Gecikmiş etiraf...Həqiqət üzə çıxır!

Gecikmiş etiraf...Həqiqət üzə çıxır!

25 dekabrda adi günlərdən biri ola bilərdi Azərbaycan vətəndaşlarının həyatında. Lakin elə olmadı. Azərbaycana məxsus təyyarəyə Qroznı səmasında Hava Hücumundan Müdafiə sistemləri ilə xəsarət yetirildi. Bununla da tamamlanmadı hadisələr. Təyyarənin nə Qrzonı Hava Limanına, nə də o ərazidəki digər hava limanlarına enişinə şərait yaradılmadı. Nəticədə, təyyarə Xəzər dənizi üzərindən uzun məsafə qət edərək Azərbaycanın dost dediyi, qardaş adlandırdığı Qazaxıstanın Aktau Hava Limanına enmə təlimatı alsa da, iş işdən keçmişdi. Mənəm-mənəmlik və şəxsi ambitsiyalar ucbatından bir təyyarədə səfərdə olan bir neçə ölkənin vətəndaşı qəza nəticəsində həyatını itirdi və xəsarət alanlar oldu.

Bu hadisədən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə yaranan komissiya Qazaxıstana yola düşdü, qəzanın və zərərçəkmişlərin vəziyyəti ilə elə yerindəcə tanışlıq oldu. Prezident isə Rusiya Federasiyasına MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə gedərkən elə havada dərhal geri dönmə tapşırığı verdi. Azərbaycan hava limanına çatar- çatmaz müşavirə keçirən Prezident məsələnin tam araşdırılaraq Azərbaycan və dünya ictimaiyyətinə həm komissiyanın işi, həm də cinayət işi ilə bağlı məlumat verilməyini tapşırdı.

Hadisələrin gedişi, istintaqın nəticələri, şahidlərin ifadələri, təyyarədəki izlər və qəza zamanı çəkilən kadrlar təyyarənin Qroznı üzərində HHM vasitələri ilə vurulduğunu təsdiqləyir. Məlumatlara görə, Qroznı şəhərinin ətrafı son zamanlar “Pantsir-S1” zenit-raket artilleriya kompleksi ilə gücləndirilib. Onda belə çıxır ki, ya bu kompleksin avtomat rejimi var hədəfi seçir və məhv edir, ya da kompleksin heyəti təyyarəni dron hesab edərək səriştəsizlikdən atəş açıb.

Axı birinci dəfə deyil ki, Rusiya ərazisi dron hücumlarına məruz qalır. Bu hal baş verdikdə isə təyyarələr ya qəbul edilmir, ya da fərqli hava limanlarına yönləndirilir. Və yaxud hava məkanı tamamilə qapalı elan olunur. Ən azından aviasiyada “gözləmə” zonası deyilən bir anlayış var. Təyyarə qısa müddətliyinə o coğrafi nöqtəyə göndərilir ki, problem aradan qaldırılandan sonra yenidən hava limanına yönləndirilsin. Qroznı ən azından təyyarəni qəbul etməmişdisə, yönəldə bilərdi özündən 100-150 kilometr məsafə aralıqdan olan beynəlxalq hava limanlarına ki, orada ən azı 7-8 belə hava limanı mövcuddur. Qəza vəziyyətində olan təyyarəyə eniş icazəsi verməmək, ölümə göndərmək barbarlıqdır, vəhşilikdir. Bunların heç biri təmin olunmadığı halda ağla gələn yeganə sual bu olur ki, insanlar göz görə-görə ölümə göndərilib ki, atalar demişkən: “At izi it izinə qarışsın”.

Təyyarədə idarəetmə sisteminin mexaniki sıradan çıxma halı baş verdikdə, adətən, işçi maye axır. Və maye azaldıqca təyyarənin idarəetməsi çətinləşir. Bizim təyyarədə, təxminən, o vəziyyətdə 20-30 dəqiqə hərəkətinə davam edib. Bu da onu sübut edir ki, Azərbaycan pilotları nə qədər professional və peşəkardır. Düşünün ki, təyyarənin iki əsas hissəsi sıradan çıxır və pilotlar təyyarəni 30 dəqiqəyə yaxın havada saxlaya və quruya oturtmağı bacarır.

Səmada həyat qurtaranlar

Təyyarədə çəkilən videolardan da aydın sezilir ki, stüardessa pilotun tapşırığına əsasən məlumat verir ki, 20 nəfər qabağa gəlsin. Bu o deməkdir ki, təyyarə idarəetməni itirdiyindən pilot son çarə olaraq içəridəki tarazlığı və müvazinəti qoruyaraq vaxtı uzatmağa çalışıb. Bunu AZAL təyyarəsində uçanlar, yəqin ki, az hiss etməyiblər. Bununla bərabər hər kəs, yəqin ki, Aktau şəhərində pilotlarımızın sonsuzluq simvolunun manevr etdiyini görməmiş olmaz. Hətta bununla bağlı sosial şəbəkələrdə çoxlu paylaşımlar da oldu. Əslində isə o pilotlar sonsuzluq simvolunun manevrini etmirdi. Onlar son anda belə təyyarəyə hücum olduğunu xəbər verirdi. Həmin simvol hücuma məruz qalan pilotlar tərəfindən edilən manevrin simvoludur. Bunu, əlbəttə ki, ölümü gözə alan Azərbaycan pilotları edə bilərdi.

Gecikmiş etiraf nəyə işarədir?

Rusiya gecikmiş olsa da, baş vermiş hadisəni etiraf etdi. Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə, baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

Biz bu üç gün ərzində Rusiyanın təyyarənin düşmə səbəblərini və izləri itirmə istiqamətində məqsədyönlü fəaliyyətini də gördük. Nə baş verdi ki, təyyarəyə raket zərbələri endirildi? Niyə mülki təyyarəmiz Rusiya tərəfindən vuruldu? Əlbəttə ki, bu bilə-bilə edilməyib, amma və lakin ondan sonrakı hadisələr təyyarə vurulacaq qədər təhlükəli oldu.

Xatırlayırsınızsa, 44 günlük müharibənin son günlərində Rusiyanın döyüş vertolyotu heç bir işarə vermədən hərbi zonamıza daxil olduğu üçün vurulmuşdu. Amma bu qəza idi. Qəza nəticəsində belə şeylər olur. Prezident İlham Əliyev dərhal Rusiya Prezidentinə zəng edərək üzrxahlığını çatdırdı. Həmçinin araşdırmalar aparıldı, cinayət işi açılaraq kompensasiya ödənildi. Bəs onda Rusiya hansı səbəbə görə bizdən üzr istədi? Təyyarəni vurduğuna görə, yoxsa insanları bilə-bilə ölümə göndərdiyinə görə?

Bəli, biz də başa düşürük ki, Rusiya Azərbaycanın mülki təyyarəsini vurmaq istəməz. Lakin bu maddi və mənəvi ziyandan qaçınmağın yeganə yolu lazım olan şəraitin yaradılması və təyyarənin hava məkanına eniş etməsi idi. Etiraf yerinə isə məsələni ört-basdır etməyə daha meyilli olduqlarını gördük. Ay təyyarə quşlarla toqquşub, nə bilim qaz balonu partlayıb. Təyyarənin vəziyyəti, aparılan təhqiqatlar və şahidlərin ifadələri də göstərir ki, təyyarəyə raket hücumu olub. Rusiyanın bizə gecikmiş üzr etirafı o zaman öz səmimi təsdiqini tapar ki, o öz hava məkanında müştərək araşdırmaya icazə veməyə açıq ola. Amma Rusiya nə qədər bu araşdırmaya açıqdır… Onu zaman göstərəcək!

Fariz Əhmədov                                                          Naxçıvan Televiziyasının baş redaktoru

 

 

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM