Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi” ərzində silsilə tədbirlərin, panel müzakirələrin, plenar sessiyaların, eləcə də qurultaya həsr olunmuş bədii kompozisiyaların, filmlərin və konsert proqramlarının təşkili nəzərdə tutulur. Bununla yanaşı, həftə çərçivəsində Xankəndi şəhərində, Qarabağ Universitetində genişmiqyaslı beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Konfransda Türk dünyasında tanınmış türkologiya üzrə alimlərin iştirakı nəzərdə tutulur.
NTV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib.
O deyib ki, ötən il Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Görüşündə Türkoloji Qurultayın 100 illiyinin TDT çərçivəsində təntənəli şəkildə qeyd olunması ilə bağlı təşəbbüs irəli sürüb, bu təklif təşkilat tərəfindən dəstəklənərək yekun bəyanatda əksini tapıb.
“Dövlətimizin başçısının bu il imzaladığı müvafiq Sərəncamla Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması məqsədilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə Tədbirlər planı təsdiqlənib. Bu çərçivədə il ərzində 100-ə yaxın müxtəlif tədbirin keçirilməsi nəzərdə tutulur və artıq ilin əvvəlindən etibarən bu istiqamətdə fəaliyyətlər həyata keçirilir. Plan çərçivəsində 1926-cı ildə keçirilmiş qurultayın sənədlərinin yenidən nəşri, həmin dövrdəki çıxışların tədqiqi, qurultayda iştirak etmiş 131 alimin və ziyalının fəaliyyətinin araşdırılması, eləcə də ictimaiyyətin maarifləndirilməsi məqsədilə bədii-sənədli filmin hazırlanması nəzərdə tutulur”, - deyə F.Cəfərov vurğulayıb.
