Bu gün milli qəhrəman Seymur Məmmədovun doğum günüdür

Bu gün milli qəhrəman Seymur Məmmədovun doğum günüdür

Odlar yurdu, qəhrəmanlar diyarı olan Azərbaycanın yetirdiyi igid oğullar tariximizdə özünəməxsus iz qoyub. Belə oğullardan biri də Füzulidən olan Seymur Məmmədovdur. O, qısa ömrü ilə hər kəsə nümunə olmağı bacardı. Vətən üçün canını qurban verən Seymur Məmmədov 1971-ci il sentyabr ayının 18-də anadan olub. Vətənpərvər insanlar içərisində böyüyən Seymur orta təhsilini başa vuraraq, Azərbaycan Politexnik İnstitutunun elektrotexnika fakültəsinə daxil olur. Elə həmin ildən rabitə şöbəsində əmək fəaliyyətinə başlayır. 1991-ci ildə ordu sıralarına çağrılan Seymur Məmmədov Vladimir vilayətinin Kovrov şəhərində artilleriya üzrə 6 aylıq kursa göndərilir. Sonra Almaniya və Ukrayna Respublikasının Çerniqov şəhərində xidmətini davam etdirən Seymur doğma vətəndə vəziyyətin çətinləşdiyi xəbərini alır. O, xidmətini başa vurub vətənə qayıtdığı gün könüllü özünümüdafiə batalyonuna yazılır. Həmin ərəfədə bir neçə kənd işğal olunmuş və Qarabağın ətraf bölgələrində güclü döyüşlər gedirdi. Döyüş meydanının ən qaynar nöqtələrində döyüşən Seymur bir çox uğurlu əməliyyatlarda iştirak edərək onlarla azərbaycanlı əsirin azad edilməsində, mühasirəyə düşmüş 11 əsgərin xilasında və bir çox kəndlərimizin düşməndən azad olunmasında əsl qəhrəmanlıq göstərir. Uğurlu döyüş əməliyyatlarında şücaət göstərən Seymur Məmmədov 1992-ci il aprelin 1-də Məlikcan kəndi uğrunda gedən döyüşdə ağır yaralanaraq şəhidlik zirvəsinə ucalır. Ömrünün baharında düşmən gülləsinə tuş gələn qəhrəman Bakı şəhər Şəhidlər Xiyabanında dəfn edilir.

Ölkənin ərazi bütövlüyünün qorunmasında şəxsi igidlik göstərən Seymur Məmmədov Azərbaycan Respublikası Prezidentinin 11 avqust 1992-ci il tarixli 131 nömrəli Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Qəhrəmanın adı əbədiləşdirilərək təhsil aldığı Füzuli şəhər 2 saylı tam orta məktəbə verilib. 2019-cu ildə Çingiz Həsənovun rejissorluğu ilə ”Salnaməfilm” studiyasında Milli Qəhrəman haqqında "Qartal yuvası" sənədli film çəkilib.

Azərbaycan var olduqca, tarix yaşadıqca siz də yaşayacaq, daima bayraq olub köksümüzdə dalğalanacaqsız. Biz bu gün varıqsa, biz bu gün torpaqlarımızda azad nəfəs alırıqsa aldığımız hər nəfəsdə sizi xatırlamağa borclu və minnətdarıq. Ruhun şad olsun Vətən oğlu.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM