BMT Təhlükəsizlik Şurasında daha təmsilçi və səmərəli olmaq üçün islahatlar aparılmalıdır.
NTV-nin məlumatına görə, bu sözləri Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayev Təhlükəsizlik Şurasının "Beynəlxalq sülh və təhlükəsizliyin qorunması" gündəliyi çərçivəsində "Sülh naminə liderlik" mövzusunda açıq müzakirədə çıxışı zamanı deyib. Diplomatın fikrincə, Azərbaycanın ağrılı təcrübəsi göstərir ki, beynəlxalq hüququn və BMT xartiyasının məqsəd və prinsipləri bərabər, ardıcıl, ayrı-seçkilik və ikili standartlar olmadan tətbiq edilməlidir. İlk növbədə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, onların daxili işlərinə müdaxilə etməmək beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün vacibdir.
“Bundan əlavə, inklüziv çoxtərəflilik vasitəsilə böyük və kiçik bütün dövlətlər, xüsusən də inkişaf etməkdə olan ölkələr qlobal qərar qəbuletmədə bərabər iştirak etmək imkanına malik olmalıdır. Azərbaycan çoxtərəfliliyin prinsiplərini ardıcıl olaraq irəli sürüb və bunu ötən il COP29-a ev sahibliyi etməyimiz, Qoşulmama Hərəkatına, Türk Dövlətləri Təşkilatına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu Konfransına sədrliyimiz və digər beynəlxalq platformalarda getdikcə daha aktiv rol oynamağımızla nümayiş etdirmişik. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv seçilməsi çoxtərəfliliyə töhfə vermək qabiliyyətimizi daha da gücləndirəcək.
Azərbaycan regionda və dünyada sülh gündəliyinin daha da təşviq edilməsi, çoxtərəfli sistemin daha effektiv olması üçün səylərini davam etdirmək əzmini bir daha təsdiqləyir”, - deyə diplomat vurğulayıb.
