Canını vətən üçün fəda edən Milli Qəhrəman

Canını vətən üçün fəda edən Milli Qəhrəman

Deyirlər ömür, taleh insana doğulandan yazılır. Hər kəs bu ömrü fərqli yaşayaraq başa vurur. Anacaq bəzi insanlarımız da var ki, Tanrının onlara bəxş etdiyi ömrü xalqına, vətəninə həsr ediblər. Bu müqəddəs yolu seçib, canını vətən üçün fəda edən qəhrəmanlardan biri də Zakir Nüsrət oğlu Məcidovdur. Bildirim ki, ömür payına şəhid adı qazanmaq nəsib olan qəhrəmanımızın bu gün doğum günüdür.

1956-cı il 26 iyunda Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açan Zakir Məcidov ilk təhsilini Bakı şəhər 17 saylı orta məktəbdə almışdır. Sonralar təhsilinə 70 saylı orta məktəbdə davan edən Vətənin igid oğlu fəal və çalışqanlığı ilə digər şagirdlərdən seçilmişdir. Təhsilini başa vuran Zakir 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərində Ali Hərbi Aviasiya Məktəbinə daxil olmuşdur. Məktəbi uğurla bitirən qəhrəmanımız leytenant rütbəsi alaraq Yevlax aviadəstəsində AN-2 təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə başlayır. Üç il burada xidmət edən Zakir Məcidov təyinatla Zabrat aviadəstəsində AN-2 təyyarəsinə komandir təyin edilir. Burada 7 il çalışan vətənin igid oğlu və istehsalatdan ayrılmadan Ukraynanın Kremençuq Təyyarəçilər Məktəbində Mİ-2 vertolyotu üzrə 6 ay təkmilləşdirmə kursu keçir.

Qəhrəmanımız ölkədə milli ordunun əsası qoyulduqdan sonra 1992-ci ilin fevral ayında Bakının Qala qəsəbəsində təşkil olunan 843 saylı hərbi hava hissəsində Mİ-24 vertolyotlarından birinə komandir təyin olunur. Həmin dövrdə Azərbaycan torpaqlarına göz dikib, işğal edən düşmənlə mübarizəyə qatılan Zakir Məcidov idarə etdiyi vertolyotla Ağdərənin Aterk kəndində erməni daşnaklarının yerləşdiyi qərargahı darmadağın edərək düşmənin xeyli texnikasını sıradan çıxarır. Onun uğurlu əməliyyatlarından biri də 1992-ci il avqustun 6-da Kasapet yüksəkliyində baş tutur. Faşist xislətli erməniləri susduraraq geri qayıdan cəsur komandir dördüncü dəfə havaya qalxır. Düşmənə dəfələrlə zərbələr endirən Mİ-24 vertolyotu düşmənin diqqətini özünə çox çəkir. Nəzarətdə saxlanılan vertolyotu vurmaq üçün düşmən artıq məqam axtarır. Bunu hiss edən Zakir isə düşənə aman verməyərək onlara öz şücaətini göstərir. Çətin mübarizənin sonunda düşmənin atdığı raketlərdən biri vertolyotun müvazinətini pozur. Vətənin igid oğlu hər nə qədər hədəfdən yayınmağa çalışsa da, bu baş tutmur. Vurulan vertolyot düşmən ərazisinə düşür və Zakir öz ekipajı ilə birlikdə qəhrəmancasına həlak olur. Qəhrəmanımız Bakı şəhər Şəhidlər xiyabanında dəfn olunur.

Qeyd edək ki, vətən torpaqlarının qorunması üçün fədakarlıq göstərən Zakir Məcidov hərbi hissə qarşısındakı döyüş tapşırıqlarını yerinə yetirib şəxsi igidlik göstərdiyi üçün ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Zakir Məcidov ən yüksək zirvəni qazanaraq qəhrəmanlığı ilə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmağı bacardı. Xalq belə oğulları ilə hər zaman qürur duyur.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM