Ölkəmiz tarixin qürurverici günlərini yaşayır. COP29 hazırda davam edir. Sessiya ən yüksək şəkildə keçir, təhlükəsizlik ideal şəkildə təmin olunur. Gələn 75 minə yaxın qonaq bir daha yaddaşına qızıl hərflərlə yazır ki Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Və bu mötəbər tədbirlə Azərbaycan beynəlxalq töhfələrini verməyə davam edir.
Bakıya gəlməkdən qorxanlar, öz canının hayına düşənlər, oturub tin-bucaqda qiybət edirlər ki, guya nağılların sonundakı göydən düşən üç almanın biri Azərbaycanın qucağına düşüb və bununla da Azərbaycan COP29-a ev sahibliyi edib. Həmçinin onu da deyirlər ki, nə olsun Azərbaycanda keçirilib, onsuz COP-la bağlı hədəflərinə çatmayacaq. Deyilənlər bir yana, bir də həqiqətlərə baxaq:
Azərbaycan tək seçim olaraq alternativsiz ev sahibi oldu. Azərbaycan keçmiş SSRİ ərazisində COP-a ev sahibliyi hüququ qazanmış yeganə respublika oldu. Azərbaycan yaşıl dünya naminə həmrəyliyin mərkəzi oldu. Azərbaycan 29 il sonra ilk dəfə Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan, Macarıstan, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Çexiya, Ermənistan, Gürcüstan, Xorvatiya, Monteneqro, Kosovo, Quzey Makedoniya, Moldova, Polşa, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Yunanıstan və Kıprısı üstələyərək COP29-a ev sahibliyi etdi. Bunu göydəndüşmə saymaq da olmaz. BMT TŞ-nin qeyri-daimi üzvü, Qoşulmama Hərəkatının üzvü və sədri, l Avropa Oyunlarına, IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edən Azərbaycan COP29-a da uğurla ev sahibliyi edir. Azərbaycan vicdanlı ölkələr tərəfindən işğal olunmuş torpaqlarını azad etdikdən sonra sayğı və hörmətlə qarşılandı. Bizi sevənlər və sevməyənlər tərəfləşdi. Həqiqət gün kimi ortaya çıxdı.
Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti COP29 çərçivəsində görüşüb əlini sıxdığı liderlərin sayı qədər qonaq qəbul etməyən ölkə liderləri çoxdan çoxdur. Bunu da anlayışla qəbul edir, başa düşürük. Biz əl uzadırıq, əl veririk kim tutsa dostumuz, tutmasa…atalar demişkən: “İtlə dostluq et çomağını yerə qoyma”.
Azərbaycan dəfələrlə bərpa olunan enerji, enerji saxlama infrastrukturlarının inkişafı, metan emissiyalarının azaldılması ilə bağlı bir sıra önəmli öhdəliklərlə çıxış edib. Buna görə də COP29, ölkənin “yaşıl enerji” sahəsindəki öncüllüyünü təqdim etmək və neft-qaz istehsalçısı kimi beynəlxalq aləmdəki mövqeyini gücləndirmək üçün fürsətdir. Həmçinin konfransın əsas mövzuları arasında iqlim maliyyəsi və “yaşıl enerji”yə keçid də var. İqlim dəyişikliyinin qarşısını almaq üçün karbon emissiyaların azaldılmasında lazımi irəliləyişin olmadığı görünəndir. Məhz 29-cu konfransda bu mövzular gündəmdə və çıxış yolları axtarılmaqdadır. Kimlərinsə gəlməməsində biz maraqlı olmadıq. Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoqa verdiyi danılmaz töhfələri, beynəlxalq tədbirlərə yüksək səviyyəli ev sahibliyi təcrübəsi ilə gəlməyənlərə də “Gəl, gəl!” – deyirdi. COP elə bir tədbirdir ki, bir gün bizdə…bir gün onlarda. Atalar demişkən: “Dilini saxlayan salamat olar”. Necə ki ermənilər ta demir, Qarabağ Ermənistandır!
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru