Tarixi ədalətin bərpası – Zəfər Günü

Tarixi ədalətin bərpası – Zəfər Günü

  Bildiyimiz kimi, ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 3 dekabr 2020-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamla ölkəmizdə hər il 8 noyabr “Zəfər Günü” kimi qeyd olunur. Bəli, məhz tarixin bu günü, yəni 8 noyabr şanlı tariximizə qızıl hərflərlə yazılmış, tarixi ədalətin və haqqın bərpa edildiyi müqəddəs Zəfər Günüdür…

Son 200 illik tariximizə nəzər saldıqda Azərbaycan tarixinin milli faciələrlə, müharibələrlə, soyqırımlarla, o cümlədən tarixi torpaqlarımızın işğalı, soydaşlarımızın doğma el-obamızdan, torpaqlarımızdan, öz dədə-baba yurdlarından zorla köçürülməsi və deportasiya olunması kimi tarixi ədalətsizliklərlə yadda qaldığını görürük. Hər birimizə məlumdur ki, tarixin müəyyən dövrlərində Azərbaycan ərazisinə köçürülən erməni etnik qrupları daim Türk dünyasına və müsəlman xalqlarına qarşı düşmənçilik siyasəti aparmış, havadarlarına sığınaraq yaşadıqları ərazilərdə satqınlıq mövqeyi ilə seçilmiş, daim torpaq davasında, habelə ərazi iddiasında olmuşlar. Tarixboyu dövləti, dövlətçilik mövqeyi olmayan bu etnik qrup müəyyən dövrlərdə Azərbaycandan qopardıqları torpaqlar hesabına dövlət yaradaraq məkrli niyyətlərinin, o cümlədən müxtəlif terror aktlarının müəyyən bir qismini həyata keçirmişlər.

Azərbaycana qarşı ərazi iddialarını gerçəkləşdirmək üçün Ermənistanın 1988-ci ildən başlatdığı və 1992-ci ildə genişlənən işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın ərazisinin 20 faizi işğal altına düşmüşdü. Azərbaycanın tarixi torpaqları hesabına dövlət yaratmış Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə salınmışdı. Bununla yanaşı, xalqımıza qarşı milli nifrət və düşmənçilikdən qaynaqlanan ağır cinayət aktları həyata keçirilmiş, XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı kimi bəşər faciəsi və digər qətliamlar, cinayətlər törədilmişdir. Bu tarixi zülmətə və ədalətsizliyə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, daha dəqiq desək, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra son qoyuldu. Qısa zaman ərzində ölkəmiz öz uğurlu inkişaf yoluna qədəm qoydu. Və təsadüfi deyildir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu, iqtisadiyyat, təhsil, elm və digər sahələri əhatə edən inkişaf strategiyasının Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 30 ildən artıq düşmən tapdağında olan torpaqlarımız qüdrətli, cəsur Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi…

27 sentyabr 2020-ci il tarixdə Ermənistanın hərbi təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı ilə başlanan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Bu, yüz illər boyu Azərbaycanın, soydaşlarımızın arzusunda olduğu tarixi ədalətin bərpası, dövlətçilik tariximizə qızıl hərflərlə yazılan milli dirçəlişin təntənəsi idi. Azərbaycanın hərb meydanında əldə etdiyi möhtəşəm qələbələr, xüsusilə tarixi və ordumuz üçün strateji əhəmiyyətə malik olan Şuşanın düşmən tapdağından azad edilməsi müharibənin taleyinə çox mühüm təsir göstərdi. Hesab edirik ki, Şuşa şəhərinin işğaldan azad edilməsi üçün aparılan mübarizə və döyüş əzmi xalqımızın savaş tarixində, bundan sonra da hər zaman böyük iftixar hissi ilə xatırlanacaqdır…

2023-cü il sentyabrın 19-da başlayan və 23 saat davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Böyük qürur hissiylə şahid olduğumuz, böyük iftixar hissi ilə yaşadığımız bu qalibiyyətə dövlətimizin iqtisadi gücü, müasir ordu quruculuğunun parlaq nəticəsi, xalq-iqtidar birliyinin sınmaz əzmi, Azərbaycan xalqının əqidə bütövlüyü, vətənpərvərliyi və iradəsi sayəsində nail olunmuşdu. Bu gün qürurla deyirik ki, XX əsrin müxtəlif dövrlərində xalqımıza qarşı həyata keçirilən soyqırımlarda həlak olan soydaşlarımızın, Xocalıda soyqırıma məruz qalan həmvətənlərimizin, insanlığa sığmayan vəhşətlə öldürülən şəhidlərimizin, Gəncə, Bərdə və digər şəhərlərimizdə, rayonlarımızda şəhid olan soydaşlarımızın qisası hərb meydanında alındı. Azərbaycan xalqının başına gətirilən faciələrin müəllifləri olan ermənilər və onların havadarları bu qətliamlara görə layiqli cəzalarını aldılar. Bir sözlə, işğalçı Ermənistan ağır məğlubiyyətə düçar oldu. Ordumuzun əks-hücum əməliyyatı ilə başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində dövlətimiz parlaq qələbə qazandı. 30 illik ədalətsizliyə son qoyuldu, tarixi ədalət bərpa edildi. Qədim Şuşadan başlayaraq Qarabağımızın dörd bir tərəfində, Xocalıda, Xankəndidə üçrəngli Azərbaycan Bayrağı dalğalandı. Bütün bu nailiyyətlərə şahidlik etdiyi üçün, habelə şanlı zəfəri yaşadığı üçün Azərbaycan xalqı xoşbəxtdir. Biz bu xoşbəxtliyi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında düşmənə ağır zərbə vuran müzəffər Ordumuza, ərazilərimizin bütövlüyü və suverenliyi uğrunda, Vətən naminə sağlamlıqlarını itirən qazilərimizə, canlarından keçən şəhidlərimizə borcluyuq.

Müzəffər Ali Baş Komandanın böyük sərkərdəlik məharətinin, yenilməz, güclü iradəsinin və qətiyyətinin, rəşadətli Azərbaycan Ordusunun cəsarətinin, qorxmazlığı, döyüş əzminin və peşəkarlığı sayəsində qələbəyə nail olunmuşdur. Azərbaycanın qədim və əzəli tarixi torpağı olan Qarabağın düşmən tapdağından azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyətdən qurtarmış və onu qalib xalqa çevirmişdir. 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixinin şanlı səhifəsidir. Ədalətin, haqqın bərpa olduğu və dirçəldiyi gündür. Bu əlamətdar gündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi naminə canlarından keçən, bu tarixi zəfərləri və nailiyyətləri bizə bəxş edən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Allah şəhidlərimizə rəhmət eləsin…

                                            Mövlan Məmmədov

     Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

 

 

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM