Şəhər planlaşdırılması iri maliyyə və infrastruktur layihələrinin əsas təminat mexanizmlərindən birinə çevrilməlidir.
NTV xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş Biznes Dəyirmi Masasında bildirib.
O bildirib ki, maliyyə institutları layihələrin yalnız iqtisadi göstəricilərinə deyil, onların şəhər planlarına uyğunluğuna da diqqət yetirməlidir: "Məsələn, körpü layihəsi şəhər planına inteqrasiya edilmirsə, həmin layihənin dayanıqlılığı sual altında qalır. Sosial və iqlim təhlükəsizliyi standartları mövcud olsa da, şəhərsalma standartları hələ kifayət qədər inkişaf etməyib".
O əlavə edib ki, iqlim dəyişiklikləri ilə mübarizədə şəhərlərin rolu getdikcə daha çox ön plana çıxır: "Yeni nəsil milli iqlim öhdəliklərinin 80 %-ində şəhərlərin əhəmiyyəti xüsusi qeyd olunur. Bu sənədlərin böyük hissəsində mənzil sektoru iqlim siyasətinin əsas komponentlərindən biri kimi göstərilir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) ilk dəfə şəhərlərə həsr olunmuş ayrıca hesabat hazırlanacaq".
