“Qürur duy, məğrur duruşunla məni xatırla” - FOTOLAR

“Qürur duy, məğrur duruşunla məni xatırla”<font color=red> - FOTOLAR</font> “Qürur duy, məğrur duruşunla məni xatırla”<font color=red> - FOTOLAR</font> “Qürur duy, məğrur duruşunla məni xatırla”<font color=red> - FOTOLAR</font>

Şəhid kapitan Elcan Balabəylinin həyat hekayəsi

Bir gün haçansa Elcandan xəbərsiz ailəsinin qonağı olacağım heç ağlıma gəlməzdi... O mənim yaddaşımda ucaboy, arıq, intizamlı və özünə qapanıq biri kimi qalıb. İri, ala gözləri vardı. Baxışlarına sirli bir dünya sığışmışdı: O dünyada Vətən vardı, torpaq vardı, neçə-neçə qaçqının ağır taleyi vardı. Bir də təbii ki, düşmənə dərin nifrət vardı.   Elcanı Heydər Əliyev adına Hərbi Liseydən tanıyırdım. Müəllim kimi onunla fərdi söhbətim də olmuşdu. O xatirələrin üzərindən illər keçib. Boş qalmış otağında divardan asılmış şəkilləri ilə üz-üzə dayanmışam. İndi bir kursantla deyil, igid zabit, cəsur döyüşçü, neçə-neçə medalın sahibi, iri cüssəli, sərt baxışlı Elcanla üz-üzə dayanmışam.Taleyin nə qəribə gərdişi varmış...  

Balabəyli Elcan Vasif oğlu 12 mart 1992-ci ildə Naxçıvan şəhərində anadan olub. 1998-2007-ci illərdə Naxçıvan şəhər Mirəsgər Seyidov adına 15 saylı tam orta məktəbdə təhsil alıb. Anası Səkinə xanım deyir ki, dərslərini əla oxuyurdu. Hətta bir dəfə aşağı qiymət almışdı deyə mənim üzümə baxa bilmirdi. O qədər inadkar, fədakar və qətiyyətli idi ki, atası da, mən də onu tamamilə başqa sahədə görürdük. Potensialı var idi. Birinci ili önünə keçdik. Lakin ikinci ili onun hərb peşəsinə olan sevgisi qarşısında dayana bilmədik. 2007-ci ildə yüksək balla Heydər Əliyev adına Hərbi Liseyə daxil oldu. Uğurlar arzuladıq.   Atası Vasif kişi deyir ki, nəslimizdə hərbçi olmayıb. Elcan ailəmizin ilk övladı idi. Balaca qardaşı Elçinlə onu tez-tez Şəhidlər xiyabanına aparardım. Xiyabanda dəfn olunan şəhidlər arasında dostum Bahadur Abbasov da var idi. Mənim dostuma, şəhid qardaşlarımıza olan ehtiramımı Elcan həmişə diqqətlə izləyərdi. Orta məktəbdə bütün hərbi-idman oyunlarına qatılar, fəxri fərmanlarla geri dönərdi. Onun tale yolu artıq seçilmişdi...   Elcan Balabəyli Hərbi liseyi bitirib 2010-2014-cü illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hava hücumundan müdafiə ixtisası üzrə təhsilini də müvəffəqiyyətlə başa vurur. 2014-2015-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçir. 2015-ci ildən Azərbaycan Ordusunun sıralarında zabit kimi xidmət dövrü başlayır. Döyüş və ictimai-siyasi hazırlığın yüksəldilməsində, hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə bir sıra fəxri fərmanlara layiq görülür. 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə, 2021-ci ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilir. Lakin bunlar son deyildi. 2016-cı il Aprel döyüşləri qələbəmizin qığılcımı kimi tarixə düşdü. Bir sıra strateji yüksəklik düşməndən təmizlənir. Elcan Balabəyli Lələtəpə istiqamətində xidmətini davam etdirir.  

2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsi nəinki ordumuzun gücünün, həm də xalqımızın birliyinin təcəssümü oldu. Kapitan Elcan Balabəylinin döyüş yolu Füzulinin Alxanlı kəndindən başladı. Bir neçə saat ərzində Füzulinin bir sıra kəndləri düşməndən təmizlənir. Bütün atəş vasitələrindən istifadə edərək dərinliyə doğru irəliləyən qüvvələrimizin qarşısını almaq istəyən düşmənin cəhdləri boşa çıxır. Şiddətli döyüşlərdə Elcan qəlpə yarası alır. İlkin tibbi yardım göstərilir və təxliyə olunması məsləhət bilinir. Lakin Elcan son ana qədər döyüşəcəyini bildirərək fəaliyyətini davam etdirir. Füzulidən başlayan döyüş yolu Xocavənddən Şuşaya qədər davam edir. Şuşaya ilk ayaq qoyan döyüşçülərdən biri olan kapitan Elcan Balabəyli ailəsinə sevincli xəbəri çatdırır. Düşmən təslim olur. Xalq zəfərini qeyd edir. Belə şadyana vaxtlarda Elcan Naxçıvana, ailəsinin yanına gəlir. Qəhrəman döyüşçü hava limanında alqışlarla qarşılanır. Elcan ilk olaraq Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu xiyabana gəlir...   2021-ci ildə Elcanın toy hazırlıqları başlayır. Atası toyu iyulun 14-nə təyin edir. Bunu eşidən Elcan "Həmin gün Milli qəhrəmanımız Polad Həşimovun anım günüdür", - deyə etiraz edir. Beləliklə, toy ayın 16-na təyin olunur.   Xoşbəxt ailə həyatına qədəm qoyan Elcan xidmətinə davam edir. Məğlubiyyəti ilə hələ də barışmayan düşmən həyata keçirilmiş sonrakı əməliyyatlardan da yetərli nəticə çıxarmamışdı. Düşmən daha da azğınlaşırdı. Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi hallar zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi.  

Sentyabrın 19-u səhər saatlarında Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması düşmənin pozuculuq fəaliyyətinin önlənməsini şərtləndirdi və əməliyyat tədbirləri başlandı. Kapitan Elcan Balabəyli də tabeliyindəki heyət ilə Ağdərə istiqamətində döyüşlərə cəlb olundu. Əsgərləri hər vəchlə qoruyan kapitan Balabəyli düşmən qüvvələrinin fəaliyyətlərini dəf edir, snayper atəşi ilə başından aldığı yaradan qoruduğu, sevdiyi torpağa sarılır. "Əgər şəhid olarsam, qolumdakı saatı mütləq atama çatdırın", - demişdi. Həyatının son anında belə bu istəyini qolunu irəli uzatmaqla ifadə edir.   23 saat 50 dəqiqə müddətində yekunlaşan lokal xarakterli antiterror əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları təslim olur. Düşmənin məğlubiyyətində Elcanın da payı var idi...  

20 sentyabr 2023-cü ildə Elcan Balabəylinin nəşi Naxçıvana gətirilir. Vətən müharibəsindən sonra Naxçıvana gəlişində ilk ziyarət etdiyi şəhidlərin yanında dəfn edilir.   İndi həmin saat Elcanın vətənpərvərliyini, igidliyini əşyaları ilə təcəssüm etdirən otağında sərgilənir. O vaxtdan heç dayanmayıb. Zamanı göstərir. Bəlkə də, Elcan onunla qürur duyan atasına həyatın davam etdiyini, mübarizədən ibarət olduğunu və bu mübarizədən qalib çıxmağı, səbirli olmağı arzulamışdı. Kim bilir...   Qardaşı Elçin Elcanın yaxasını medallar bəzəyən hərbi formasını göstərir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə verilən "Hərbi xidmətlərə görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medallarını Elcan özü formaya sancmışdı, - deyir. İxtisasını artırmaq məqsədilə oxumağa gedəcəkdi. Bunun üçün artıq ilkin hazırlıqlar başa çatmışdı. O, daha ali mərtəbəyə - şəhidlik məqamına ucaldı. Mən onunla qürur duyuram".   Ölümündən sonra Elcan Balabəyli Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "İgidliyə görə" medalı ilə təltif edilib.   Canını çox sevdiyi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına fəda edən Elcanın da arzuladığı kimi: Qürur duy, məğrur duruşunla onu xatırla, Səkinə ana. Bizim borcumuz Elcan Balabəyli kimi igidlərin seçdiyi yola - Vətən yoluna sayğı göstərmək və daim onları sevgi ilə xatırlamaqdır!                                                      

Ruhiyyə RƏSULOVA                      

Naxçıvan televiziyasının baş redaktoru        

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM