Bu gün, beynəlxalq ictimaiyyət tarixdə ilk dəfə dekabrın 15-ni “Dünya Türk Dili Ailəsi Günü” kimi qeyd edir. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO tərəfindən 15 dekabr tarixi rəsmi olaraq “Dünya Türk Dili Ailəsi Günü” elan edilib.
3 noyabr 2025-ci il tarixində Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında 15 dekabr tarixinin “Dünya Türk Dili Ailəsi Günü” kimi qəbul edilməsi Türk dünyasının elm, mədəniyyət və dil birliyi baxımından son dərəcə əlamətdar və tarixi qərardır. Bu qərar təkcə türkdilli ölkələrin mədəni əməkdaşlığının deyil, həm də türk xalqlarının ortaq mənəvi köklərinin və dəyərlərinin beynəlxalq səviyyədə tanınmasının parlaq ifadəsidir. Eyni zamanda bu qərar türk dilinin dünya miqyasında tanınması, qorunması və təbliği baxımından mühüm tarixi hadisə kimi dəyərləndirilir. Bu həm də türk kimliyinin dünyada artan nüfuzunun təsdiqidir.
Belə bir əlamətdar günün qeyd edilməsi üçün 15 dekabr tarixinin seçilməsi simvolik məna daşıyır. Belə ki, məhz bu gün – 1893-cü il 15 dekabrda məşhur danimarkalı alim Vilhelm Tomsen ən qədim yazılı mənbələrdən biri olan Orxon-Yenisey yazılarını deşifrə edərək, türk dillərinin yazılı abidələrinin sirrini dünyaya açıb. Bu hadisə türk dilinin tarixi dərinliyini, zənginliyini və mədəni potensialını elmi şəkildə təsdiqləyən dönüş nöqtəsi hesab olunur. Həmin yazılar qədim türklər tərəfindən eramızın 8-ci əsrində indiki Monqolustan ərazisindəki Orxon vadisində yaradılıb.
UNESCO-nun qəbul etdiyi qərarda vurğulanır ki, türk dili ailəsinə daxil olan dillər bu gün Avrasiya məkanında geniş coğrafiyada yayılıb və 200 milyondan artıq insanın ana dili və ya ünsiyyət vasitəsidir. Bu dillər təkcə kommunikasiya vasitəsi deyil, eyni zamanda minilliklər boyu formalaşmış sivilizasiya, dövlətçilik ənənəsi, mədəniyyət və mənəvi irsin daşıyıcısıdır.
Türk dünyası üçün strateji əhəmiyyət daşıyan “Dünya Türk Dili Ailəsi Günü”nün qeyd edilməsi təşəbbüsü Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan tərəfindən irəli sürülüb və 21 ölkə tərəfindən dəstəklənib. Bu qərarın qəbul edilməsində ölkəmizin beynəlxalq nüfuzu və qazandığı etimad öz sözünü deyir. Çünki, Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatı (TDT) ilə əlaqələri xarici siyasətin prioritet istiqamətlərindən birinə çevrilib və ölkəmizin bu fəal mövqeyi Təşkilatın funksionallığının gücləndirilməsi işinə müstəsna və həlledici töhfə verir. Göründüyü kimi təməli 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində qoyulan Türk Dövlətləri Təşkilatı bu gün beynəlxalq aləmdə geosiyasi təsirini gücləndirir. Bir sözlə, Azərbaycanın və Prezident İlham Əliyevin şəxsi dəstəyi TDT-ni Türk dünyasının gələcəyə hesablanmış qlobal siyasi güc mərkəzinə çevirir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”.
Türk dünyasının inteqrasiyası və ortaq gücü olan Türk Dövlətləri Təşkilatının beynəlxalq gücünün artması ilə paralel olaraq 15 dekabrın “Dünya Türk Dili Ailəsi Günü” kimi təsis edilməsi, gələcəyə ümid verən əlamətdar qlobal hadisə və qürurverici tarixi dəyərlərə söykənən bayramdır.
Nəriman Nəcəfov
