Yanvarın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NTV-yə verilən məlumata görə, görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının cari vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliyi və sair istiqamətlər üzrə əməkdaşlıq məsələləri, əməkdaşlıq platformaları və alətləri üzrə əldə edilmiş razılıqlar, habelə növbəti addımlar nəzərdən keçirilib.
Ceyhun Bayramov öz növbəsində Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə əldə olunan irəliləyişlər və perspektivlər barədə məlumat verib, ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımlar, etimad quruculuğu tədbirləri təqdir olunub. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
