NUHÇIXAN xəbər verir ki, noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının yaranmasının növbəti ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Şuranın kollektivi Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Kollektivə Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib.
Daha sonra Şuranın inzibati binasında tədbir davam edib. Tədbiri giriş sözü ilə açan AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxış edərək, AHİK sədri Cənab Sahib Məmmədovun Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına bu əlamətdar gün münasibətilə ünvanladığı təbrik məktubunu səsləndirib. Şura sədri çıxışında bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederiyasının ayrılmaz tərkib hissəsi kimi fəaliyyət göstərən Şura yarandığı gündən bu günədək vətəndaşların hüquqlarının müdafiəçisi kimi sosial problemlərinin həlli və əmək hüquqlarının təmin olunması sahəsində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.
Vurğulanıb ki, Şura bundan sonra da fəaliyyətini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tələblərinə uyğun quracaq, ittifaq üzvlərinin hüquq və mənafelərini müdafiə etməyə çalışacaq və muxtar respublikanın inkişafına öz töhfəsini verəcəkdir.
Digər çıxış edənlər isə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının keçdiyi tarixi inkişaf yolu və həyata keçirilən əhəmiyyətli tədbirlər haqqında məlumat veriblər.
Sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında həmkarlar İttifaqı fəallarının mükafatlandırılma mərasimi olub. Şuranın 11 nəfər həmkarlar ittifaqı fəalları AHİK-in Fəxri Fərmanı ilə, 19 nəfər fəal isə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının Fəxri Fərmanı ilə təltif olunublar.
Sonda Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının ötən dövr ərzindəki fəaliyyətini əks etdirən videoçarxa baxış olub.