NUHÇIXAN xəbər verir ki, fevralın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il yaz sessiyasının ilk plenar iclası keçirilib.
Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İclasın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik işləri planının təsdiqi, Ali Məclisin Hesablayıcı və İntizam komissiyalarının yaradılması məsələləri daxil edilib.
Gündəlik təsdiq olunduqdan sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.
İclasın gündəliyində duran ikinci və üçüncü məsələlərlə bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, Daxili Nizamnaməyə əsasən Ali Məclisin yaz sessiyasının birinci iclasında Hesablayıcı və İntizam komissiyaları yaradılmalıdır. Həmin komissiyalar Ali Məclisin deputatlarından 1 il müddətinə 5 üzvdən ibarət tərkibdə seçilir.
Müzakirə olunan məsələlərlə bağlı hazırlanmış “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hesablayıcı komissiyasının yaradılması haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarları oxunduqdan sonra ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Bununla da Ali Məclisin yaz sessiyasının ilk plenar iclası başa çatıb.