Bu xəbəri ötən gün ölkə başçısı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Televiziyasına müsahibəsində bildirib. Cənab Prezident müsahibədə onu da qeyd etdi ki, AZAL Rusiyanın yeddi şəhərinə uçuşlarını və eyni zamanda Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşlarını da dayandırıb.
Və cənab Prezidentin işlətdiyi bu ifadə bütün Azərbaycan xalqının ürəyinə su səpdi: “…Uçuşlar bərpa ediləcək, yoxsa yox, xüsusilə Qroznı şəhərinə bərpa ediləcək, yoxsa yox? Çox güman ki, yox. Amma bunu həyat göstərər…” Bəli, bunu həyat göstərər. Bunu dünya lider çatışmamazlığından əziyyət çəkdiyi dövrdə öz siyasi iradəsi ilə fərqlənən cənab Prezident İlham Əliyevin verdiyi qərarlar göstərər.
Çeçenistan da Rusiya qədər, bəlkə də, ondan artıq bu qəzada günahkar və cinayətkardır. Çünki təyyarənin Qroznıya enişinə şərait yarada bilərdi. Amma və lakin iş-işdən keçdikdən və təyyarə Aktauda qəzaya uğradıqdan sonra Ramzan Kadırovun göstərişi ilə Çeçenistan hakimiyyəti həlak olanların və yaralananların bütün ailələrinə maddi və digər yardım göstərməyə hazır olduğunu bildirdi. Təbii ki, verilən cavab dəqiq, vaxtında və öldürücü zərbəyə malik oldu. Azərbaycan Prezident Administrasiyası bildirdi ki, "Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul etməyəcəklər. Biz vətəndaşlarımıza lazımi yardımları göstəririk və göstərəcəyik. Azərbaycan faktın qəbul edilməsini, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir".
At izi it izinə qarışdığı bir gündə dost kimi görünən düşmən də, kağızüstü dost da, həmçinin dost görünüb dost ola bilməyən də qəhrəman pilotlarımızın, qeyrətli bələdçilərimizin və vətəndaş ayıq-sayıqlığının nəticəsində “quş sürüsü” yalanı onların “quşbeyinli” olduqlarını sübut etdi. İzitirmə, malalama çabaları Xəzər dənizin “1027” metr dərinliyində “gorbagor” oldu. Təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra o “kavyor əməliyyatı” elan edildi. Səmimi etiraf yerinə “Məlikməmmədin nağılı”nı danışdılar bizə.
Heç bir şübhə yoxdur ki, Prezidentimiz həm xalqcanlı, həm dövlətcanlı, həm də millətcanlı liderdir. O, ölkə vətəndaşlarının taleyini öz taleyi kimi görür, məsələlərə onların baxdığı kimi baxır. Prezidentin xanımı ilə birgə qəhrəman pilot və bələdçilərimizin vida törəninə qatılması xalqın bir daha ehtiramına səbəb oldu. Tək bununla da bitmədi məsələ. Pilotların və ekipaj üzvlərinin dövlət dəyəri görməsi dövlətin insan həyatına verdiyi qiyməti göstərdi.
Lakin… Unutdular!
Azərbaycanın Zəfər tarixini yazan Müzəffər Ali Baş Komandanın siyasi və strateji manevrini. Unutdular Qazaxlarında oğuz boyundan olduğunu və türkün türkü meydanda tək qoymayacağını. Unutdular qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişəcək və insanları o dağılmış füzelyajdan çıxaracaq... Növbəti partlayış olsa da, olmasa da. Unutdular Qazaxıstanın həkim personalının yaralıların yarasını öz yaraları kimi sarıb-sağaldacağını. Və ən əsası, unutdular ki, Prezident Tokayev qəzanın təfərrüatının araşdırılmasını Dövlətlərarası Aviasiya Komitəsinin sərəncamına verməz. Çünki O, türkün taleyini rusa əmanət etməz. Çünki O, türk oğlu türk, əsl dost və qardaşdır. Bu hadisə nə qədər ağır olsa da, eyni zamanda bir sınaq oldu. Kimlər bu sınaqdan üzü ağ, alnı açıq çıxacaq onu zaman göstərəcək!
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru