satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Sinqapur arasında mövcud ikitərəfli münasibətlər müzakirə olunub

Azərbaycan və Sinqapur arasında mövcud ikitərəfli münasibətlər müzakirə olunub

Xarici işlər naziri Ceyhun Bayramov ilə Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan arasında telefon danışığı aparılıb.

Bu barədə NTV-yə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, telefon danışığı zamanı Azərbaycan-Sinqapur arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər siyasi dialoqun intensivləşdirilməsi, qarşılıqlı səfərlər, iqtisadiyyat, ticarət, investisiyalar, rəqəmsal transformasiya, innovasiya, nəqliyyat-logistika, təhsil və insan kapitalının inkişafı kimi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialı, ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsi istiqamətində atılan addımların vacibliyini qeyd ediblər.

Çoxtərəfli platformalarda, o cümlədən BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb, beynəlxalq təşkilatların seçkili orqanlarına namizədliklər barədə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov 1 avqust tarixindən etibarən Azərbaycan tərəfindən Sinqapur vətəndaşları üçün vizasız rejimin tətbiq olunması qərarı barədə məlumat verib, bu addımın xalqlar arasında təmasların genişlənməsinə, işgüzar əlaqələrin və turizmin inkişafına, həmçinin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Telefon danışığı zamanı regional təhlükəsizlik məsələləri də müzakirə olunub. Nazir Ceyhun Bayramov postmünaqişə dövründə regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində aparılan işlər barədə qarşı tərəfi məlumatlandırıb.

Bununla yanaşı, Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, regionda nəqliyyat və kommunikasiya xətlərinin açılmasının iqtisadi inteqrasiya və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin son illərdə strateji səviyyəyə yüksəldiyini, bu çərçivədə C6 formatı çərçivəsində əməkdaşlığın, habelə Xəzər dənizi, Orta Dəhliz və digər regional bağlantı layihələrinin Avrasiya məkanında dayanıqlı iqtisadi inteqrasiyanın təşviqinə mühüm töhfə verdiyi qeyd olunub.

Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM