Biz bu oyunları oynayırıq, bəs siz hansılarını oynayırsınız? - FELYOTON

Biz bu oyunları oynayırıq, bəs siz hansılarını oynayırsınız? <font color='red'> - FELYOTON</font>

Bilmirəm sözə-söhbətə necə başlayım, biri var idi, biri yoxla, ya əvvəl zaman içində ilə, amma bildirim ki, bunların heç biri deyil, söhbət elə günümüzün ən müasir dövründən, ən aktual mövzusundan gedir. Burda Molla Nəsrəddini çağırmağın yeridir ki, ay Molla sən deyirdin insanların təhsili yoxdur, çoxlu jurnal, qəzet dərc etmək lazımdır ki, insanlar maariflənib, elm öyrənsinlər ki, gözlərindən qara pərdə yensin... Mən sizinlə o dövr üçün çox razılaşıram, amma bu müasir, maariflənmiş dövrümüzdə, qəzet nədir? sosial şəbəkələr, hər cür kanalları olan televiziya və radiolar, telefon və kompüterin olduğu bu zamanda biz necə edək ki, bu insanların gözündəki qara pərdə düşsün...

Düşünürük qayda qanun, var, yollarımız işıqlı, müasir avtomobil yollarıdır, işıqforlar, piyada keçidləri quraşdırılıb, ətraf yol hərəkət qaydalarının tənzimlənməsi üçün nəzarət polisləri ilə də doludur. Hələ onunda deyim polis olmayan yerlərə kamera quraşdırılıb ki, ay insan yolu düz get, ay sürücü qaydaya əməl edərək avtomobili sür ki, az xətayi- qəza baş versin!

Amma çox təssüf edirəm ki, heç bir xeyri yoxdur... Hər gün insanlar lap uşaq dövrlərinin oyunlarını bu yollarda oynayır. Əşi Allah böyükdür deyib, oyunu mən qazanaram heçnə olmaz düşüncəsi ilə bilə bilə elə səhvlər edirlər ki, deyirsən nə ağıllı olasan nə axmaq, evi dağıdan uşağa necə şəpit kötəyi çəkirsənsə, elə düşüb yerə həmin sürücü və piyadaya da o kötəyi çəkəsən...

Əşi sözümün əsl mənsəbinə keçim deməli belə, mən hər gün Culfa-Ordubad magistral yolu ilə Naxçıvan şəhərinə işə gəlib-gedirəm. Deyəcəm, deyəcəksiniz bu qız lap şişirdib danışır, deyim ki, vallah yox, hər gün eyni səhvlər, fərqli istiqamətli yollarda yaşayaraq gəlirəm, işə mən. Daha nə qədər ay Allah edirəmsə, bir gün Allahda dil açıb, deyəcək bala, mən nə edim! ağıl fikir vermişəm də, bu insanlara! biraz ağıllı hərəkət edib yolu düzgün getsələr heç bu qədər də təhlükə yaranmaz. Qalırsan belə, nə deyəsən, yenə güman Allahın ətəyindən yapışmaqdır.

Gəlin sizə, yollarda oynadığımız oyunların bir neçəsini əhvalat edim. Bəlkə siz də, mənim bu sözlərimlə razılaşarsınız, indidən deyim ki, razı olsanız da sağ olun, olmasanız da! Çünki sağlıqdan əsas heçnə ola bilməz insan üçün…

  Biz səhər 800 -da işə gəlmək üçün yola düşürük, başlayırıq ilk oyunumuz, qaçdı-tutdu oynamağa. Bildirim ki, bizim ilk milli oyunlarımızdan biri bu oyundur. Hər gün yollarda işə gediş-gəlişə görə səhər çağlarında avtomobil sıxlığı olur. Elə buna görə növbəli, səliqəli getmək yerinə biz qaçdı-tutdu oyunu oynayaraq gəlirik. Hərkət qaydalarına görə saatda 60 kilometrlik yolu, ətrafımızdakı avtomobillərin əksəriyyəti saatda 90-la gedir. Hələ marşurut xəttlərində olan avtobus və mikro avtobusları demirəm! Ən aşağı sürət 110 olur ki, avtomobil içi dolu insan, hələ bu az imiş kimi, tələsib ayaq üstə gedənlər də var, bir sözlə, nəfəs alacaq yeri yoxikən sürət azaltmır, yeri gəlir qoşa xəttin üstündə gedir, yeri gəlir əks-istiqamətə də bir addım atır. Aparır-gətirir, əşi heçnə olmaz, mən neçə ilin sürücüsüyəm deyir...

Hə gəlim qaçdı-tutdu oyunun əsas söhbətinə. Avtomobilimiz elə ki, yola düşdü bu qaçanların yaratdığı problemlər bitmirki-bitmir. Önündə gedən maşına bilmir necə bildirsin ki, sən keç sağa əşi sağda maşın olasa belə, sən keç, mən necə olur olsun səni ötməliyəm! Axdan işıq siqnalları verir, yox görür oyunu baş tutmadı, keçir səsli siqnala, nə var, nə yox bu bizdən qaça bilməyib. Səhər-səhər bu qədər təşviş, deyirik ay Allah görən nə olub ki, bu qədər qaçır, yəqin tutanı var ki, qaçır. Baxırıq yox, elə ki, yaxınlaşdıq Çeşməbasar kəndi yoluna (bildirim ki, həmin yolda kamera quraşdırılıb) el dili ilə desək radar var, düşə bilər, tez sürəti azaldıb yoluna davam edir. Amma özünü elə aparır ki, qaçdı oyununda bu qazanıb, hamı qalıb bunun arxasında öndə gedən budu! Burda nə deyəsən, nənəmin sözü düşür yadıma: “afərin oyunu sən qazandın ki, bax beləcə davam et...”.

Növbəti oyunumuz da vallah “ələ-ələ vermək” deyim, “çimdik götürmə” oyunu deyim, bilmirəm gəlin mən danışım, qərarı siz verin, ən yaxşısı... Yenə səhər işə gedirəm bu səhərlərdə və axşam saatlarında Allahı nə qədər çağırıramsa, onu bir o pərvərdigara bilir... Koroğlu heykəli ətrafında çox xətli yol var ki, bu yol dörd şəritli, eyni istiqamətdə gedən yoldur. Ancaq sol tərəfdən bu yola maşınlar da daxil olur, yol hərəkət qaydalarına görə baş yolda hərəkət edən avtomobil birinci keçir, sonra yardımçı yoldakı avtomobillər. Amma buna necə əməl edirik gəlin mən yazım, siz oxuyun. Qərarı da sizə buraxıram, siz verin!

Deməli belə, biz Saat meydanı istiqamətində dönüş etmək üçün dörd xətli yolun sol kənarı ilə hərəkət edirik ki, dönəcəyik, həmin yoldan biraz aşağı istiqamətdə sol köməkçi yoldan baş yola dönüş var. Bax bu yolda gələn sürücü avtomobili yerində saxlayıb, yol vermək yerinə hələ qırıq xətləri ayaqlamağı qalsın bir kənara, elə gəlib sol tərəfdən gedən avtomobililə yapışır ki, deyirsən bəs əl verib görüşəcəyik, yada bilmirəm əl qırtma oyunu oynayır ki, altda qalan üstü qırtsın, səbr edib avtomobilin rahat keçməyinə belə imkan vermirlər. Baxıb deyirsən, budu sənin avtomobilinin əlindən tutub özü ilə aparacaq! əgər əli olsa idi…

Növbəti oyunumuz “əzdi-keçdi”dir. Bu oyun da o qədər həyəcanlıdır ki, adam bu oyunu oynayanda lap Allahdan qanad istəyir ki, əzilən vaxtı qanad açıb uçsun ki, sağlığına bir xətər dəyməsin. Söhbət piyada keçidlərindən gedir. Həqiqəti deyim ki, bu məsələdə hər iki tərəf günahkardır. Niyə? İzah edim. Qayda belədir ki, piyada keçidi olan yerdə əgər işıqforlar quraşdırılmayıbsa, hər iki tərəf ehtiyatlı olmalıdır.  Əgər piyada keçidən keçirsə, ətrafa diqqət edib, gələn avtomobilin ondan 20-30 kilometr aralıda olduğunu yəqin etdikdən sonra addım atmalıdır, belə olduğu halda avtomobil ona çatana kimi ya piyada yolu bitirib səkiyə çatır, ya da avtomobil sürəti azaltmaq imkanı əldə edir. Qaydaya belə əməl olunsa, heç də çətinlik yaranmaz. Amma baxırsan birinin bir səhvi ucbatından iki tərəf, hələ bir neçə nəfər belə çətinliyə düşür.

Öz başıma gələn hadisəni yazım. Piyada keçidi ilə qarşıya keçən zaman baxdım bir avtomobil çox uzaqdan gəlir, dedim o çatana mən çoxdan keçərəm yolu. Elə addım-addım keçirdim ki, demə bu avtomobil hansı sürətdə gəlirmiş ki, belə uzaq məsafəni mənə gəlib çatdı. Yolu mən keçə bilmədim, sürücü də son anda ayağını tormoza qoya bildi. Baxdım ağ saçlı, yaşlı bir kişi, mən deyim baba, siz deyin əmi ya dayı.  

-Nə edirsiniz dedim. Deyir: keç qızım, yol verirəm sənə. Bu sözü məni necə əsəbləşdirdisə, dönüb böyük də olsa, cavab verəcəyəm deyə düşündüm. Necə yol verirsiniz məni əzib-keçməklə… Kişi cavab vermədi, nə qədər qorxduğumu gördü. Nəsə mən də addım nədi, daha qaçaraq tez yoldan çıxdım. Elə o an başladım Allaha şikayətə ki, sən bizə niyə qanad verməmisən ki, belə vəziyyətdə uçub qalxaq havaya ki, əzdi-keçdi oyunu baş tutmasın…

Onu da deyim ki, bu yol oyunlarımızın “ön kəsdi”, “dövrə vurdu”, “arxadan vurdu” ları da var. Bunlarda qalsın növbəti yazımda yazaram. Əsas məsələ budur ki, gələcəyə baxanda bu problemlər çoxalır. Ona görə də, dedim, keçmişə gedib, Molla əmiyə məsləhət edim ki, necə elm yaradaq ki, insanların gözündəki qara pərdə düşsün, maariflənsin? Bu oyunlar daha yollarda oynanılmasın, insan sağlamlığına zərər dəyməsin?

Səriyyə Salahova

Naxçıvan televizisayının əməkdaşı

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM