Bu gün Azərbaycanın Milli Qəhrəmanlarının doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanlarının doğum günüdür

Haqqında məlumat verəcəyimiz qəhrəmanlar torpağını canından artıq sevib, yurdunun keşiyində ayıq-sayıq dayanıb, Ulu babalarının Vətən adlı əmanətini göz bəbəkləri kimi qoruyublar. Belə igidlərimizdən olan Malik Əsədov, Ruslan Muradov, Yavər Əliyev qısa və şərəfli ömürləri ilə hər bir azərbaycanlıya nümunə olublar. Onların həyat yoluna nəzər salaq.

1992-ci il… Şuşanın səması qatı duman ilə örtülmüşdü. Nəbilər kəndi uğrunda mübarizəyə qalxan Azərbaycan polisləri cəsarətlə düşmən hücumunun qarşısını alır, quldur ermənilərə zərbələr endirirdilər. Qəlbində düşmənə nifrət hissi bəsləyən vətənin igid oğlu Malik Əsədov quldurlara aman verməyib, atəşlər açır, yağıların kəndə daxil olmasına imkan vermirdi.

Qeyd edək ki, Yevlax rayonunun Havarlı kəndində 1962-ci il iyun ayının 27-də dünyaya göz açan Malik orta təhsilini əlaçı olaraq başa vurduqdan sonra Mingəçevir şəhər 45 saylı Müstəqil Hərbiləşdirilmiş Yanğından Mühafizə Hissəsində işlə təmin olunur.  Ermənilərin məkirli niyyətindən xəbər tutan vətənin igid oğlu könüllü olaraq üz tutur Qarabağ bölgəsinə. Ağır və çətin döyüşlərdə iştirak edən Malik Əsədov Xocalı, Əsgəran, Ağdam və Şuşa uğrunda mübarizə aparır. İgidlik göstərib, düşmənin başına od ələyən Malik çox keçmir ki, bölmə komandiri təyin edilir. Etdiyi xidmətlərə görə bir neçə dəfə DİN-in fəxri fərmanlarına və mükafatlarına layiq görülən qəhrəmanımız Şuşanın Daşaltı kəndinin ətrafında qəhrəmanlıq göstərib düşmənə sarsıdıcı zərbələr endirir.

Yanvar ayının 18-i gecə saatları idi. Güclü şaxta insan qanını donduracaq dərəcədə idi. Ancaq vətənin igidləri pusuya yatıb düşmən həmləsinin qarşısını alamağa çalışırdı. Qızğın döyüşə başlayan düşmən sayca çox idi. Cəmi 6 nəfər polis işçiləri isə çətin məqamda vətən üçün döyüşməyi özlərinin şərəfli borcu bilirdilər. Həmin zaman sayıqlığını itirməyən Malik düşməni nəzarətə alaraq qəfil atəşlər açırdı. Atdığı hər mərminin düşmənin sinəsini dağıtması qarşı tərəfi böyük qorxuya salmışdı. Belə qəhrəmanların qarşısını almağın çətin olduğunu görən düşmən arxadan kömək istəyərək yenidən hücuma keçdi. Bu zaman yağış kimi yağan mərminin qarşısını alamaq daha da çətin oldu. Bu mübarizədə şəhid olan Malik son damla qanına kimi düşmənlə qəhrəmancasına vuruşdu. Vətənin igid oğlu doğulduğu Havarlı kəndində dəfn olundu. Ondan geriyə üç övladı əmanət qalıb.

Vətəni canından artıq sevib, uğruna canını fəda edən Malik Hamil oğlu Əsədov ölümündən sonra vətən torpaqlarının qorunmasında göstərdiyi igidliyə görə  Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülür. Təhsil aldığı Havarlı kənd orta məktəbinə qəhrəmanımızın adı verilib. Həmçinin həmin məktəbdə və Mingəçevir şəhərində Malik Əsədovun xatirəsinə büst qoyulub.

Gənc ömrünü vətənə həsr edən oğul…

Tarix boyu xalqımız Vətənini qoruyan, bu uğurda canını fəda edən igid oğullar yetişdirmişdir. Onlar istər müstəqilliyimiz uğrunda, istərsə də Vətən torpaqlarının azadlığı uğrunda qəhrəmancasına vuruşub gənc ömürlərini vətənə xalqa qurban ediblər. Belə oğullardan biri idi, Ruslan Muradov.

“Təki Vətən sağ olsun”-deyib torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərə qatılıb qəhrəmanlıq edərək şəhadət şərbətini içən Ruslan Muradov 1973-cü il iyunun  27-də Mingəçevir şəhərində anadan olub. Burada 10 saylı orta məktəbi bitirən qəhrəmanımız Vitebsk şəhərində ali məktəbə daxil olur. Ancaq təhsilini yarım qoyub Mingəçevir şəhərinə geri qayıdır. Burada Mingəçevir Texniki Rezin Məmulatı Zavodunda işlə təmin olunaraq əmək fəaliyyəti ilə məşğul olur.

1988-ci il… Qərbi Azərbaycandan zorla çıxarılan azərbaycanlıların aqibəti Ruslanı çox narahat edir. Tezliklə ordu sıralarına çağrılmağı istəyən qəhrəmanımız bu arzusuna 1992-ci il  yanvarın 22-də çatır. Yeni qurulan Milli Ordunun sıralarına daxil olan Ruslan Muradov Daxili qoşunlarda xidmətə başlayır. Bir neçə ay təlimlərdə iştirak edən qəhrəmanımız aprel ayının 14-də Ağdamın Papravənd kəndinə göndərilir. Bildirək ki, hücuma məruz qalan kənd uğrunda güclü döyüşlər gedirdi. Gənc əsgər olmasına baxmayaraq Ruslan dəyanətli və çox cəsur idi. O, özünümüdafiə batalyonunun əsgərləri ilə birlikdə bir sıra uğurlu əməliyyatlarda iştirak edir. Uğurlu əməliyyatların sonunda kəndi tərk etməyə məcbur olan camaat yenidən öz ev-eşiyinə qayıdır. Kəşfiyyatçı olan Ruslan bu əməliyyatların uğurla başa çatmasında böyük fədakarlıqlar edir.

Bölgədə davam edən qızğın döyüşlər zamanı düşmən ərazisində Azərbaycan silahlı qüvvələrinə məxsus bir təyyarənin vurulması xəbərini alan Ruslan təyyarəçini xilas etmək üçün qarşı tərəfə keçib bir neçə əsgərlə birlikdə əməliyyatlar aparır. Bu zaman  mühasirəyə düşən qəhrəmanımız iki gün düşmənlə ağır mübarizə apararaq mühasirəni yarmağı bacarır. Bu uğurlu əməliyyatı başa vurub avqustun 22-də, Ağdam rayonunun Gülyataq kəndinin azadlığı uğrunda döyüşlərə qatılan Ruslanın bu kənd uğrunda mübarizəsi son döyüşü olur. O, düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olur. Qəhrəmanımız Mingəçevir  şəhərinin  Şəhidlər Xiyabanında dəfn olunur.

Vətən yaşasın, yağı düşmən ayaq basmasın deyə canını fəda edən Ruslan Muradovun ölkə ərazisinin qorunması uğrunda etdiyi xidmətlər Azərbaycan Respublikasının Prezidenti tərəfindən yüksək qiymətləndirildi. Qəhrəmanımız ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü. Xatirəsi əziz tutulan vətənin igid oğlunun adı oxuduğu orta  məktəbə verildi və  məktəbin qarşısında büstü qoyuldu.

Vətənə xidmətləri ilə seçilən qəhrəman…

Bəli, o vətənin bütövlüyü uğrunda böyük mübarizə aparıb, milli ordumuzun formalaşmasına müstəsna xidmətlər göstərib, bu yolda mərdliyi, cəsarəti ilə hər kəsə örnək olacaq bir qəhrəman olub. Xalqın qəlbinə adını əbədi yazan vətən oğullarından biri də Yavər Yaqub oğlu Əliyevdir.

1956-cı il 27 iyunda Bakı şəhərində anadan olan Yavər ilk təhsilini Pirallahı adasında 235 saylı orta məktəbdə alır. Sonra Kremençuq Mülki Aviasiya Uçuş Məktəbinə daxil olan qəhrəmanımız 1977-ci ildə həmin məktəbi bitirir. Pilot uçuşlarına Zabrat aviabirliyində başlayan Yavər Mi-2 və Mi-8 helikopterinin ikinci dərəcəli pilotu kimi xidmət edir. Qüsursuz xidməti ilə helikopter komandiri olur. Qəhrəmanımız peşəkarlığı və müsbət şəxsi keyfiyyətlərinə görə tezliklə Zabrat Aviasiya dəstəsinin uçuş heyətinin komandiri təyin edilir. Yavər hərbi helikopterlərin birinci eskadrilyasının komandiri təyin edildikdən sonra qısa müddət ərzində ən yaxşı Mülki Aviasiya pilotlarını cəlb etməklə vahid və döyüş kollektivini toplayır. O, Zakir Yusifov, Zakir Məcidov, Xanlar Səttarov, Firuz Cəlilov, Faiq Məmmədov və başqaları ilə birgə Azərbaycanın hərbi aviasiyasının tezliklə formalaşması üçün fədakarcasına çalışır. Yeni formalaşan uçuş heyəti 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi başlayan zaman dağlıq rayonların əhalisinin təxliyyəsində, Ağdam və Şuşa kəndləri arasında hava körpüsünün yaradılmasında iştirak edərək, həm də havadan döyüş uçuşları həyata keçirir. Qəhrəmanımız rəhbərlik etdiyi Mi-24 helikopterində bir neçə döyüş uçuşu yerinə yetirib düşmən mövqelərini aşağı hündürlükdən atəşə tutur. 1991-ci ilin sonlarında Kərkicahanda vəziyyət gərginləşməsi nəticəsində yerüstü əlaqə yaradan yollar təhlükə altına düşmüşdü. Çətin vəziyyətlərdə insanların ərzaq qıtlığı yaşamaması üçün ərzaqları ancaq vertolyotlar apara bilirdi. Hər Kərkicahana sarı uçuş istiqaməti götürülən zaman düşmən yarıqlıları vertolyotlarımızın uçuşunu nəzarətdə saxlayırdı. Sonuncu uçuşda düşmənin PDM-ləri vertolyotlarımızı atəşə tutur. Mərmilərdən biri pilotumuzun idarə etdiyi vertolyotu zədələyir. Yavər Əliyev yoldaşlarının həlak olma xəbərini eşidər-eşitməz onları düşmən bölgəsindən çıxarmaq üçün helikopteri ilə havaya qalxır. Viktor Seryogin, Ərəstun Mahmudov, Səfa Axundov cəsədlərini düşmənlə böyük mübarizə apararaq götürə bilir. Həmin dövdə vəziyyətin daha gərginləşdiyini görən qəhrəmanımız böyük səylər göstərərək 1992-ci il fevralın 14-də MDB hərbi hissələrindən Azərbaycana bir neçə Mİ-24 hərbi vertolyotunun göndərilməsinə nayil olur. Yoldaşlarının qisasını düşmənlərdən almağa çalışan Yavər düşmən bölmələrinə ağır zərbələr enirib darma-dağın edir. Bundan təşvişə düşən düşmən durmadan raket atəşi açaraq vertolyotu vurur. Ağır yaralanan qəhrəmanımız şəhidlik zirvəsinə yüksəlir. Vətənin igid oğlu Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilir.

Qeyd edək ki, iki övlad atası olan qəhrəmanımızın peşə yolunu oğlanları davam etdirir.

Azərbaycanın ərazi bütovlüyünün qorunmasında şəxsi igidlik göstərib, Milli Ordunun formalaşlasında müstəsna xidmətlər edən kapitan Yavər Əliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Oxuduğu Bakı şəhəri 235 saylı tam orta məktəb 1994-cü ildən onun adını daşıyır.

 Qeyd edək ki, Azərbaycanın bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ömür yolu hər bir azərbaycanlıya nümunədir. Vətən uğrunda şəhidlik zirvəsinə ucalmaq insan üçün ən böyük şərəf və qürurdur. Xalq belə oğullarını unutmur, xatirəsini əziz tutaraq, daim qəlbində yaşadır.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM