satellite   Azerspace-1: 11135 H 30000

Qızılın qiyməti kritik həddə yaxın səviyyədədir

Qızılın qiyməti kritik həddə yaxın səviyyədədir

ABŞ-də inflyasiyanın yüksək səviyyədə qalması və Federal Ehtiyat Sisteminin (FED) rəsmilərinin sərt pul siyasətinin davam etdirilməsinə işarə edən açıqlamaları dekabr ayında faiz artımı gözləntilərini gücləndirib. Bu proseslər fonunda qızılın bir troya unsiyası psixoloji hədd hesab edilən 4 min dollara yaxın səviyyədə ticarət olunur.

NTV xəbər verir ki, qızılın bir unsiyasının qiyməti hazırda 4 min 50 dollar ətrafında dəyişir.

Birləşmiş Ştatlarda oktyabr ayı üzrə istehlak qiymətləri indeksinin gözləntiləri üstələməsindən sonra kəskin yüksələn ABŞ dövlət istiqrazlarının gəlirliliyi bütün müddətlər üzrə sabit qalıb. Dollar indeksi də əsasən dəyişməz olub. Bazar iştirakçıları artıq FED-in dekabr ayında uçot dərəcəsini 0,25 faiz bəndi artıracağını nəzərə alırlar. Borclanma xərclərinin artması qızılın qiymətinə təzyiq göstərir. Dolların möhkəmlənməsi isə qiymətli metalı digər valyutalara sahib investorlar üçün daha bahalı edir.

Mənfi amillərə baxmayaraq, qızılın bir unsiyasının qiyməti 4 min dollar həddindən yuxarı qalmağı bacarıb. Bu isə təhlükəsiz investisiya vasitələrinə tələbatın qiymətə dəstək verməyə davam etdiyini göstərir. İnflyasiyanın davamlı xarakter alması və pul siyasətinin sərtləşdiriləcəyi ilə bağlı gözləntilər qısamüddətli perspektivdə qızıl bazarına təzyiq göstərsə də, mərkəzi bankların qiymətli metal alışları davam edir. Analitiklər bildirilər ki, qızıl likvidlik təmin edən aktiv rolundan uzaqlaşırmış kimi görünsə də, fond bazarında baş verən korreksiyaya baxmayaraq, qiymətlər dayanıqlılığını qoruyub.

Çikaqo FED-in rəhbəri Ostin Qulsbi oktyabr ayı üzrə istehlak qiymətləri hesabatını “narahatedici” adlandırıb. “Biz getdikcə dərinləşən real inflyasiya problemi ilə üzləşirik və bununla mübarizə aparmalıyıq”, – deyə o bildirib. Dallas FED-in rəhbəri Lori Loqan isə uçot dərəcəsinin ən azı iki dəfə 0,25 faiz bəndi artırılmasına ehtiyacın hələ də qaldığını bildirib. Onun sözlərinə görə, bu artımların tempi FED-in payız aylarında izlədiyi tempdən daha sürətli ola bilər. FED-in digər rəsmisi Kristofer Uoller isə daha əvvəl dekabr ayında uçot dərəcəsinin 0,5 faiz bəndi artırılması ehtimalını gündəmə gətirmişdi.

Digər qiymətli metallar bazarında isə fərqli dinamika müşahidə olunub. Gümüşün qiyməti ticarət sessiyasının əvvəlində 3,5 faiz azaldıqdan sonra 2,7 faiz artaraq bir unsiya üçün 52,95 dollara yüksəlib. Platin və palladiumun qiymətlərində də cüzi artım qeydə alınıb.

ABŞ dollarının məzənnəsini əks etdirən indeks isə bir qədər geriləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM