Sentyabrın 3-də Milli Məclisin sədri Sahibə Qafarova İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Ömər Bərəkət əl-Naharla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, Sahibə Qafarova sədri iki dost və qardaş ölkələr olan Azərbaycan ilə İordaniya arasında 32 il öncə diplomatik münasibətlərin yaradılmasından keçən dövr ərzində ikitərəfli münasibətlərin yüksək səviyyəyə çatdırıldığını, hazırda isə müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu bildirib.
Görüşdə ölkələrimiz arasında parlamentlərarası əlaqələrin hazırkı səviyyəsi yüksək qiymətləndirilərək, bu münasibətlərin dərinləşməsində qarşılıqlı səfərlərin rolu və parlament dostluq qruplarının fəaliyyəti vurğulanıb.
Milli Məclisin sədri İordaniya parlamentinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində yaxından iştirakından məmnunluğunu bildirib.
Görüşdə Sahibə Qafarova Azərbaycanla Ermənistan arasında sülh prosesinin gedişi, İordaniya və Azərbaycan parlamentlərinin beynəlxalq təşkilatlarda əməkdaşlığı barədə fikirlərini bölüşüb, səfirə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıb.
