Bu gün Azərbaycan xalqının sel kimi axışdığı bir yer var... Şəhidlər xiyabanı. Burada müstəqilliyimizin təməl daşları uyuyur. Bura köksündə Vətən gəzdirənlərin evidir. Bura son qiyama qalxanların azadlıq mənzərəsidir. Bura bütöv Azərbaycanın şərəf lövhəsidir. 150 nəfərin uyuduğu Şəhidlər xiyabanı 35 ildir, sinəsində oğul gəzdirən anaların beşiyi, nakam sevgilərin görüş yeri, xınalı gəlinlərin bəy otağıdır. Bura hər kəsin başı dik gəlib, boyun əydiyi əbədiyyət möhürüdür.
Bir gecədə taleyi dəyişən gül: qərənfil
İnsanı bu soyuq mənzərə qarşısında qəhər boğur, göz yaşları içinə axır. Qırmızı qərənfillərlə bəzənən bu məzarlar 35 ildir ki, Azərbaycan xalqının isti nəfəsi ilə qızınır. Xınalı gəlinlərin hər il qucağında bu xiyabana gətirdiyi körpələrin artıq 35 yaşı var. Onlar 35 ildir ki, qəhrəman ataları ilə böyüyürlər. Onlar sovet tankları altında əzilməyi gözə alan qəhrəmanların övladlarıdır. Onlar xalqın qəlbində azadlıq məşəli yandıranların övladlarıdır.
2 məzarda 3 can uyuyur
Həyat sevinc və kədərlə bizi qarşıladığı kimi bəzən də nakam sevgilərlə ömrümüzdən ömür alır. O gecə Azadlıq meydanında 6 ay öncə ailə quran İlhamda var idi. O gecə İlhamın qəlbində Fərizə, Fərizənin bətnindəki 2 aylıq körpə də orada idi. O gecə orada olan hər kəsin başının üzərində ölüm, olmayanların isə beyninin içərində əcəl at oynadırdı. İrəli addımlayan hər qoca, cavan, körpə bir amala görə mücadilə edirdi. Addımların başında Vətən, Vətənin içərində isə bütün qohumlar, dostlar, tanışlar var idi.
Meydandakılar hər kəs üçün, hər kəs isə meydandakılar üçün narahat idi. Gözlər dodaqlardan çıxan bir sözə bənd idi. Elə Fərizə də İlhamdan gələn bir xəbərdən asılı qalmışdı həyatda. Yenicə köçdükləri mənzilə sükut, Fərizənin qəlbinə od düşmüşdü. Bir qığılcıma bənd olan bu ev alışmaq üçün bir sözə mübtəla idi. Bir gecə... Sadəcə, bir gecə Fərizədən gəncliyini, xəyallarını, arzularını, istəklərini və... İlhamını aldı. Açılan səhər ona öz hədiyyəsini qara tabutda ərməğan etdi. Fərizə bətnindəki 2 aylıq körpəsi ilə öz canına qıydı. Düşmənin İlhama qıydığı kimi yox... Düşmənin qıydığı İlhama çatmaq üçün. Elə həmin gün Vətən sevgisinin bütün sevgilərdən üstün olduğu bir dastan yazıldı. Fərizə və İlham dastanı. İlham Vətən uğrunda, Fərizə sevgi uğrunda, bətnindəki körpə isə torpaq uğrunda şəhid oldular. İndi burada 2 məzarda 3 can və yaxud bir ailənin 3 üzvü uyuyur. Vətən, sevgi və torpaq!
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru