Yer kürəsi böyük olduğu qədər həm də çox balaca və dardır. Dünyanın o başında baş verən hadisə cəmi bir neçə dəqiqə sonra bu başına çatır. Bəlkə də, zaman çox qısalıb deyə bilmərəm, amma və lakin səbəblər və amillər çoxdur. Baş verən yaxşı və pis hadisələr cəmi bir neçə dəqiqə sonra evimizdə, qulağımızın dibində oturur. 2009-cu ildə kino ekranlarında bir film nümayiş olundu. Adı belə idi “Haçiko: ən sadiq dost”. Yapon dilində “hachi” “səkkiz”, “ok” şəkilçisi isə sədaqət deməkdir. Baş rolda Riçard Gere və Joan Allenin rol aldığı bu filmə, demək olar ki, baxmayan filmsevər qalmayıb. İndi isə sizə hekayədən bəhs edim. İtlə insanın dostluğundan. 1924-cü ildə Tokyo Universitetində işləyən yapon professoru Hidesabura Ueno kiçik bir it balası aldı. Hachiko 8 aprel 1923-cü ildə Odatede doğulmuşdu. Professor itinə yaponcada “səkkiz dənə” mənasını verən “Haçiko” adını qoydu. Akita cinsi olan Haçiko sahibini metro stansiyasına qədər uğurlayar, axşam isə elə oradaca sahibini qarşılayaraq evə dönərdilər. Bu ağıllı it sahibinin evə dönüş saatlarını və eyni yoldan istifadə edəcəyini hiss edərək hər gün metro önünə gəlirdi. Birlikdə olduğu bir il ərzində bir dəqiqə belə gecikmədi sahibini qarşılamağa.
Adi günlərdən biri idi. Evdən sahibi ilə oynaya-oynaya çıxıb sahibini uğurlayan Haçiko axşam onu qarşılamaq üçün metro stansiyasında gecə boyunca gözlədi. Bir sonrakı gecə yenə gəlmədi professor. Beləcə, bir neçə gün də gəlmədi professor getdiyi yerdən. Dilsiz-ağızsız heyvan, fəqət bilmirdi ki, professor infarkt keçirib, elə auditoriyada tələbələrinin qollarında gülümsəyərək həyata vida edib. Beləcə, bu hadisədən xəbərsiz məsum Haçiko günlərcə, həftələrcə, aylarca, hətta illərcə sahibini inadla gözlədi. Bu inad tam 10 il boyunca davam etdi. Haçikonun illərcə stansiyada sahibini gözlədiyini və bir gündə görüş yerinə yubanmadığını görən stansiya müdiri və məhəllə sakinləri gündəlik olaraq Haçikoya yemək gətirir, onu tək qoymurdular. Hər gün saat 15:00-da stansiyada sahibini gözləyən Haçikonun hekayəsi bütün Yaponiyada dildən-dilə gəzirdi. İnsanlar onu görmək, sevmək və ac qoymamaq üçün Shibuya stansiyasına axın edirdilər. Düz 10 il sonra, 12 yaşındaykən, 1935-ci ildə metro qapısında həyata gözlərini yuman Haçikoya elə oradaca heykəl ucaldıldı.
Bu gün Tokyoya gedənlər Shibuya stansiyasının qapısında ilk qarşılaşdığı heykəl vəfa simvolu Haçikodur. Haçiko Yaponiyada sədaqət, dostluq, insan və heyvan əlaqəsinin simvolu kimi anılır. İkinci Dünya müharibəsi zamanı şəhərlə birgə Haçikonun heykəli dağıdılsa da, 1948-ci ildə yenidən bərpa edildi.
İndi Shibuya stansiyasının həmin qapısı Haçiko çıxışı olaraq bilinir və vəfa borcu olanlar bir-birini burada axtarır və tapırlar. 8 apreldə bir çox heyvansevərlər bu heykəlin qarşısında görüşür, Haçikonu anırlar.
Göz qırpımında axıb keçən zamanda bir-birimizə ehtiram olaraq vəfa göstərək, anaq və anılaq. Gəlimli-gedimli, bir ucu ölümlü dünyada xatirələrdə yaşamağı bacaraq. Hərəmiz bir heyvansevər, hərəmiz bir vəfa simvoluna çevrilək…insan olaraq!
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru