sazişin həyata keçirilməsi mövzusunda təlimin təşkili üçün dəstək göstərilib. İslam İnkişaf Bankı (İİB) və digər tərəfdaşlarla birgə Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) kampaniyasının dəstəklənməsi davam etdirilib. Türkiyədə keçən il baş vermiş dağıdıcı zəlzələ bölgəsində bərpa və quruculuq işlərinə töhfə məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə müvafiq maliyyə yardımı ayrılıb", - məlumatda qeyd edilib.