Braziliya milli iqlim strategiyası və şəhərlərin inkişafı siyasəti çərçivəsində 2035-ci ilə qədər geoloji risk zonalarında yaşayan azı 4 milyon insanın mühafizəsini təmin etmək niyyətindədir.
NTV xəbər verir ki, bu barədə Braziliyanın Şəhərlər Nazirliyinin nümayəndəsi Alise Karvalyu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, ciddi infrastruktur çatışmazlığı ilə üzləşməkdə davam edən Braziliya üçün dayanıqlılıq və sosial inteqrasiya məsələləri bir-biri ilə sıx bağlıdır: "Milli iqlim planının məqsədlərindən biri 2035-ci ilə qədər geoloji risk zonalarında yaşayan ən azı 4 milyon insan üçün fəlakət riskinin azaldılması üzrə struktur tədbirlərinin həyata keçirilməsidir".
Nazirlik nümayəndəsinin sözlərinə görə, bu kimi təşəbbüslər həssas icmaların dəstəklənməsinə yönəlmiş inteqrasiya olunmuş ərazi siyasətlərinə keçidə töhfə verir.
Bu kontekstdə, yeni investisiya dövrü çərçivəsində 2024-cü ildə başlanılmış "Periferia Viva" proqramı şəhər periferiyalarında sosial və məkan bərabərsizliyinin azaldılmasının əsas alətlərdən biri kimi nəzərdən keçirilir.
Proqram yerli xüsusiyyətlər və icmaların özlərinin iştirakı nəzərə alınmaqla mənzil, sanitariya, mobillik, ekoloji təkmilləşdirmələr, sosial xidmətlər və risklərin idarə edilməsi sahələrində siyasəti birləşdirən kompleks yanaşmanı nəzərdə tutur.
